Miqrant böhranı: Macarıstan-Serbiya sərhədində toqquşma baş verib

11:25 | 17.09.2015
Miqrant böhranı: Macarıstan-Serbiya sərhədində toqquşma baş verib

Miqrant böhranı: Macarıstan-Serbiya sərhədində toqquşma baş verib

Macarıstan polisi Serbiya ilə sərhəddə toplaşmış miqrantları geri çəkilməyə məcbur etmək üçün gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Hadisə sərhədin açılmasını tələb edən bəzi miqrantların polisə qarşı su qabları və daş atmasından sonra baş verib.

On minlərlə miqrant Avropa İttifaqının Şengen zonasına üzv ölkələr arasında məhdudiyyətsiz səyahətə icazə verən Macarıstana daxil ola bilib.

Macarıstan çərşənbə axşamı ölkə ərazisinə qanunsuz daxil olanları həbs etməyə imkan verən qanun qəbul edərək Serbiya ilə sərhədi bağlayıb.

Serbiya Xarici İşlər Nazirliyi öz ərazisinə gözyaşardıcı qaz və su toplarından atəş açılması ilə bağlı etirazını bildirib.

Macarıstan hökumətinin məlumatına görə, miqrantlar sərhədi keçməyə çalışarkən 20 polis əməkdaşı xəsarət alıb. Hökumət sözsüçü miqrantları uşaqları "insan qalxanı" kimi istifadə etməkdə günahlandırıb.

Gözyaşardıcı qaz və su şərnaqlarının istifadəsindən sonra bəzi miqranlar Serbiya təcili yardım xidməti vasitəsi ilə müalicə olunublar. Serbiya əraziyə əlavə polis dəstələrinin göndəriləcəyini bildirib.

"Biz müharibə və zorakılıqdan qaçarkən Avropada bu cür qəddarlıq və qeyri-insani rəftarı gözləmirdik", iraqlı miqrant Amir Hassan deyib.
Image copyright AP

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Ban Ki-moon hadisə ilə bağlı şərh verərək, miqrantlarla "yolverilməz" rəftardan "sarsıldığını" bildirib.

Macarıstanın Xarici İşlər Naziri Peter Szijjarto isə "bir qrup aqressiv miqrantın macar polisinə qarşı bu cür hərəkətinin yolverilməz olduğunu" deyib. O əlavə edib ki, macar polisinin vəzifəsi "belə qəddar insanların Macarıstana daxil olmasının qarşısını almaqdır".

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Guterres Macarıstan hakimiyyətini müharibələr və təqiblərdən qaçan insanlar üçün "maneəsiz çıxışın" təmin edilməsinə çağırıb.

Eyni zamanda, Xorvatiya ölkəyə gələn miqrantlara Avropa İttifaqının başqa dövlətlərinə keçməyə icazə verəcəyini bəyan edib.

Son həftələrdə Avropa İttifaqı böyük miqrant axını ilə üzləşib. Miqrantların əksəriyyəti, Suriya da daxil olmaqla, bir sıra ölkələrdə baş verən münaqişə və yoxsulluqdan qaçaraq Qərbi Avropaya çatmağa çalışır. //bbc.com/azeri
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti