Metroda satılan kosmetika bizi necə öldürür? - ARAŞDIRMA

18:46 | 03.02.2014
Metroda satılan kosmetika bizi necə öldürür? - ARAŞDIRMA

Metroda satılan kosmetika bizi necə öldürür? - ARAŞDIRMA

Şəhərimizin köşklərində 2 manata fransız ətiri görəndə Fransa iqtisadiyyatı üçün narahat olmaya bilmirsən. Demək olar ki, hər mağazada "fransız" adı altında təqdim olunan ucuz Çin ətirləri, kosmetik vasitələri görürsən və onun nə dərəcə təhlükəli olduğunu düşünməyə bilmirsən. Əslində, bu kosmetik vasitələrin fəsadları dərhal biruzə vermədiyinə görə istehlakçılar onları almağa maraq göstərir. Düzdür, keyfiyyət bütün hallarda qiymətlə ölçülmür. Bəzən ucuz məhsul bahalıdan daha keyfiyyətli olur. Tərkibinə, xüsusiyyətinə, əks göstəricilərinə, istehsal yerinə və sairə məlumatlara diqqət yetirmədən məhsulu sadəcə qiyməti ucuzdur deyə almaq nə dərəcə düzgün ola bilər?ANN.Az keyfiyyətsiz kosmetik vasitələrin təhlükələri və törətdiyi fəsadlar haqqında ətraflı məlumat almaq üçün həkim-kosmetoloq Yeganə Kərimovaya müraciət edib:"Keyfiyyətsiz kosmetik vasitələrdən zərər görmüş insanlar bizə tez-tez müraciət edirlər. Bu adətən, 20-32 yaş qrupuna aid olur. Belə məhsullardan istifadə etdikdən sonra əksər hallarda üzdə ləkələr əmələ gəlir, səpmə halları baş verir. Bundan başqa, üz öz təravətini itirir. Keyfiyyətsiz vasitələrin nəticəsi olaraq dəri quruyur və bu da erkən qırışlara səbəb olur. Problemli dərini müalicə etmək mümkündür, lakin bu mütəmadi davam edən proseslə həyata keçirilir. Zədələnmiş dərinin yenilənməsi üçün ən azı 5-7 dəfə kosmetik prosedurlar aparılmalıdır. Xüsusilə, Çin istehsalı olan kremlər üzdə ləkələr yaradır. İnsanlar metro və keçidlərdə satılan kremlərdən çox istifadə edirlər. Ola bilər ki, bu kremlərin bəziləri keyfiyyətlidir, lakin istifadə qaydalarına düzgün riayət etmədikdə xoşagəlməz nəticələrlə qarşılaşmaq qorxusu var”.Sosial şəbəkələrin birində apardığımız sorğuya görə, respondentlərin 69 faizi ucuz kosmetik vasitələrə, 19 faizi bahalı vasitələrə müraciət etdiyini bildirib. Sorğuda iştirak edənlərin 12 faizi isə kosmetik vasitənin qiymətinə fikir vermədən aldığını bildirib. Bahalı kosmetik vasitələrə üstünlük verən Arzu Hüseynova ucuz vasitələrin onda allergiyaya səbəb olduğunu bildirib: “Mən ancaq bahalı kosmetik vasitələrdən istifadə edirəm. Ucuz kosmetikadan, hətta ucuz ətirlərdən istifadə edəndə məndə allergiya halları baş verir. Sonra bir neçə gün bunun əziyyətini çəkirəm. Ona görə də məcburam ki, ancaq bahalı kosmetika işlədəm”.Tələbə Nigar Quliyeva isə ucuz vasitələrə qiymətinə görə müraciət etdiyini bildirib: “Tələbə rəfiqələrimin çoxu qiymətinə görə ucuz kosmetikadan istifadə edir. Mən özüm də tələbəyəm.  Düzdür, hərdən eşidirəm ki, ucuz kosmetikalar insana zərər verir, xəstəlik yaradır, amma bahalı kosmetikaya da pul çatdırmaq olmur. Ona görə məcburam ki, ucuz olanı alım. Ucuz alanda da artıq keyfiyyətə baxmırıq. Bilirik ki, ucuzdur, vəssalam. Ucuz satılanların da hamısı Çin istehsalıdır. Ona görə də dörd-beş manatlıq kosmetikadan, ətirlərdən bahalı vasitənin keyfiyyətini gözləmirik”.Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov saxta məhsulların üzə çıxarılması yönündə aparılan monitorinqlərin az olduğunu və ictimaiyyətə açıqlanmadığını bildirib. ANN.Az-a açıqlamasında birlik sədri əmtəə bazarında külli miqdarda təhlükəli kosmetik vasitələrin üstünlük təşkil etdiyini deyib: "Bu məhsullar ən çox metro çıxışlarında, yeraltı keçidlərdə satılır. Bunlar dəri ilə təmasda olan mallar olduğu üçün dəri xəstəlikləri, dəri xərçəngi əmələ gətirər. Dodaq boyaları insanı hətta mədə-bağırsaq xəstəliklərinə düçar edə bilər. Alıcılar bilməlidirlər ki, qanuna görə, kosmetik vasitələrin üzərində istehsal müddəti, son istifadə tarixi qeyd olunmalıdır. Lakin əmtəə bazarında satılan kosmetik vasitələrin təxminən 90 faizində bu məlumatlar qeyd olunmur. Bu onu göstərir ki, bu kosmetik vasitələr ciddi yerlərdə istehsal olunmayıb. Azərbaycanda satılan kosmetik vasitələrin çoxu Çin, Hindistan, Dubay (BƏƏ), İran və Türkiyədən gətirilir. Bunlar Azərbaycan istehlakçılarının, alıcıların həyatına mənfi təsir göstərir. Çox təəssüflər olsun ki, hətta ən ciddi və bahalı brend mağazalarda belə saxta kosmetik məhsullara rast gəlmək olur. Buna görə də, istehlakçılar kosmetik vasitələr alan zaman bəzi məqamlara fikir verməlidir. İlk növbədə qablaşdırılmaya fikir vermək lazımdır. Kosmetik vasitələr çox vaxt sellofan qablaşdırılma ilə istehsal olunur. Bu sellofanın yapışdırılma yerinə fikir vermək lazımdır. Saxta məhsullarda bu qablaşdırılmalar bəzi hallarda yandırılaraq bərkidilir. Diqqət edilməli olan başqa bir məqam məhsulun üzərində çap olunan məlumatlardır. Saxta məhsulların poliqrafiyasında mütləq səhvlər olur".Eyyub Hüseynov qeyd edib ki, hər hansı bir brend məhsul bazara daxil olduqdan 10 gün sonra onun saxta versiyası ilə üzləşir: "Çində saxta məhsulları çox asanlıqla hazırladıb Azərbaycana gətirmək olur. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna görə, istehlakçının hüququ var ki, məhsulun bütün sənədlərini, o cümlədən onun gigiyenik sertifikatını, mənşə və uyğunluq sertifikatlarını tələb etsin. İstehlakçılar bu hüquqlarından istifadə etsinlər. İstehlakçılar bilməlidirlər ki, kosmetik məhsullar Nazirlər Kabinetinin qərarı ilə geri qaytarılmayan mallar siyahısındadır. Kosmetik vasitələri aldıqdan sonra onu geri qaytarmaq mümkün deyil. Düşünürəm ki, ölkədə mükəmməl istehlakçı siyasəti olarsa, istehlakçıların hüquqları mükəmməl qorunarsa, müstəqil ekspertizalar olarsa, belə mənfi halların qarşısını almaq asanlaşar”.Cəmilə İbrahimovaANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM