Millimizin güləşçisinin iştirak etdiyi qətl hadisəsinin TƏFƏRRÜATI

11:12 | 30.06.2020
Rusiyanın Dağıstan Respublikasının İstintaq Komitəsinin Təhqiqat İdarəsi "Dağavtodor"un keçmiş rəhbəri Məhəmmədrəsul Ömərovun qardaşı oğlu Abdulbəşir Ömərovun rezonans doğuran qətli faktı üzrə cinayət işinin təfərrüatlarını açıqlayıb.

Anews.az "report"a istinadla xəbər verir ki, iyunun 23-də Mahaçqalanın mərkəzində törədilmiş hadisə üzrə respublikanın Xalq Yığıncağının deputatı, Şamil rayonunun keçmiş rəhbəri Məhəmməd Asiyatilovun övladları Suraqat və Hüseyn Asiyatilov, həmçinin Azərbaycanın sərbəst güləş millisinin üzvü, Avropa çempionatlarının ikiqat bürünc mükafatçısı Nurməhəmməd Hacıyev şübhəli şəxslər qismində axtarışa veriliblər.

Qətl Dağıstanın məşhur insanlarının nümayəndələri olan gənclər arasındakı münaqişə nəticəsində baş verib. İyunun 23-də saat 22:00 radələrində onlar Lenin komsomolu adına parkın ərazisində mübahisə ediblər. Abdulbəşir Ömərov gözlənilmədən Suraqat Asiyatilovun sifətinə zərbə endirib. Daha sonra o, öz avtomobili ilə münaqişə məkanını tərk edib.

Zərərçəkən qisas məqsədilə A.Ömərovu öldürməyi qərara alıb. O, qardaşı Hüseyni və tanışlarını köməyə çağırıb və silahla gəlmələrini xahiş edib. Saat 22:40 radələrində münaqişə tərəfləri yenidən görüşüblər. Bu dəfə onlar Akuşin prospektindəki "Mahaçqala Su Kanalına məxsus ərazidə üz-üzə gəliblər.

Tapança ilə silahlanmış S.Asiyatilov A.Ömərovla davaya girişib. Hadisə yerindəki gənclər onları ayıraraq, barışdırmağa cəhd ediblər. Lakin bu an əraziyə H.Asiyatilov və N.Hacıyev 20 nəfərlə birgə özlərini çatdırıblar.

Bunu görən A.Ömərov qaçmaq istəyib. Lakin qardaşlar və güləşçi ona hücum edərək, asfalta səriblər. İş adamının yaxın qohumuna bir neçə atəş açan "trio" hadisə yerini tərk edərək, gizlənib. Yaralı isə xəstəxanada ölüb.

Suraqat və Hüseyn Asiyatilov, eləcə də Nurməhəmməd Hacıyevə qarşı "Əvvəlcədən əlbir olaraq, qrupla qətl törətmə" və "Qanunsuz silah dövriyyəsi" maddələri üzrə cinayət işi qaldırılıb. Onlar axtarışa veriliblər.

Azərbaycan Güləş Federasiyası "Report"a Nurməhəmməd Hacıyevin cinayətdə birbaşa iştirak etmədiyini bildirib. 

Qeyd edək ki, Nurməhəmməd Hacıyev Azərbaycan millisinin üzvü kimi Minsk-2019 II Avropa Oyunlarında 97 kq çəki dərəcəsində gümüş, 2018 və 2019-cu il Avropa çempionatlarında bürünc medal qazanıb.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM