Metronun iki stansiyasında təmir işlərinə başlanıldı

18:14 | 04.12.2014
Metronun iki stansiyasında təmir işlərinə başlanıldı

Metronun iki stansiyasında təmir işlərinə başlanıldı

 "Bakı Metropoliteni” QSC metronun "Nəriman Nərimanov” və "Gənclik” stansiyalarında təmir işlərinə başlayıb.

ANN.Az "APA-Economics”ə istinadən xəbər verir ki, bu haqda məlumatı "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, artıq metronun "Nəriman Nərimanov” və "Gənclik” stansiyalarında təmirə başlanılıb: "Təmir zamanı keçidlər, üst vestibüllərdə divar üzlükləri, döşəmə daşları dəyişdiriləcək. Artıq "Gənclik”də divar üzlükləri sökülüb. "Nərimanov” stansiyasında da artıq hörgü işləri gedir”.

N. Paşayev deyib ki, orada elektrik və rabitə xətləri də var: "Ümumilikdə bütün kommunikasiya xətləri də dəyişdiriləcək və xüsusi yuvalara salınacaq. Təmir zamanı daha keyfiyyətli və müasir dizaynlı materiallardan istifadə olunacaq”.

O qeyd edib ki, burada çoxdan qoyulma üzlüklər idi: "Bu keçidlər ticarət köşkləri olan zamanı xeyli zərər görmüşdü. Bu səbəbdən də aparılan təmir işləri planlaşdırılmış təmirdir. Buna, həm də Avropa oyunlarına hazırlıq da deyə bilərik. Təmir işləri bu iki stansiya ilə bitməyəcək. Ehtiyac olan digər stansiyalarda da mərhələli şəkildə təmir aparılacaq”.

Metropoliten rəsmisi deyir ki, aparılan təmir işləri sərnişinlər üçün narahatlıq yaratsa da, giriş-çıxışlar açıq qalacaq. Qeyd edək ki, təmir işləri bir neçə ay çəkəcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür