"Hafka” ləqəbli iş adamı Hafiz Məmmədov Azərbaycandan qaçıb.
Bu haqda azpolitika.info saytı xəbər yayıb. Xəbərdə bildirilir ki, Hafiz Məmmədov barəsində Nəsimi rayon məhkəməsi tərəfindən mayın 18-də həbs-qətimkan tədbiri seçilib. Ancaq Hafiz Məmmədovu həbs etmək mümkün olmayıb. Belə ki, bu qərarın verilməsindən 2 gün əvvəl – mayın 16-da "Hafka” ölkədən qaça bilib. Həbs ediləcəyindən əvvəlcədən xəbərdar olan Hafiz Məmmədovun Azərbaycandan necə və hansı ölkəyə qaçdığı məlum deyil.
Sayt yazır ki, Beynəlxalq Bankdan götürülən kreditlərin mənimsənilməsi ilə bağlı başlanmış cinayət işi çərçivəsində "Hafka”nın indiyədək həbsə alınmaması və ya onun istintaqa cəlb olunduğu barədə məlumatların olmaması təəccüb doğururdu. Çünki Beynəlxalq Bankdan çox böyük həcmdə kredit götürüb qaytarmayanlardan biri də məhz Hafiz Məmmədovdur. Banka bir neçə 100 milyon manat borcu olan "Hafka”, aldığı krediti qaytarmadığına görə Beynəlxalq Bank tərəfindən hətta məhkəməyə də verilib.
Xatırladaq ki, Hafiz Məmmədov Beynəlxalq Bankdan 100 milyonlarla manat krediti 2008-ci ildə yaratdığı "Baghlan Group” holdinqin adına götürüb. Ancaq bir müddət sonra – konkret olaraq 2013-cü ilin ortalarında, həmin dövrə qədər ən gəlirli şirkətlərdən biri hesab olunan "Baghlan Group” holdinqin maliyyə vəziyyətinin ağırlaşdığına dair məlumatlar yayılmağa başladı. Hətta 2013-cü ilin sonlarına yaxın şirkətin banklara olan külli miqdarda borcunu ödəyə bilmədiyini əsas göstərən reytinq agentliyi "Baghlan Group” holdinqin kredit reytinqini aşağı saldı. Sonradan isə ümumiyyətlə, şirkətə verdiyi reytinqi geri çağırdı və onun iflas ərəfəsində olduğunu bəyan etdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !