"Onların hər ikisi yüksək dəbdəbə və qlamur dünyasının sakinləridir, ancaq Frensis Skot Fitzceraldın klassik romanı və populyar televiziya realiti şousu bizə ulduz mədəniyyəti (celebrity culture) və Amerika sinfi sistemi haqqında nəsə deyir".
"BBC"də məşhur amerikalı yazıçı F. Skot Fitzceraldın "Möhtəşəm Getsbi" romanının qəhrəmanlarını müasir Amerika qlamurunun əsas simaları sayılan Kardaşyan ailəsinin üzvləriylə müqayisə edən maraqlı bir məqalə yayımlanıb. "Möhtəşəm Getsbi" romanı Azərbaycanda kifayət qədər məşhur olmasa da (dünyanın ən şedevr ədəbi nümunələrindən sayılan bu əsər yalnız indilərdə, təzəlikcə "Qanun" nəşriyyatı tərəfindən Azərbaycan dilinə tərcümə edilərək, nəşr edilib. Əsəri Bakının kitab mağazalarında əldə etmək mümkündür), Kardaşyanlar ailəsini, xüsusilə Kim Kardaşyanı tanıyan çoxdur. Yerli internet saytlarında erməni əsilli bu qızı "porno ulduz" kimi təqdim etməyi sevirlər. Nəyə görə populyar olduqları, mövcudluqlarının arxasında nəyin gizləndiyi məlum olmayan Kardaşyan ailəsi daima dünya mətbuatının gündəmindədir, onların hər bir hərəkəti, hər bir qalmaqalı dərhal mediada öz əksini tapır. Bəs əslində, müasir Amerikan qlamurunun əsas simaları sayılan Kardaşyanlar kimlərdir və onlar nə istəyirlər kimi suallara bu məqalədə cavab tapmaq olar... (-Tər)
Rejissor Baz Luhrmanın "Möhtəşəm Getsbi" romanı əsasında çəkdiyi yeni filmin təqdimat mərasimində aktrisa Karey Mulliqan "Vogue" jurnalına açıqlamasında dedi ki, filmdə canlandırdığı Deyzi Buçanan obrazı "Kardaşyana oxşayır”. Populyar Amerika realiti şousu "Keeping Up With The Kardashians"dakı ailəyə işarə edən Mulliqan fikirlərini belə izah etdi: "Deyzi sanki öz həyatından bəhs edən filmdə yaşayır. O, daima şoudadır, daima rol ifa edir. Röyalarda heç vaxt pis şey baş verə bilməz. Röyanda ölə bilməzsən. O, özünün TV şousundadır".
Bu şərh diqqətləri özünə cəlb elədi və Mulliqan sonradan "Kardaşyana oxşayır" deyəndə nəyi nəzərdə tutduğuna aydınlıq gətirməli oldu: "Deyzi daima əla görünməyə məcburdur, bu, onun "işinin" bir hissəsidir".
Bu interpritasiyanın filmdəki Deyzi obrazına və ya Luhrmanın ekran əsərinin geniş vizyonuna nə qədər uyğun olduğunu demək mübahisəlidir. Düzdür, Fitzceraldın klassik romanındakı qəhrəmanla tanış olarkən, o, insana nəsə çox cəlbedici gəlir. Faktiki olaraq isə, bu, tamam əksinədir. Fitzcerald əsərində Deyzidən "bivec adam" kimi bəhs edir: bu, Deyzinin ən böyük qüsurudur.
Şərqi Egg dünyasının köhnə-pul dünyası (dədə-babadan qalma var-dövlət - tər) elə bir dünyadır ki, bunlar zəhmətsiz, sadəcə doğru sözləri deməklə əldə edilir və sən qayda-qanunlardan xəlvət yaşayırsan. Deyzi "tənbəl sinif"in nümayəndəsidir, eynilə belə: belə qadınlar adətən dekorativ olurlar, ancaq buna baxmayaraq, onların ifrat vulqarlığa qarşı da dərin şübhələri olur.
Deyzinin belə bir "işi" yoxdur – bu “iş” daha çox Cey Getsbiyə uyğundur. Deyzi nə ulduzdur, nə də hansısa rolu ifa edir, əslində Fitzcerald da romanın ilkin qaralamasında Deyzini qətiyyən film ulduzlarıyla yaxından-uzaqdan əlaqəsi olmayan biri kimi təsvir edir. Qaralamanın bir bölümündə Getsbi Deyzinin saç düzümünü "möhtəşəmdir" deyərək tərifləyir və onu inandırmağa çalışır ki, saç ustasını öz partisindəki bir film ulduzuna məsləhət görsün: bu, onu "ölkədəki yeni moda saç düzümünün yaradıcısı kimi məşhurlaşdıracaq". Deyzi isə cavab verir: "Sən fikirləşirsən ki, mən ətrafımda eynilə mənimki kimi saç düzümü olan adam görməkdən məmnun olardım? Bu, mənim bütün əhvalımı korlayardı". Deyzi öz statusuna qayğıyla yanaşır, bu, onun əlindən gələn yeganə şeydir və kimsə onu Kardaşyana oxşatsaydı, o bundan dəhşətə gələrdi.
Şəhvət və dayazlıq
Romanda iki obraz var ki, onlar müqayisə olunmağa layiqdirlər. Bunlardan birincisi, Mirtl Uilsondur. O, Tom Buçananın məşuqəsidir. Mirtl Deyzinin həyatdakı mövqeyinə can atır. Azca dolubədənli bu qadın 35 yaşlarındadır, Fitzcerald ondan belə bəhs edir: "Ancaq o, artıq çəkisini bəzi qadınların bacardığı kimi həssaslıqla daşıyırdı". O gözəl deyil, "ancaq onda dərhal nəzərə çarpan elə bir şuxluq var ki, sanki bədəninin hər bir hüceyrəsi dayanmadan "gəl-gəl" deyir". "Mirtl krem rəngli gözəl günorta paltarı geyinib, otaqda gəzdikcə, paltar yerdə sürünür və xışıldayır", ancaq o, nümayişkaranə şəkildə narazılığını bildirir: "Bu, sadəcə köhnəlmiş bir şeydi, arada necə görünməyim vecimə olmayanda, mən eləcə bu paltarda yatıram".
O qayğısız görünməkdən ötrü çox çalışır, ancaq daima özünü ələ verir. Öz mənzilində təşkil etdiyi mənasız bir partidə əzilib-büzüldükcə, aşağı təbəqədən olanlara xas şəkildə qaşlarını nifrətlə yuxarı qaldırıb özünü zərif və zövqlü qadın kimi göstərmək istəyəndə, o getdikcə daha da azğınlaşır və öz vulqarlığını gözə soxur. Fitzcerald onun qonaq otağını belə təsvir edir: "Qonaq otağı qapıdan-qapıyadək onun üçün həddindən artıq yekı olan qobelen üzlüklü mebellə elə doldurulmuşdu ki, Versal parkındakı yelləncəklərdə yellənən gözəl xanımlar qrupunun yanına keçmək üçün bircə addım belə atmaq mümkün deyildi".
Zənginliyin siması olan bu göstərişli qumaşları "Burberry"nin lüks divan mebelinin 1925-ci ildəki ekvivalenti saymaq olar. Fitzcerald Mirtlın mütaliə etdiklərini göstərməklə də, onun necə bir qadın olduğunu oxuculara çatdırır: "Town Tattle" adlı qeybət jurnalı ("Tatler" və "Hello!" jurnalları arasında bir nəşr hesab etmək olar) və Simon Kolled Peterin bestseller kitabı (Bu kitabı da indiki dövrün bestselleri "Bozun 50 çaları" ilə müqayisə etmək olar). Mirtl həmişə can atdığı uğura və var-dövlətə sahib ola bilmir, beləliklə, onu uğursuz Kardaşyan adlandırmaq olar. Ancaq şəhvət, zövqsüzlük, var-dövlət hərisliyi, həyasızlıq, dayazlıq - bunlar Mirtla xarakterik xüsusiyyətlərdir, Deyziyə yox.
Lüks həyat
"Möhtəşəm Getsbi" romanında real Kardaşyan əslində Cey Getsbinin özüdür. Əsil-nəcabəti məlum olmayan bu şəxs özünü hamının maraq dairəsinə salmağa müvəffəq olur. Hamı onun kim olduğunu bilmək istəyir, ancaq onun mövcudluğunun arxasında heç nə yoxdur. O, romanın qeybət şəbəkəsinin mərkəzindəki qəhrəmandır, hamı gözlərini ona zilləyib, hamı ondan danışır. O, mal-dövlətini çox qısa vaxt ərzində qazanıb və arzuladığı şeyi əldə etmək üçün istənilən addımı atmağa hazırdır. Deyzi romanın sonunda onun sonradangörmə mədəniyyətinin necə mənfur olduğunu aşkarlayan kimi, dərhal Getsbidən uzaqlaşır - o, kəskin və qəddar şəkildə Kardaşyanlar dünyasını, şou-biznes, parıltılı dəbdəbə, yeni pullar və fasiləsiz özünü-təbliğ dünyasını rədd edir.
Əlbəttə, romandakı əsas ironiya iki dünya arasındakı fərqdən - Cey Getsbinin asanca qazandığı yeni pul dünyası - Qərbi Egglə, Deyzi Buçananın zəhmətsiz əldə etdiyi köhnə pul dünyası - Şərqi Egg arasındakı toqquşmadan ibarətdir. Getsbi bu iki dünya arasında körpü qurmaq istəyəndə məhv olur. Romanın 1974-cü ildə çəkilən və baş rolu Robert Redfordun ifa etdiyi film versiyasında Deyzi Getsbiyə deyir: "Varlı qızlar kasıb oğlanlarla evlənmirlər". Çox bəsit səbəbə görə romanda belə bir cümlə yoxdur, Deyzi Getsbiyə bu sözləri deyəndə, Getsbi artıq varlıydı. Buna görə də, belə bir cümlə işlətmək səfehlik olardı. Getsbi kasıb deyildi, Deyzi heç də buna görə ondan imtina etməmişdi. Problem pulda yox, təbəqə fərqindəydi, Getsbi bunu satın ala bilməzdi.
"Möhtəşəm Getsbi" qismən ulduz mədəniyyətinin yaranmasından, eyş-işrətə və maddiyata mənasız sitayişdən, bizim "lüks həyat" adlandırılan məfhuma olan arzumuzdan bəhs edən romandır. Kardaşyanların triumfu göstərir ki, Fitzcerald bunu bir əsr əvvəl yazmaqda necə də haqlıydı. Kardaşyanlar erası o eradır ki, orada Cey Getsbilər sağ qalırlar və pardaxlanırlar, onları aşağılayan, onlara yuxarıdan aşağı baxan Deyzi Buçananlar isə solaraq sovrulurlar.
Sarah Churchwell
"BBC"
İngiliscədən tərcümə etdi: Cavid Ramazanlı
ANN.Az