Macarıstan Serbiya ilə sərhədi bağladıqdan sonra, Almaniyaya getmək istəyən minlərlə qaçqının yolu qapanıb. Miqrantlar burada açıq havada və ya müvəqqəti çadırlarda gecələyiblər. Daha sonra avtobuslar onların bir qismini Xorvatiya ilə sərhədə gətirib.
Serbiya mətbuatı bildirib ki, avtobuslar miqrantları Xorvatiya ilə sərhədə daşıyır. Miqrantları buradan Sloveniyaya, sonra Avstriyaya və nəhayət Almaniyaya getməyi planlayırlar. Həmçinin təkliflər var ki, Rumıniya da yeni marşrut ola bilər.
Xorvatiya bəyan edib ki, "insanların sadəcə irəli hərəkətinə icazə verməyəcək".
Çərşənbə axşamı, Macarıstan ölkəyə miqrantların qanunsuz girişinin qarşısını almaq üçün yeni sərt qanunların tətbiqinə başlayıb.
Polis on minlərlə miqrantın şengen zonasına daxil olmaq üçün istifadə edəcəyi keçid məntəqəsindəki dəmir yolunu möhürləyib. Həmçinin sərhəddə yeni tikilmiş məftil hasarı keçməyə cəhd edən 60 nəfərin həbs edildiyi bildirilir.
Ölkənin iki cənub əyalətində miqrantların qanunsuz ölkəyə daxil olması ilə bağlı fövqəladə vəziyyət elan edilib.
Fövqəladə vəziyyət polisə əlavə güc verir və əgər parlament təsdiqləyərsə, ordunun bölgəyə yerildilməsinə də imkan açacaq.
Avstriya isə sərt sərhəd nəzarəti tətbiq edən hələlik son ölkə olub.
Lakin Avstriya onu da bildirib ki, təqibdən qaçan heç bir miqrant Macarıstana geri qaytarılmayacaq.
Avstriya polisi Vyananın əsas iki stansiyasının miqrantlarla dolu olduğunu və Zalsburqda əsas stansiyanın bağlana biləcəyini xəbər verib.
Aİ böyük miqrant axını ilə üzləşib. Miqrantların əksəriyyəti, Suriya da daxil olmaqla, bir sıra ölkələrdə baş verən münaqişə və yoxsulluqdan qaçaraq Qərbi Avropaya çatmağa çalışır.
Bu arada, Almaniya və Avstriya böhranı müzakirə etmək üçün gələn həftə xüsusi görüşün keçirilməsinə çağırırlar.
Aİ sərhəd agentliyi bildirib ki, 500 mindən artıq miqrant bu il Aİ sərhədlərinə gəlib. 2014-cü ildə gələnlərin sayı 280 min olub. Miqrantların əksəriyyəti qayıqlarla, aralıq dənizi vasitəsilə gəlib.
Miqrantları Türkiyədən Yunanıstana daşıyan qayıq çərşənbə axşamı bataraq, dörd uşaq da daxil olmaqla, 22 nəfərin ölümünə səbəb olub, Türkiyə mətbuatı xəbər verir.
Aİ, çərşənbə axşamından etibarən, Yunanıstan və İtaliyada olan 40 min miqrantın digər Aİ ölkələrinə yerləşdirilməsinə razılıq verib.
Lakin hələ də sığınacaq istəyən 120 min miqrantın yerləşdirilməsi ilə bağlı məcburi kvotaya dair razılıq əldə edilməyib.
Yeni sərt qanunlar
Polis on minlərlə miqrantın istifadə etdiyi dəmiryol keçid məntəqəsini bağlayıb və bir çoxu Serbiya tərəfdə gecələyib.
Polis avtobusları indi sığınacaq üçün müraciət edən miqrantları qeydiyyat mərkəzlərinə aparacaq, lakin onların müraciətləri rədd edilərsə Serbiyaya geri qaytarılacaqlar, BBC müxbiri Nick Thorpe sərhəddən xəbər verib.
Image copyright AFP
Macarıstan rəsmiləri bildirib ki, bazar ertəsi sərhədlər bağlanmazdan öncə 9000-dən çox miqrant sərhədi keçib.
Sərhədi qanunsuz keçən hər kəs cinayət ittihamları ilə üzləşməli olacaq.
Qanunlara görə həmçinin, Serbiya ilə sərhəddə yeni tikilmiş dörd metr hündürlükdə və 175 km uzunluğunda olan hasarı zədələməyə görə həbs və ya deportasiya nəzərdə tutulub.
Sərhəd boyu polis nəzarəti həyata keçirilir.
Brüsseldə keçirilmiş danışıqlar zamanı Aİ prezidentliyini həyata keçirən Lüksemburq bildirib ki, 8 oktyabrda keçiriləcək görüşdə miqrantların məskunlaşdırılması ilə bağlı razılığın əldə olunacağına ümid edir.
Çex respublikası, Slovakiya və Macarıstan məcburi kvotaya etiraz edən dövlətlə arasındadır. //bbc.com/azeri
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !