Metrodan xoş xəbər - Fotolar

12:36 | 02.03.2015
Metrodan xoş xəbər - Fotolar

Metrodan xoş xəbər - Fotolar

Bakı Metropoliteninin maddi-texniki bazasının yenilənməsi məqsədilə yerinə yetirilən işlər sırasında vaqon parkı müasirləşir.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, istismar tələblərinə uyğun olaraq, metropolitendə vaqonların əsaslı təmir olunmaqla bərabər modernləşdirilməsi də təşkil edilir.

"Vaqonların modernləşdirilməsi həm də zamanın tələbidir. Bu tədbirlərlə qatar parkı yeni texnoloji səviyyəyə yüksəldilir. Nəinki metropolitenin yeganə elektrik deposunda müvafiq şərait, ümumiyyətlə, respublikamızda elektrik qatarlarının əsaslı təmiri üçün uyğun müəssisə olmadığından bu tədbirlər yalnız ölkə xaricində yerinə yetirilir. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi sıx əlaqələr qurulmuş Moskva elektrik qatarlarının təmiri zavodunun Tbilisi filialı ilə bu sahədə əməkdaşlıq edir. "Dərnəgül" elektrik deposu mövcud iki xəttin əsaslı təmir deposu olacaq və onun layihələndirilməsində əsaslı təmirin tələblərinə uyğun texnoloji prosesin təşkili nəzərdə tutulub", - deyə Nəsimi Paşayev bildirib.

Qeyd edək ki, Tbilisidə əsaslı təmir edilməklə, modernləşdirilmiş 4 qatar Bakı metrosunda inamla şütüyür. Onlardan ikisi 2014-cü ildə - biri (Leninqrad Yeqorov adına zavodun 19888-ci ildə istehsal etdiyi 81-714.5 tipli baş vaqon nömrəsi 8847-8861 olan qatar) iyul ayında, digəri isə («Metrovaqonmaş»ın 1989-cu ildə buraxdığı 81-717/81-714 tipli baş vaqon nömrəsi 0178-0179 olan qatar) noyabrda yeniləşmiş siması ilə sərnişinlərə xidmət göstərməyə başlayıb.

Nəsimi Paşayevin sözlərinə görə, bu günlərdə daha bir qatar Gürcüstan paytaxtında iki ay ərzində büsbütün təzələnərək, "Nərimanov" elektrik deposuna gətirilib. "Metrovaqonmaş"ın 1992-ci il istehsallı baş vaqon nömrəsi 0288-0289 olan qatar son sazlama, yoxlama və sınaq işlərindən sonra fevralın 16-da tam müasirləşmiş görkəmi ilə xəttə çıxarılıb.

"Həm bu, həm də ötən il əsaslı təmir edilərək zahiri görünüşü və tərtibatı ilə fərqlənən qatarların xəttə buraxılması sərnişinlərin hiss edəcəyi ilk yeniliklərdəndir. Dekabr ayında gətirilmiş qatarlar isə, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun təklifinə əsasən, açıq çalarlı boyalarla rənglənib. Açıq boz, süd rənginə uyğun hər vaqonun üzərində metropolitenin yeni loqotipi maraqlı dizaynda həkk olunub. Ən əsası, bu vaqonlar ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının emblemini də əks etdirilib. Eyni zamanda, ictimai-mədəni hadisəyə metropolitenin verdiyi dəstəyi, yarışların önəmini bir daha vurğulayır və təbliğatın bir parçasına çevrilir", - deyə N.Paşayev vurğulayıb.

Stansiyaya daxil olan yeniləşmiş qatarda sərnişinin ilk diqqətini onun ön tərəfi çəkir. Baş vaqonun xarici görkəmi əvvəlkindən tamamilə fərqlidir. Bu aşkar dəyişikliklərdən maşinist kabinəsinin alın hissəsindəki müasir cizgili elektron yazısını, yan güzgüləri qeyd etmək olar. Güzgülər avtomatik idarə olunmaqla maşinistin istəyinə uyğun tənzimlənir, həm də onun iri həcmi platforma boyunca qatarın, xüsusən də qapıların daha rahat və aydın izlənilməsini təmin edir.

Maşinist kabinəsindəki yeniliklərdən söz açarkən, diqqəti ilk olaraq özünə çəkənlər sırasında yumşaq və rahat kreslonu, tam fərqli idarəetmə lövhəsini vurğulamaq lazımdır. Köhnə təmas idarəetmə sisteminin elektron analoqu ilə əvəzlənməsi maşinistin işini asanlaşdırmaqla yanaşı, ehtimal olunan problemləri mümkün qədər azaldıb. Yeni sistemlə relelər, bloklar daha yığcam elektron sxemlərlə əvəzlənib.

"Şevrole" ("Chevrolet") zavodunda istehsal olunmuş və daxili qoruyucu təbəqə sayəsində həm isti, həm də soyuq hava şəraitinə asanlıqla uyğunlaşan ikiqat ön şüşələr etibarlı və təhlükəsizdir.
Vaqondakı sərnişinlərin stansiyada dayanmış qatarın uğultuya bənzər kiçik səs-küydən qurtulduğunu da hiss edirlər – bu vaqon mühərrikində tətbiq edilmiş yeniliklərin kiçik bir nümunəsidir.

Modernləşmiş qatarlarda tətbiq edilən texniki innovasiyaların məhsullarından vaqon salonunu işıqlandıraraq, akkumulyator batareyalarını doldurmaq üçün nəzərdə tutulmuş Almaniya istehsalı olan akkumulyator batareyaları və qidalanma bloku mayesiz, az həcmli, amma daha məhsuldar xüsusiyyətlərə malikdir.

Bundan savayı, tezaçılan İsveçrə açarları qatarın tam fərqli texniki eraya qədəm qoymasının təzahürüdür. Onlar daha funksional, etibarlı və az qulluq tələb edəndir. Bununla qatarların dartı dövrəsinin qısaqapanmadan qorunmasının keyfiyyətinə təminat yaranıb.

Qatarların silindrləri də modernləşdirilib, asılqanında köhnə separator sistemi diyircəkli yastıqlarla əvəzlənib və buna görə də qapılar daha etibarlı, davamlı və etibarlı olub. Əvvəlki dövrdə modernləşdirilmiş vaqonlardan fərqli olaraq, ötən il yeniləşdirilmiş qatarlarda həm də onların vintli sotor-kompressoru da yeni nəsil analoqu ilə əvəzlənib. Xidməti asan olmaqla, onun ən üstün cəhəti məhsuldarlığında və səssizliyindədir. Hava magistralı ilə kanallarına nəzarət edən bu avadanlığın əsas vəzifəsi əyləc, bəzi elektrik sistemləri və xüsusən də qapıların hava balonlarınının doldurulmasını təmin etməkdir.

Əlbəttə, norma və qaydalara uyğun olaraq, əsaslı təmir çərçivəsində bütün elektrik sistemi, xüsusən də alçaq və yüksək gərginlikli naqillər tam dəyişdirilib, rənglənmə zamanı paslanmaya qarşı olan boyaq maddələrindən istifadə edilib, korroziya təhlükəsi olan sahələrdə əsaslı işlər görülüb. Vaqonaltı avadanlıqlar əsaslı təmir olunub, elektrik, mexaniki və pnevmatik hissələr, arabacıq tam defektoskopiya müayinəsindən keçirilib.

Söz yox ki, yeni nəsil texnologiyalarının tətbiqi qatarların istismarını, qulluğunu, cari təmirini həm xeyli asanlaşdırıb, həm də bu prosesləri sadələşdirib. Nəticədə, qatar parkının əsaslı şəkildə yenilənməsi ilə yanaşı iş şəraitinin, əməyin mühaifzəsinin və təhlükəsizlik texnikasının ən yüksək səviyyədə təminatına şərait yaranıb.

Modernləşdirilməklə əsaslı təmir edilmiş qatarların xətlərdə özünü tam doğrultmasını nəzərə alaraq, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi bu prosesi davam etdirmək qərarını verib. Cəmiyyətin sədri Zaur Hüseynovun əmrinə əsasən, baş vaqonları (8857-8858 nömrəli) 1988-ci, aralıq vaqonları isə (0555-0556-0557 nömrəli) 1989-cu ilin istehsalı olan qatar da Tbilisi Elektrik Qatarlarının Təmiri Zavodunda əsaslı təmir edilərək, modernləşdiriləcək. Hazırda "Nərimanov" elektrik deposunda qatarın yola salınması üçün müvafiq hazırlıq işlərinə başlanılıb.

ANN.Az
 





0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM