Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında parlament sədrinin, komitə sədrlərinin və parlament üzvlərinin aylıq vəzifə maaşının artırılması məsələsi müzakirəyə çıxarılıb.APA-nın məlumatına görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında bildirib ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə dəyişiklik təklif olunur. Dəyişikliyə əsasən, Milli Məclis sədrinin aylıq vəzifə maaşı 1950 manatdan 2250 manata qaldırılır. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini 85 faizi, Milli Məclisin komitə və komissiya sədri 80 faizi, Milli Məclisin komitə və komissiya sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır. Dəyişikliklə əlaqədar qeyd olunan şəxslərin də aylıq vəzifə maaşlarında avtomatik artım baş verir. Ə. Hüseynli onu da bildirib ki, Milli Məclis üzvləri bu gəlirlərdən müvafiq vergilər də verirlər. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, hesablamalara görə bu artım 15,3 faizdir. Müzakirələr zamanı deputat Siyavuş Novruzov bildirib ki, bəzi qüvvələr bundan ajiotaj yaratmaq istəyir ki, bunun da əsası yoxdur. O müqayisə üçün bildirib ki, Azərbaycanda digər sahələrə də dövlətin xüsusi qayğısı var. O həmçinin mətbuata da müraciət edib: “Dünyada belə bir qayda var ki, kiminsə maaşını soruşmaq düzgün hal deyil. Ona görə də mətbuat nümayəndələrindən xahiş edirik ki, bunu öz səhifələrində çox da açıb ağartmasınlar”. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !