"Azərbaycanda mobil danışıq qiymətlərinin aşağı düşməsinə mane olan əsas səbəb yüksək tələbin olmasıdır”.
Bu barədə jurnalistlərə Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov bildirib.
Nazir bildirib: "Bugünkü biznes forumda biz informasiya kommunikasiyaları texnologiyaları sahəsində bir çox şirkətlərlə görüş keçirdəcəyik. Onları maraqlandıran problemlər barədə, sonra gələcəkdə hansı işlərin görülməsi barədə söhbət və müzakirələr aparacağıq. Biznes forumda konkret olaraq Rabitə və Yüksək Texnolgiyalar nazirliyi tərəfindən aparılan siyasət, tənzimləmə mühitində olan dəyişikliklər, qarşıya qoyulan məsələlər müzakirə olunacaq. Biz burada əsas həm xarici, həm yerli şirkətlərin diqqətini ixraca yönələn istehsalın genişləndirilməsinə yönəldəcəyik. Bu sahədə dövlətin atdığı addımlar, etdiyi güzəştlər kimi cəlbedici məqamları açıqlayacağıq".
Mobil operatorlar arasında qiymətlərin endirilməsindən söz açan nazir bildirdi ki, belə bir qərar artıq çoxdan var, amma onun qüvvəyə minməsi müəyyən məsələlərlə əlaqədardır: "Burada əsas məqam ondan ibarətdir ki, bizim sektora yeni bir operator "Azərfon” operatorunun daxil olması ilə əlaqədar, operatorlar arasında asimmetrik metod tətbiq olunub. Hal- hazırda biz araşdırırıq ki, bu asimmetrik metodu hansı yüngülləşdirməyə gətirək. Gələcəkdə isə vahid bir tarifə çevirək".
Nazir açıqlamasında həmçinin peyk məsələsinə aydınlıq gətirib:
"İkinci peykin dəyəri 157 milyon avrodur. Bu maliyyənin 15%-ni Azərbaycan dövləti, qalan 85%-ni isə kredit təşkilatı maliyyələşdirəcək. Çox güman ki, 5-7 ilə qədər bu maliyyə vəsaiti geri qaytarılacaq. Artıq yanvarın 1-dən fəaliyyətə başlayıb. Əsasən ixrac xarici ölkələrə edilir.
Əsas layihəmiz olan genişzolaqlı internet şəbəkəsi layihəsini Neft Fondu ilə birgə maliyyələşdiririk. Və bu layihəyə ayrılan maliyyə vəsaitini isə biz gələn ilə saxlamışıq. Bundan başqa, biz yeni maliyyə mənbələri tapmışıq. Bu maliyyə mənbələri çox güzəştli kreditlər vasitəsilə xarici bankların, beynəlxalq təşkilatların vəsaitləri ilə maliyyələşdiriləcək. Bu layihəyə qoyulan maliyyə vəsaitlərinin geri qaytarılma müddəti isə 3-5 il arasında olacaq. Belə olan halda biz dövlətin maliyyə resusrlarından istifadə etməyə də bilərik".
"Azərbaycanda genişzolaqlı internetin qiyməti beynəlxalq qiymətlərin orta qiymətinə baxanda, aşağıdır", - nazir jurnalistlərə açıqlamasında belə deyib: "Məsələn, bu gün genişzolaqlı internetin qiymətinin təxminən dünya üzrə orta əmək haqqının 5%- civarında olması 2015-ci ilin sonuna qədər hədəflənib. Dünyada 2015-ci ildə nəzərdə tutulan bu hədəf, yəni orta əmək haqqının 5%-i genişzolaqlı internet şəbəkəsinə yatırılırsa, Azərbaycanda bu rəqəm 2,5 %-dir. Yəni dünyadakı qiymətləri nəzərə alsaq, bizdəki qiymət 2 dəfə ucuzdur".
Nazir mobil danışıq qiymətlərinin baha olmasına da münasibət bildirib: "Bizdə mobil danışıqların qiymətlərinin aşağı düşməsinə mane olan əsas səbəb ondan ibarətdir ki, tələb çoxdur. Azərbaycan Avropada Türkiyədən sonra ən çox mobil danışıqdan istifadə edən ölkədir. Bazarda belə situasiya olan halda və qiymətlər bazar qiymətinə uyğunlaşdırıldığı üçün yüksək tələb imkan vermir ki, mobil danışıqların qiymətini aşağı salaq".
Sonda dövlət rəsmisi elektron ticarət məsələsində toxunub:
"Azərbaycanda pərakəndə elektron ticarəti çox geniş şəkildə inkişaf edir. Və son zamanlar bunun daha çox inkişaf etməsi üçün, məsələn, 2013-cü ildə pərakəndə elektron satışın həcmi 1,7 milyon manat idisə, artıq bu 2014-cü ildə 20 milyon olub. Bu çox yaxşı bir vəsaitdir. Çünki əhali də bundan çox istifadə edir. Amma son zamanlar elektron qaçaqmalçılığa yol verildi. Buna qarşı biz uyğun təşkilatlarla bir yerdə tədbirlər hazırlamışıq. Bu, əsasən mobil telefonlarla bağlıdır. Ola bilər ki, mobil telefonlara xüsusi bir rejim tətbiq olunsun. Amma qalan digər vasitələrin alqısına imkan veriləcək".
Müəllif: Orxan Aslanlı
Operator: Babək Mirzəzadə
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !