Hazırda Münhendə yaşayan tanınmış azərbaycanlı jurnalist-analitik Mirzə Xəzərin ANN.Az-a müsahibəsi- Rusiyanın Krımı özünə birləşdirməsini necə dəyərləndirirsiniz? Putin haqlı olduğunu və bunun Krımda qanuni referendumun məntiqi nəticəsi olduğunu deyir.- Məsələyə obyektiv yanaşmaq lazım gəlirsə, etiraf etmək lazımdır ki, Rusiya Krımı ilhaq etməyə təhrik edildi. Krım böhranının bütün günahını Rusiya və Putin hökumətinin üstünə yıxmaq səhvdir. Krım böhranında Qərbin səhvləri və "maydan" demokratlarının naşılığı da mühüm rol oynamışdır. Əgər Qərb dövlətləri və onların himayə etdikləri maydançılar fevralın 21-də Yanukoviçlə imzaladıqları sazişə dürüst əməl etsəydilər, bəlkə də Rusiya radikal addım atıb Krımı ilhaq etmək yolunu tutmazdı. Fevralın 21-də Almaniya, Fransa və Polşa xarici işlər nazirləri, "maydan" liderləri və Ukrayna prezidenti Yanukoviç, habelə Rusiyanın rəsmi nümayəndəsi Ukrayna böhranının mərhələ-mərhələ həllinə yönələn sazişi imzaladıqda böhranın həlli çox yaxın görünürdü. Lakin 24 saat sonra "maydan" liderləri özləri imzaladıqları sazişi tapdalayıb Kiyevdə hakimiyyəti ələ keçirtdilər. Beynəlxalq hüquq normalarının keşiyində durduğunu hər fürsətdə bəyan edən Avropa Birliyi və ABŞ sazişin pozulmasına göz yumaraq, "maydan" liderlərinin hərəkətinə bəraət qazandırdı və yeni hökuməti tanıdıqlarını bildirdilər. Beynəlxalq hüquq açıq şəkildə ayaq altına atıldı. Rusiyanın qılınc oynatmasına və Ukraynaya meydan oxumasına anlayışla yanaşmaq bəlkə də yanlışdır, amma təxmin etmək olar ki, Kiyevdə imzalanmış sazişin təktərəfli və kobud şəkildə pozulması Qərbin və Ukraynanın yeni hökumətinin Moskvanın nəzərində etibarının sarsılmasına gətirib çıxartdı. Moskvada Qərbin və "maydan"çıların əsl niyyətlərinə dair ciddi şübhələr yarandığını da istisna etmək olmaz. Əgər belə olmasaydı, Putin fevralın 22-də cəld hərəkətə keçərək Krımın ilhaqına qərar verməzdi. Krımın böyük siyasi və hərbi cəhətdən strateji əhəmiyyəti olduğunu başa düşmək üçün xəritəyə baxmaq kifayətdir. Putin Krımın əldən getməsinə imkan verə bilməzdi. Krımda referendumun legitimliyi məsələsinə gəldikdə, burada təəccüblü bir şey yoxdur. Qərbin Kosovonu Serbiyadan ayırması faktı hələ yaddaşdan silinməyib. Serbiya hökumətinin etirazlarına baxmayaraq Kosovoda da referendum keçirildi və əhalinin əksəriyyətini təşkil edən albanlar Serbiyadan ayrılmaq lehinə səs verdilər. 2008-ci ildə Kosovo özünü müstəqil dövlət elan etdi. BMT-nin üzvü olan 107 dövlət, o cümlədən indi Krımdakı referendumu tanımayan Qərb ölkələri Kosovonu müstəqil dövlət kimi tanıdılar. Krımda da ruslar çoxluq təşkil edirlər. Əgər Kosovo albanlarının hərəkəti legitim sayıldısa, Krımda rusların hərəkəti niyə qeyri-legitim hesab edilməlidir?
- Qərb Rusiyaya qarsi hansı tədbirlər görə bilər? Hələ ki, təsirli addımlar yoxdur...- Qərbdə Rusiyaya qarşı sanksiyalar məsələsində yekdillik mövcud deyil. Sanksiya bumeranqdır - Rusiyaya ziyan vurmaqla qalmır, qayıdıb sanskiya tətbiq edən ölkəyə də ziyan verir. Misal üçün sanksiyaların sərtləşdirilməsinə qarşı olan ölkələrdən biri Almaniyadır. Almaniya Rusiyaya külli miqdarda sərmayə qoyub. Almaniya ilə Rusiya arasında ticarətin həcmi böyükdür. Ticarət əlaqələrinin kəsilməsi Rusiyanı pis vəziyyətdə qoya bilməz. Rusiya ilə ticarət əlaqəsi qurmaq istəyən iddiaçıların sayı çoxdur. Almaniya olmaz, başqası olar. Lakin Almaniya iqtisadiyyatına ciddi zərər dəyər - minlərlə iş yeri bağlanar, dövlətin yükü ağırlaşar. Avropa Birliyinin digər ölkələri haqqında da eyni fikri söyləmək olar. Təcrübə göstərir ki, beynəlxalq sanksiyalar hər hansı ölkəni cəzalandırmaq üçün təsirli metod deyildir. Hər bir sanksiyadan çıxış yolu var. Bundan başqa Avropa Birliyi ölkələri Rusiya neftindən və qazından çox asılıdır. Təkcə 2012-ci ildə Rusiyanın ABŞ və Avropa ölkələrinə neft-qaz ixracatından əldə etdiyi qazanc 160 milyard dollara bərabər olmuşdur. 1991-ci ildə SSRİ dağılan andan indiyə kimi keçən 23 ildə Qərb ölkələrinin iqtisadi potensialı Rusiya iqtisadiyyatına və xammalına elə üzvü şəkildə bağlanmışdır ki, bu zənciri qırmaq o qədər də asan deyildir. Bu səbəbdəndir ki, ABŞ prezidenti Obama sanksiyaların tədricən həyata keçiriləcəyini bildirdi. Rusiya 1991-ci ildəki Rusiya deyildir. Rusiya bu gün təsəvvür etdiyimizdən daha güclüdür. Bu sanksiyalar Rusiyanı yolundan döndərə bilməz. Rusiya ilə hərbi qarşıdurma ehtimalını da istisna etmək lazımdır. Barak Obamanın Gürcüstan və Ukraynanı NATO-ya üzv qəbul etməyin qeyri-mümkün olduğunu bildirməsi ABŞ və onun müttəfiqlərinin Rusiya ilə hərbi qarşıdurma istəmədiyini göstərir.
- Azərbaycana qarşı da Putinin işğal siyasəti ola bilərmi? - Yox, Putinin Azərbaycana qarşı işğal planı yoxdur. Azərbaycan hökuməti indiki kimi təmkinli və realist siyasi xətti izləməkdə davam etdikcə, Putinin Azərbaycana qarşı hər hansı işğalçılığa baş vurması ehtimalı sıfıra bərabərdir. Azərbaycan hökuməti Ukrayna böhranının əvvəlindən indiyədək hadisələrə ağıllı və təmkinli yanaşmış, düşünülməmiş təhrikedici addımlar atmamışdır. Bu səbəbdən Rusiyanın Azərbaycana qarşı hansısa hərbi addım atması üçün səbəb qalmır. Burada qeyd etmək yerində olar ki, hərbi təzyiqə ehtiyac yoxdur, çünki Rusiyanın sərəncamında Azərbaycana təzyiq göstərmək üçün bir çox qeyri-hərbi imkanları vardır. Azərbaycan hökumətinin təmkinli davranmaqdan başqa məqbul bir yolu yoxdur. Əgər ABŞ və Qərbi Avropa Krım üzündən Rusiya ilə hərbi qarşıdurmadan və radikal addımlardan çəkinirsə, Azərbaycanın Qərbin dayağına ümid bəsləməsi əbəsdir. Bakının rəsmi dairələrində bunu yaxşı bilirlər. İndiyədək yeridilən siyasət ən məqbul və ağıllı siyasətdir.
- Bu hadisələr Qarabağ probleminə, Azərbaycan_Ermənistan münasibətlərinə necə təsir göstərə bilər?- Fikrimcə, Krım hadisələrinin Qarabağ məsələsinə və Azərbaycan-Ermənistan münasibətlərinə indilik heç bir təsiri olmayacaq. Ermənistan Rusiyanın bir növ protektoratıdır. Qarabağ isə Azərbaycana daim təzyiq göstərmək üçün Rusiyanın əlində bir girovdur. Azərbaycan hökuməti indiki siyasətini davam etdirdikcə Rusiyanın Qarabağın Ermənistana birləşdirilməsinə razılıq verəcəyini çətin güman etmək olar. Qarabağın indiki statusu hələ uzun zaman dəyişmədən qalacaq. Status-kvo davam edəcək.
- İran-Qərb yaxınlashması mümkündürmü? Bunun şərtləri nə ola bilər?- Bəli, İran-Qərb, Qərb-İran yaxınlaşması baş verir və bu proses durmadan davam edir. Yaxın illərdə İran ilə Qərb arasında münasibətlərin tam olmasa da, əsas etibari ilə normallaşacağını söyləmək mümkündür. Niyə? Burada iki mühüm amil rol oynayır. ABŞ-ın İrandakı rejimi dəyişmək üçün illərlə sərf etdiyi bütün səylər və təşəbbüslər heç bir səmərə verməmişdir. ABŞ-ın eyni zamanda iqtisadi sanksiyaları da istənilən nəticəni verməmişdir. Hadisələrin təhlili göstərir ki, İrandakı rejim güclüdür, ölkədə inqilab üçün zəmin mövcud deyil və rejimi yıxmaq yaxın və bəlkə də uzaq gələcəkdə mümkün olmayacaq. Üstəlik, İranda milli azlıqlardan, o cümlədən azərbaycanlılardan rejimə qarşı istifadə etmək cəhdləri də bir nəticə verməmişdir. ABŞ hökuməti bütün bunları nəzərə alaraq barış yolunu tutmuşdur. Digər tərəfdən isə Tehran hökuməti də barışmaz siyasətin bəhrə verməyəcəyini dərk etməmiş deyillər. İran rəhbərlərinin son zamanlarda mötədil mövqeyə üstünlük verməsi Tehranda beyin mərkəzlərində radikal dəyişiklik olduğunu və realizmin qələbə çaldığını göstərir. Yaxın aylarda iki tərəf arasında münasibətlərin daha da yumşalacağını indidən söyləmək səhv olmaz.
Söhbətləşdi: Kamal ƏliANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !