Millət vəkili: "Azərbaycanda benzinin qiymətini aşağı sala bilmərik"

17:01 | 17.12.2014
Millət vəkili:

Millət vəkili: "Azərbaycanda benzinin qiymətini aşağı sala bilmərik"

Deputat Vahid Əhmədov parlamentin 16 dekabr iclasında benzinin qiymətinin aşağı salınmasını təklif edib. Deputat deyib ki, dünya bazarında neftin qiyməti kəskin aşağı düşür: "Hazırda bazarlarda qiymət 60 dollardır. Bununla əlaqədar Rusiya, Türkiyə, Gürcüstanda benzinin qiymətində ciddi enmələr baş verir. Tarif Şurası bu məsələyə baxmalıdır. Hesab edirəm ki, ölkədə benzinin qiymətinin tənzimlənməsinə ehtiyac var”.

Hazırda ölkədə Aİ-95 Premium benzininin pərakəndə satış qiyməti sərbəstdir. Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpikdir.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə dünya bazarında neftin ucuzlaşmasına görə Azərbaycanda benzinin satış qiymətinin aşağı salınmasına tərəfdar deyil. Ziyad Səmədzadə bildirib ki, Azərbaycanda benzinin qiymətinin aşağı salınması üçün ciddi araşdırmalar aparılmalı, digər makroiqtisadi göstəricilər təhlil edilməlidir: "Əgər əməkhaqqı azalmırsa, inflyasiya yoxdursa, istehlak qiymətlərinin dinamikasında sabitlik varsa, onda benzinin ucuzlaşdırılmasına da ehtiyac yoxdur. Dünya bazarında neft ucuzlaşıb deyə Azərbaycanda benzinin qiymətini aşağı sala bilmərik. Bəzi ölkələr bunu ediblər. Amma həmin ölkələrdəki inkişaf səviyyəsinə, baş verən iqtisadi durumlara baxmaq lazımdır”.

Dövlət Neft Şirkətinin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib ki, hazırda SOCAR brendi altında işləyən yanacaqdoldurma məntəqələrində satılan Aİ-95 Premium benzini xaricdən köhnə qiymətlərə alınmış məhsuldur. Onun sözlərinə görə, alınacaq növbəti partiyalarda alış qiymətinə uyğun olaraq Aİ-95 Premium benzininin qiyməti məsələsinə baxıla bilər. //mediaforum.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM