Bu gün tanınmış jurnalist, hazırda Almaniyada yaşayan, “Azadlıq” radiosunun Azərbaycan bölməsinin keçmiş rəhbəri Mirzə Xəzərin 66 yaşı tamam olub. Modern.az saytı doğum günündə Mirzə Xəzərdən aldığı müsahibəni təqdim edir.
– Öncə ad gününüzü təbrik edirik. Uzun illərdir Almaniyada yaşayırsınız. İşləriniz necədir?
– İşləmirəm. Yazıram, sosial şəbəkələrdə fəal iştirak edirəm. Heç bir əlavə qazanc yerim, ticarətim yoxdur.
– Siz “Bibliya”nın tərcüməçilərindənsiniz. İndi də tərcümələr edirsiniz? Hansı istiqamətdə yazılar yazırsız?
– Avqust ayında Almaniyada mənim kitabım çapdan çıxdı. "Söz uçar, yazı qalar" adlı kitaba 2004-2011-ci illərdə yazdığım şərhlər, publisistik yazılar, xatirələr, müsahibələr daxildir. Hazırda ikinci kitabım çapa hazırlanır. Bu kitaba 2011-2013-cü illərdə yazdıqlarım daxildir. Tərcümə işi indilik dayanıb, amma planlarım var.
– Bildiyimizə görə, bir müddət öncə səhhətiniz pisləşmişdi. Hazırda özünüzü necə hiss edirsiz?
– Diqqətə görə təşəkkür edirəm. Səhhətim indi nisbətən yaxşıdır. Bir zamanlar son həddə çatmışdı, bir neçə həftə komada yatdım, amma şükür Allaha, o böhranlı günlər geridə qaldı.
– Yaxın zamanlarda Azərbaycana gəlmək haqqında düşünürsünüzmü?
– Gəlmək istərdim, ancaq bu, məndən asılı deyil. 2004-cü ildə Azərbaycanda idim, amma təzyiq altında Bakını tərk etməli oldum.
– Ad gününüzü necə qeyd edirsiz?
– O qədər təmtəraq olmur. Öz ailəmizlə birlikdə qeyd edirik.
– Tanınmış jurnalistsiniz. Bəs ailənizdə, qohumlarınız arasında bu işi davam etdirmək istəyən varmı?
– Yox, davam etdirmək istəyən hələ yoxdur.
ANN.Az