AzərTAc xəbər verir ki, Kamran Hüseynov Azərbaycanın ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyət göstərən şəxsiyyətlərdən olub. Gənc yaşlarından əmək fəaliyyətinə başlayan Kamran Hüseynov Mingəçevirdə aparılan nəhəng tikinti işlərinin rəhbərlərindən biri olub, sonralar Neftçala rayon və Sumqayıt şəhər partiya komitələrinin birinci katibi vəzifələrində çalışıb. 1958-1961-ci illərdə respublika Həmkarlar İttifaqları Şurasının sədri, sonra isə Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Ticarət və Sənaye Palatasının sədri vəzifələrində işləyib.
Tutduğu vəzifələrdən, gördüyü işlərdən asılı olmayaraq, onun mövqeyi daim öz vətənpərvərlik ruhu ilə səciyyələnib. Kamran Hüseynovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara layiq görülüb, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.
Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Kamran Əsəd oğlu Hüseynov 2006-cı il aprelin 20-də ömrünün 93-cü ilində vəfat edib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 6 avqust tarixli Sərəncamına əsasən görkəmli ictimai-siyasi xadim Kamran Hüseynovun 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.
ANN.Az