Bu barədə azvision.az-a açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Bildirib ki, metronun müəyyən stansiyalarında məhdud sayda yerlərdə təxirəsalınmaz hallarda ehtiyacları ödəmək üçün apteklər şəbəkəsinin, su, kofe və s. xidmətləri yerinə yetirən çoxfunksiyalı aparatların, kitab evi şəbəkəsi və gül salonu şəbəkəsinin nüfuzlu nümayəndələrinin fəaliyyət göstərməsi üçün şərait yaradılması planlaşdırılır.
N.Paşayev bidlrib ki, keçidlərin divarlarını zədələmək hesabına quraşdırılmış qeyri-standart, müxtəlif ölçülü köşklər ümumi görünüşü korlamaqla yanaşı, təhlükəsiz giriş-çıxışa, fövqəladə hallarda insanların təxliyəsinə, avadanlıqların daşınmasına açıq-aşkar maneə törətdiyindən respublikamızda bir çox beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində arzuolunmaz hal idi:
"Müxtəlif kütləvi informasiya vasitələrinin əhali arasında keçirdiyi sorğuya əsasən onların demək olar ki, hamısı metropoliten ərazisindən ticarətin yığışdırılmasını müsbət addım kimi qiymətləndirmiş, hazırda metropolitendə havalandırmanın yüksək səviyyədə olduğunu, metro nəqliyyatından və keçidlərdən istifadənin çox rahat olduğunu və görünüşün xüsusi zövq verdiyini bildiriblər. Ona görə də birmənalı olaraq qeyd edilməlidir ki, metro ərazisində bu cür obyektlərin mövcudluğuna tamamilə son qoyulub. Hazırda göstərilən addımın davamı olaraq bu sahədə əhalinin də bəyəndiyi və fikirlərində müsbət qiymətləndirdiyi bir sıra tədbirlər icra edilməyə başlanılmaqdadır. Belə ki, metronun müəyyən stansiyalarında, özü də arxitektur quruluşla vəhdət təşkil etməklə, inşa və təmir-bərpa işləri zamanı əvvəlcədən nəzərə alınmaqla metropolitenin özü tərəfindən xüsusi ayrılmış və hazır vəziyyətə gətirilmiş məhdud sayda yerlərdə təxirəsalınmaz hallarda ehtiyacları ödəmək üçün apteklər şəbəkəsinin, su, kofe və sair xidmətləri yerinə yetirən çoxfunksiyalı aparatların, maarifləndirmə xarakterli və insanların ədəbiyyata olan marağının artırılması məqsədilə kitab evi şəbəkəsinin, o cümlədən estetik baxımdan və xoş təravəti ilə zövqləri oxşayacaq gül salonu şəbəkəsinin nüfuzlu nümayəndələrinin fəaliyyət göstərməsi üçün şərait yaradılması planlaşdırılıb”.
Nəsimi Paşayev onu da qeyd edib ki, həmin yerlər elə müəyyənləşdirilir ki, onlar heç bir şəkildə metro stansiyasının hər hansı bir qurğusundan fərqlənməməklə hərəkət axınından tam olaraq kənarda yerləşir və sərnişinlərin bu yerlərdə rahat və sərbəst hərəkəti təmin ediləcək.
Metropoliten rəsmisi stansiyalarda reklam lövhələrinin bərpa olunacağını da əlavə etdi. Onun sözlərinə görə, dünya metropolitenlərində olduğu kimi Bakı Metropolitenində də reklam fəaliyyətinin bərpa edilməsi mümkündür. Bunun üçün seçiləcək reklam vasitələri müasir, sərnişinlərin zövqünə oxşayan, onları rahatsız etməyəcək, yeni texnologiyalardan istifadə etməklə olacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !