Metropolitenin 3 xidmətçili əlil şousu - VİDEO

14:44 | 23.04.2019
Metropolitenin 3 xidmətçili əlil şousu - VİDEO

Metropolitenin 3 xidmətçili əlil şousu - VİDEO

"Bakı Metropoliteni” əlillərin metrodan istifadə imkanlarını "rahatlaşdırmaq”dan ötrü yeni layihəyə başlayıb. Bunun üçün hətta işçi qrupu yaradılıb və guya onlara dünya praktikasında əlillərin metroya necə endirilməsinin qaydaları öyrədiləcək. Lakin bəribaşdan qeyd edək ki, stansiyalarda hər hansı konstruksiyanın quraşdırılması nəzərdə tutulmayıb.

Diqqətlə oxuyun! Dünya təcrübəsi və konstruksiyasız əlillərin metrodan istifadəsinin təşkil edilməsi. Qurum hətta bununla bağlı videoçarx da yayımlayıb. Həmin video ötən gün qarşıma çıxdı. Çoxsaylı istifadəçi paylaşıb, qurumu tənqid atəşinə tutmuşdu. Mən bu videoçarxı bir az sərt olsa da, "Metropolitenin 3 xidmətçili əlil şousu” adlandırıram. Videonu izləsəz, siz də haqq verərsiniz. Odur ki, fikirlərimi oxumazdan əvvəl sözügedən videoçarxı sizin üçün paylaşıram.


Harda görülüb ki, əlil sərnişin üçün metropolitenin 3 əməkdaşı xidməti vəzifə yerini tərk edib, onu qarşılamağa getsin?! Yaxud həmin şəxsi gedəcəyi stansiyaya qədər müşayiət etsin?! Belə biabırçılıq olarmı? Belə çıxır ki, stansiyaya eyni anda sağlamlıq imkanları məhdud 10 sərnişin gəlsə, metropoliten onlar üçün 30 nəfər göndərməlidir?! Gülməli yox, ağlamalı vəziyyətdir. 

Videoçarxın əvvəlində qeyd olunur ki, artıq əlillər də metrodan rahatlıqla istifadə edə biləcək və dərhal 3 nəfərin həmin şəxsi dövrəyə aldığını görürük. Bu, şərait yaratmaqdımı?! Əlillər üçün şəraitin yaradılması onun heç kəsin köməyinə möhtac olmadan, sərbəst hərəkət etməsi deməkdir və dünya praktikasında da bunun kifayət qədər nümunəsi var. 

"Youtube”da kiçik axtarış etmək kifayətdir ki, bununla bağlı onlarla videoçarx qarşınıza çıxsın. Görəsən, "Bakı Metropoliteni” belə bir şey hazırlayanda niyə bunlardan birini izləməyib?! Yox, əgər, "Avropa bizdən çox qabaqdadı, biz hələ o səviyyəyə çatmamışıq, onlarda olan texnika bizdə olmadığı üçün hələlik xidməti bu şəkildə təşkil edəcəyik”, deyirlərsə, etməsələr daha yaxşıdı.

Metropolitendə əlillər üçün şərait ilk növbədə stansiyaya düşmək üçün lift sisteminin quraşdırılmasından başlamalıdır. Görək, bizim stansiyalarda aparılan yenidənqurma işlərdən sonra belə bir şərait yaradılıbmı, yaxud yeni tikilən stansiyalarda varmı? Bizdə heç pilləkənlərin kənarında belə əlil arabaları üçün yol yoxdu, qaldı digər şeylər. 

İslahatlar köklü və düşünülmüş şəkildə aparılmadıqca, "Metropoliten” özünü hələ çox biabır edəcək. Etiraf edək ki, Bakı metrosunun basabasında fiziki cəhətdən sağlam olan sərnişin özünə güclə yer tapır, o ki qaldı əlil sərnişin. Bu səbəbdən məsələnin tonikasına, yəni problemin başlanğıc nöqtəsinə nəzər salmaq lazımdır. Metroda və marşrut avtobuslarındakı sıxlığın səbəbi araşdırılmalı, həll yolları tapılmalıdır. Əgər bunun səbəbi böyük müəssisələrin şəhər mərkəzində olmasıdırsa, onlar şəhərətrafına köçürülsün. 

Yoxsa, belə ucuz şou ilə "əlillər üçün şərait yaratmışıq" deyilməsi bir tərəfdən gülünc, digər yandan isə milyonlarla insanı, ən ağrılısı da fiziki məhdudiyyətli insanları axmaq yerinə qoymaqdır.

Sonda dünyanın başqa ölkələrində metroda əlillərə xidməti əks etdirən videonu təqdim edirik. Bəlkə "Bakı Metropoliteni” baxıb, öyrənə...

Çingiz Səfərli



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM