MN-də 143 milyonluq mənimsəmə – yeni faktlar araşdırılacaq

20:01 | 01.11.2024
MN-də 143 milyonluq mənimsəmə – yeni faktlar araşdırılacaq

MN-də 143 milyonluq mənimsəmə – yeni faktlar araşdırılacaq

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bayram Bayramovun ötən prosesdə verdiyi vəsatətə dövlət ittihamçısı münasibət bildirib.

Bayram Bayramov ötən prosesdə vəsatət verərək Ülfət Abbasquliyev, Xalid Məmmədov, Rəşad Salmanov, Bəxtiyar Əliyev, Orxan Cavadlı, Hamlet Allahverdiyev, Rüfət Quliyev, Namiq Məmmədov, Əli Hümbətzadə, Cavid Eyvazov, Fərrux Xəlilovun, Gəncədə yerləşən hərbi hissənin mənzil istismar xidmətinin rəisinin və sairə şəxslərin dindirilməsini istəyib.

Bayram Bayramov iddia edib ki, onlardan biri hərbi hissə komandiri olan polkovnik Xalid Məmmədovun xərclərinə hər ay 6 min manat olmaqla ümumilikdə 18 min manat verilib.2018-ci ilin may ayından 2019-cu ilin oktyabr ayı da daxil olmaqla hərbi hissə komandiri olmuş polkovnik Rəşad Salmanovun xərclərinə hər ay ən azı 6 min manat olmaqla 18 ayda cəmi 108 min manat verilib.

Hərbi hissə komandirinin yeməkxana xərcləri, hərbi hissəyə gələn qonaqların və hərbi hissənin digər xərclərinin ödənilməsi üçün hər ay 2 min manat olmaqla, Beyləqan rayonunda yerləşən "Real market” ərzaq mağazası və "Zirvə” hədiyyələr və dəftərxana ləvazimatları mağazasına 24 ay ərzində 48 min manat vəsait ödənilib.

Onun sözlərinə görə, mağazadan məhsulları sürücülər, aşpazlar və hərbi hissənin mühasibi Rüfət Quliyev götürüb.

Dövlət ittihamçısı bildirib ki, Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən cinayət işinə məhkəmədə verilən ittiham çərçivəsində baxılıb, istintaq orqanında bu işdən ayrılan iş var:
"Ayrıca aparılan iş üzrə bu məlumatlarla bağlı araşdırma aparılması üçün müraciət oluna bilərlər. Bayram Bayramovun səsləndirdiyi faktların hazırkı işin mahiyyətinə adiyyəti yoxdur. Özünə dost bildiyi, arxa bildiyi şəxslərə pul xərcləyib. Bu, onun öz işidir. Həmin şəxslərin məhkəmədə ifadə verməsi ittihamın mahiyyətinini nə təkzib, nə də təsdiq edəcək. Buna görə də həmin adıçəkilən şəxslərin çağırılaraq dindirilməsi üçün əsas yoxdur. Bayram Bayramovda faktlar varsa, həmin sənədlərlə özü də, zərurət yaranarsa məhkəmə öz təşəbbüsü ilə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edə bilər”.

Müşavirə edən məhkəmə qərar elan edib.

Bayram Bayramovun göstərdiyi cinayət xarakterli faktların mövcudluğu nəzərə alınaraq araşdırılması üçün istintaq orqanına göndərilməsi qərara alınıb.

Adı çəkilən şəxslərin məhkəmədə dindirilməsinə lüzum görülmür.

Daha sonra hakim bildirib ki, Müdafiə Nazirliyi təqsirləndirilən Bayram Bayramovun vəkilinin vəsatəti əsasında sorğuya cavab verib.
Cavabda 2020-ci ilin sentyabr-dekabr ayları ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırılan şəxsi heyətə əməkhaqqı və digər xərclər ödənişlər edildiyi qeyd olunub.

Həm Bayram Bayramov, həm də vəkili verilən cavabla razı olduqlarını bildiriblər. Hakimlər heyəti həmin sənədin cinayət işinə əlavə olunması barədə qərar qəbul ediblər.

Proses noyabrın 15-də davam etdiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM