""BakıKart"ın balansına 1 manat yüklədim, 1 dəfə istifadədən sonra balansda cəmi 20 qəpik qalmışdı.
Bu hal bir neçə dəfə təkrarlandı. Əvvəl yadımdan çıxdığını düşünürdüm, sonra daha çox diqqət etməyə başladım, həqiqətən də, karta yüklədiyim məbləğ silinirdi".
Əməkdaşlarımızdan birinin qarşılaşdığı bu məsələ çoxumuzun başına gəlib. Son vaxtlar bu cür şikayət edənlər də az deyil. Onlar əsas problemin aparatlarla bağlı olduğunu deyirlər. İddialara görə, aparatlar kartdan gediş haqqından daha artıq pul çıxır. Hər dəfə məsələ gündəmə gələndə rəsmi tərəf bunun mümkün olmadığını və kartların balansındakı məbləğin öz-özünə silinməsinin mümkün olmadığını dilə gətirir.
Lakin bu dəfə iddia fərqlidir. Belə ki, iddiaya görə kartın istifadə edilmədiyi halda balansının sıfırlanmasının səbəbi onun mobil telefon, kompüter, yeni nəsil televizorların yanına qoyulmasıdır. Bu cihazlar kartın balansındakı məbləği silir. Kartını daim mobil telefonla eyni qabda saxlayanların problemi daha çox yaşamaları məsələni aidiyyəti qurumla araşdırmağımıza səbəb oldu.
İnternet kiçik axtarışımızdan bəlli oldu ki, bu problemlə qarşılaşan və telefonla bağlı iddianı təsdiqləyənlər kifayət qədərdir. Əlbəttə, bu iddianın yanlış olduğunu düşünənlər də az deyil.
Milli.Az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev publika.az-a açıqlamasında kartın balansından öz-özünə pulun silinməsinin mümkün olmadığını deyib: "Telefon və digər cihazlarla yanaşı qoyulanda balansdan pul silinməsi ilə bağlı iddia kökündən məntiqsizdir. Yəni mümkün deyil. O ki qaldı kartın məbləğindən əlavə vəsaitin silinməsi iddiasına qeyd edim ki, "BakıKart" sistemi olduqca mükkəməl tərzdə qurulub. Gediş haqqı ödənilən zaman əlavə bir qəpik də olsun belə artıq vəsait silinə bilməz.
Kiminsə bununla bağlı iddiası varsa, buyurub bizə müraciət eləsin kartın üzərindəki seriya nömrəsi ilə araşdıraq. Tam məsuliyyətimlə bildirirəm ki, "BakıKart" ödəmə terminallarından "BakıKart" əldə etdiyiniz andan həmin kartla həyata keçirdiyiniz bütün əməliyyatlar ən kiçik detalınadək qeydə alınır. Əgər kimsə bunun əksini iddia edirsə, buyursun problem olan "BakıKart"ı təqdim etsin araşdırıb nəticəsini təqdim edək. Ola bilər ki, siz müraciət edən bu iddanın müəllifləri kartla ödəniş edərkən nəsə yanlışlığa yol verib. Bu, istisna deyil".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !