Metanol zavodu SOCAR-ın mülkiyyətinə keçib

20:00 | 08.09.2017
Metanol zavodu SOCAR-ın mülkiyyətinə keçib

Metanol zavodu SOCAR-ın mülkiyyətinə keçib

"SOCAR Methanol” MMC yaxın gələcəkdə "Made in Azerbaijan” markası ilə yeni məhsulların istehsalını planlaşdırır.

Metanol zavodu 2016-cı ilin noyabr ayından etibarən SOCAR-ın idarəçiliyi altında onun törəmə şirkəti olan "SOCAR Methanol” MMC tərəfindən idarə olunur. Bu ilin avqust ayından etibarən isə zavod SOCAR-ın mülkiyyətinə keçib.

"Report” xəbər verir ki, bunu "SOCAR Methanol” MMC-nin baş direktorunun müavini Tural Baxşıyev AZƏRTAC-a müsahibəsində bildirib.

T. Baxşıyev bu il zavodda 250 min ton metanol istehsalının planlaşdırıldığını və artıq nəzərdə tutulan illik istehsal hədəfinin 75%-nin yerinə yetirildiyini qeyd edib:

"Metanol zavodunda istehsal olunan məhsulun ixrac olunduğu ölkələr arasında Türkiyə, bir sıra Qərbi Avropa və Aralıq dənizi hövzəsi ölkələri üstünlük təşkil edir. Məhsulun ixracı ilə əsasən SOCAR-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi məşğul olur. Metanol zavodunun maksimal illik istehsal gücü 650-700 min tondur. Yaxın gələcəkdə illik istehsalın 500 min tona çatdırılması bizim strateji hədəfimizdir”.

Onun sözlərinə görə, hazırda zavodda 350-dən çox Azərbaycan vətəndaşı daimi işlə təmin olunub, işçilərin orta yaş həddi 36 yaş təşkil edir.

O qeyd edib ki, "SOCAR Methanol” MMC "SOCAR” brendi altında "Made in Azerbaijan” markası ilə son istifadəçilər üçün nəzərdə tutulmuş yeni məhsulların yaxın gələcəkdə buraxılması üzərində tədqiqat işləri aparır. Onun sözlərinə görə, MMC istehsalın təkmilləşdirilməsi məqsədilə Azərbaycanın bir neçə elmi təşkilatı ilə - Azərbaycan Milli Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutu, Beynəlxalq Ekoenerji Akademiyası, eləcə də digər elmi müəssisələr və araşdırma mərkəzləri ilə elmi-istehsal yöndə əməkdaşlığa başlayıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM