Bu gün Milli Şuranın Mitinq Komitəsinin üzvləri - Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi və KXCP sədrinin müavini Xəzər Teyyub Bakı Şəhər Baş Polis İdarəsinə (BŞPİ) çağrılıblar.
T.Abbaslının verdiyi məlumata görə, saat 17:00-da BŞBPİ-nin rəis müavini Səhlab Bağırov və Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev Milli Şuranın Mitinq Komitəsinin üzvlərini qəbul edib.
S.Bağırov Milli Şuranın qiymət artımı ilə bağlı dekabrın 15-də saat 14:00-dan 16:00-a kimi Yasamal rayonu ərazisində yerləşən keçmiş “Məhsul” stadionunda keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib. Milli Şuranın üzvlərinə bildirilib ki, mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa əlavə şüarların səslənməsinə, iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın dekabrın 15-də saat 16:00-dan saat 18:00-dək Yasamal rayonu ərazisində yerləşən keçmiş “Məhsul” stadionunda mitinq keçirməsinə razılıq verib. Aksiyada “Qiymətlər endirilsin!”, “Bahalaşmaya son!” şüarları səsləndiriləcək.
APA