Anews.az-ın məlumatına görə, Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. Doğulduğu kənddə orta məktəbdə təhsil alıb.
2012-ci ildə məktəbi bitirən Ç.Qurbanov həmin ildə Azərbaycan Texniki Universitetinə daxil olub. 2016-cı ildə universitetin məzunu olub və iyul ayında həqiqi hərbi xidmətə yollanıb.
Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman şəhid olub. Onun nəşi üç həftədən artıq erməni tərəfində qalıb. Beynəlxalq normaları pozan Ermənistan 2017-ci ilin fevralın 5-də Çingiz Qurbanovun nəşini Azərbaycan təfərə təhvil verib.
Fevralın 6-da Ç.Qurbanovla vida mərasimi keçirilib. Onun nəşi doğulduğu Qusar rayonunda, Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
2017-cı ilin 7 fevral tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Fevralın 9-da ölkə başçısı Milli Qəhrəmanın ailə üzvlərini qəbul edib. Prezident şəhidin atası Salman Qurbanova "Qızıl Ulduz" medalını və Bakı şəhərində yerləşən üç otaqlı mənzilin orderini təqdim edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !