Mingəçevir su anbarı ilə bağlı qorxunc xəbərdarlıq

12:02 | 11.06.2014
Mingəçevir su anbarı ilə bağlı qorxunc xəbərdarlıq

Mingəçevir su anbarı ilə bağlı qorxunc xəbərdarlıq

Ən böyük su anbarı ilə bağlı təhlükəli gəlişmələr; 
Qurban Yetirmişli: “Su hövzəsinin altında zəlzələ ocağı yerləşir”; 
Azərbaycanda zəlzələ ocaqlarının təhlükəli həddə aktivləşməsi müşahidə olunur; 
Seysmoloji Xidmət Mərkəzi rəhbərinin birdən-birə Mingəçevir su anbarında yaranmış vəziyyəti gündəmə gətirməsi haqlı suallar yaradır 
Son günlər Azərbaycanda zəlzələ ocaqlarının daha da  aktivləşməsi müşahidə olunur. Sonuncu belə zəlzələ iyunun 7-də Xəzərin Azərbaycan sektorunda baş verib. Rəsmi məlumata görə, yeraltı təkanın maqnitudası 5.6 bal, dərinliyi 61 km olub. Zəlzələ Bakıda 3 bal gücündə hiss olunub. Respublika Seysmoloji Xidmət Mərkəzi açıqlama verərək zəif “aftoşok”ların davam edə biləcəyi ilə bağlı xəbərdarlıq edib. 
İyunun 10-da isə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli gözlənilmədən Bakıda deyil, Mingəçevirdə baş verə biləcək zəlzələnin fəsadları haqda danışıb. Elektron media və bəzi telekanalların veb-saytları  bu açıqlamanı “Mingəçevirdə zəlzələ xəbərdarlığı” kimi başlıqla yayıblar. Razılaşaq ki, zəlzələ üzrə yetkilinin birdən-birə Mingəçevir su anbarında yaranmış vəziyyəti gündəmə  gətirməsi haqlı suallar yaradır. 
Q.Yetirmişli APA-ya açıqlamasında deyib ki, Mingəçevir su anbarının ərazisi aktiv seymik zonadır. “2010-u ildə Kür daşqınları nəticəsində Mingəçevir anbarında su məcrasından çıxan hövzənin qarşısını almaqla suyun axınının səviyyəsini aşağı salmışdılar. Həmin dövrdə seysmiklik artmağa başladı. Çünki həmin hövzənin altında zəlzələ ocağı yerləşir və həmin ərazi seysmogen ərazidir” deyən, mərkəz direktoru Mingəçevir su anbarında çoxdan problemlər olduğunu vurğulayıb: “Orada kompleks tədqiqatlar aparmaq lazımdır. Su anbarında monitorinq sistemi qurulmalıdır”.
Mil, Muğan, Şirvan düzlərindəki ərazilərin suvarılmasında, eyni zamanda əhalinin elektrik enerji ilə təminatında xüsusi rolu olan Mingəçevir su anbarı çoxdandır ki, aktiv seysmik obyekt kimi qiymətləndirilir. Belə ki, mütəxəssislər Mingəçevir hövzəsinin altında zəlzələ ocaqları yerləşdiyindən hövzədə suyun miqdarı artdıqca, onun seysmik fəallığının da artdığını vurğulayırlar. Xüsusilə Mingəçevir ərazisində zaman-zaman yeraltı təkanların olmasını nəzərə alsaq, su anbarını ciddi təhdid mənbəyi hesab etmək olar. Ən təhlükəli məsələ odur ki, su anbarında baş verə biləcək hər hansı hadisə ölkənin böyük ərazisinin su altında qalmasına səbəb ola bilər. 
Qeyd edək ki, yaz aylarında Mingəçevir su anbarındakı seysmiklik təhlükəli həddədək artır. Çünki yaz aylarında çaylarda suların artması ilə anbarda da suyun həcmi artır. 
Məlumatlara görə, Mingəçevir su anbarı SSRİ dövründə kifayət qədər yüksək seysmik dayanıqlığa dözümlü tikilib. Mingəçevirin özü 8 ballıq zonaya düşür. Anbarın yükgötürmə qabiliyyəti 18 milyard tondur. Ancaq orada kritik hədd də var ki, suyu ondan artıq doldurmaq olmaz. Rəsmi qurumlar dəfələrlə bəyan ediblər ki, təlaşlanmağa ehtiyac yoxdur, çünki Mingəçevir su anbarındakı suyun həcmi tənzimlənir. Yəni kritik həddin keçilməsinə yol verilmir, kanallarla buraxılır. 
İddialara görə isə anbar yüklənsə, zəlzələ ocaqlarını fəallaşdıra və tezləşdirə bilər.  Mütəxəssislər iddia edir ki, əgər su anbarında su müəyyən edilmiş 86 metr həddən artıq olsa, çoxdan güclü olmayan yeraltı təkanlar Azərbaycana dəhşətli fəlakət gətirə bilər. Ələtdən Lənkəranacan böyük bir ərazi su altında qalmaq təhlükəsi ilə üzləşər.  
Qeyd edək ki, Mingəçevir su anbarı 1953-cü ildə tikilib və hazırda ölkə enerjisinin təxminən 70 faizini bu SES təmin edir. Bəzi məlumatlara görə, 2010-cu il daşqınlarından sonra Mingəçevir su anbarında sızmalar daha çox müşahidə edilməkdədir. Bu yaz xüsusilə Gürcüstanda havaların yağmurlu keçməsi Kürdə sululuğu artırıb ki, bu da anbarda həcmə təsir göstərib. 
Mingəçevirdə əlaqə saxladığımız şəhər sakinləri “zəlzələ xəbərdarlığı bizə də çatıb” desələr də, xüsusi gərginlik olmadığını bildiriblər. “Zəlzələ Allahın işidir. Amma vallah, bu su anbarı axırımıza çıxacaq. Hökumət gərək təcili tədbirlər görsün” deyə bildiriblər. 
Milli Elimlər Akademiyasının Geologiya İnstitutunun  məlum səbəblərdən adını açıqlamayan əməkdaşı isə “Yeni Müsavat”ın bu mövzuda sorğusuna ilginc cavab verib. O deyib ki, Mingəçevir SES-də yaranmış vəziyyət Seysmoloji Xidmət Mərkəzinin xəbərdarlığından daha ciddidir. “Oranı Bakıdan da xüsusi komissiya dəfələrlə yoxlayıb. Problem ondadır ki, ucuz elektrik enerjisi istehsalı üçün anbarda suyun həddini nəzərdə tutulduğundan artırırlar. Əsas təhlükə də budur. Ola bilsin ki, mərkəzi hakimiyyətdə bunun təfərrüatlarından xəbərsizdirlər” deyə, mənbəmiz bildirib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM