Məzahir Pənahov TDT nümayəndə heyəti ilə görüşüb

20:23 | 29.08.2024
Məzahir Pənahov TDT nümayəndə heyəti ilə görüşüb

Məzahir Pənahov TDT nümayəndə heyəti ilə görüşüb

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov avqustun 29-da Milli Məclisə qarşıdan gələn seçkiləri izləmək üçün Azərbaycanda səfərdə olan Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Ömer Kocamanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.

Məzahir Pənahov görüşdən və Türk Dövlətləri Təşkilatının qarşıdan gələn seçkilərdə müşahidəçilik missiyası həyata keçirməyindən məmnunluğunu ifadə edib. O, Milli Məclisə seçkilərin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcəyini, bütün seçki iştirakçılarına hərtərəfli şərait və geniş imkanlar təmin olunduğunu bildirib.
 
MSK sədri qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi xüsusi diqqət mərkəzində saxlanılıb, həmin ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.

Ömər Kocaman MSK-dakı səmimi görüşə görə nümayəndə heyəti adından təşəkkürünü bildirib, Milli Məclisə seçkilərin müşahidəsində iştirak etməkdən şad olduqlarını deyib və prosesləri fəal şəkildə müşahidə edəcəklərini vurğulayıb. Beynəlxalq müşahidəçilər, həmçinin Milli Məclisə seçkilərə hazırlıq istiqamətində görülmüş işlərlə maraqlanıblar.

MSK sədri seçkilərin geniş aşkarlıq mühitində azad və ədalətli keçirilməsi məqsədilə gerçəkləşdirilən irimiqyaslı layihələr barədə məlumat verib. Məzahir Pənahov bildirib ki, Milli Məclisə seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb. O, eyni zamanda diqqətə çatdırıb ki, seçkilərin müşahidəsinə 600-dən artıq beynəlxalq və 112 mindən artıq yerli müşahidəçi qoşulub, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü proseslərini heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb. Komissiya sədri ölkədəki siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının seçkilərin müşahidəsində xüsusilə fəallıq göstərdiyini və çoxsaylı müşahidəçiləri ilə proseslərin müşahidəsinə qatıldıqlarını vurğulayıb.

Ətraflı məlumat üçün minnətdarlığını bildirən nümayəndə heyətinin üzvləri qarşıdan gələn seçkilərdə MSK-ya müvəffəqiyyətlər arzulayıb, seçkilərin xalq üçün xeyirli və uğurlu olmasını diləyiblər.

Görüş çərçivəsində həmçinin seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM