Mövsümlə əlaqədar ölkə ərazisində bir neçə gün əvvəl müşahidə olunan sərt, şaxtalı hava kənd təsərrüfatı məhsullarına da öz mənfi təsirini göstərdi. Bu şəraitdə bazarda yerli məhsulların həcmi azalır. Lakin ekspertlər bu halda belə yerli məhsulların qiymətində kəskin artımın gözlənilmədiyini bildirirlər.Movqe.az xəbər verir ki, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov açıqlamasında qiymət artımının indi deyil, Novruz bayramı ərəfəsində müşahidə olunacağını bildirib:“Bazarda indiki vəziyyət demək olar ki, ardıcıl şəkildə davam edir. Yəni, birinci dəfə deyil ki, məhsul qıt olur, yaxud da istehsal etdiyimiz məhsulu saxlamaqda problemlərlə üzləşirik. Burada məsələ yalnız sahibkarların fərdi qaydada öz məhsullarını saxlamaqla bağlı problem deyil. Həm də soyuducu anbarlarda saxlanılan məhsulların da bir qismi xarab olur. Orada müəyyən temperatur rejimi yaratmaq lazımdır ki, bizim soyuducu kameralarda kifayət qədər bacarıqlı mütəxəssislərin sayı az olduğundan, bu, təmin oluna bilmir. Bunun da nəticəsində biz görürük ki, məhsulun bir qismi istehsal, bir qismi daşınma, bir qismi satış, bir qismi isə saxlama zamanı xarab olur. Bütün bunlar zəncirvari formada məhsul istehsalından tutmuş onun satışına, emalına qədər prosesdə baş verir. Bu, bizim həm fermerlərimizin, həm də bu işə məsul olan sahibkarlarımızın öz işinin öhdəsindən lazımi şəkildə gələ bilmədiyindən xəbər verir. Təəssüflər olsun ki, bu, xeyli miqdarda itkiyə yol verir. Bu itki ümumiyyətlə, əvvəllər də olduğu üçün bazarda kəskin qiymət artımı özünü göstərməyəcək”. V.Məhərrəmovun sözlərinə görə, bazarda qiymət artımı daha çox bayram ərəfəsində baş verəcək.“Ona görə ki, bizim istehlakçılar çalışırlar ki, daha çox bayram ərəfəsində bazarlıq etsinlər. Bayram süfrəsini bol etmək üçün. Belə olan halda idxala məsul olan sahibkarlar da bunu izləyirlər. Onlar həm ölkə daxilində istehsal olunan məhsulun topdansatışı ilə, həm də idxal olunan məhsulun satışı ilə məşğul olduqlarından yaranmış vəziyyətən çox məharətlə istifadə edirlər. Yəni, düşünürəm ki, bizdə qiymət artımı Novruz bayramı ərəfəsində müşahidə ediləcək”. Ekspert Nizami Qarayev isə cüzi şəkildə qiymət artımının gözlənildiyini bildirsə də, bunun meyvə mövsümünün sonu olması ilə bağlı olduğunu bildirib:“Düzdür, şaxtalar adi şəkildə saxlanılan məhsullara müəyyən qədər ziyan vurub. Amma müasir anbarlarda saxlanan kifayət qədər məhsullar da var. Həm də anbarlardakı məhsulların heç də hamısı sıradan çıxmayıb. Ona görə də, məhsulun qiymətinin kəskin qalxması gözlənilmir. Amma mövsümün sonu yaxınlaşdıqca meyvənin miqdarıının azalması prosesi gedir ki, bu halda qiymətlərdə cüzi artım müşahidə oluna bilər. Bununla belə qiymətin kəskin qalxması gözlənilmir. Cüzi də olsa, müşahidə olunacaq artım təbiidir. Çünki, yeni məhsul istehsalına yaxın köhnə meyvə azaldığından, təbii olaraq da qiymət qalxır”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !