Energetika məsələləri üzrə məşhur ekspert Aleksandros Petersen Əfqanıstanda öldürülüb. “The New York Times” qəzetinin verdiyi məlumata görə, Kabilin mərkəzində yerləşən restorana hücum zamanı 21 nəfər öldürülüb. Öldürülənlər arasında 13 əcnəbi vətəndaş, o cümlədən Azərbaycanın dostu, energetika sahəsində ekspert Aleksandros Petersen də olmuşdur. Hücum “Taliban” terrorçuları tərəfindən ilə təşkil edilib. Onlar restorana soxularaq, oradakı insanları güllələyiblər. Aleksandros Petersen Əfqanıstana Kabildəki Amerika Universitetində “Politologiya” fənnindən dərs demək məqsədi ilə gəlib.
Vudro Uilson adına elmi-tədqiqat mərkəzinin “Avropanın enerji təhlükəsizliyi təşəbbüsləri” proqramının böyük elmi məsləhətçisi kimi fəaliyyəti müddətində A.Petersen Azərbaycanın Qərb üçün, o cümlədən ABŞ üçün əhəmiyyəti haqqında amerika ictimaiyyətinin və siyasi dairələrin məlumatlandırılmasına böyük töhfə verib.
Keçən ilin noyabr ayında A.Petersen AzərTAc-ın qonağı olub. Ölkənin aparıcı informasiya agentliyinin Baş direktoru Aslan Aslanovla görüş zamanı AzərTAc ilə Vudro Uilson adına elmi-tədqiqat mərkəzi arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
AzərTAc