Ölkənin lider mobil operatoru "Azercell
Telekom” MMC koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə üzrə fəaliyyət
sahəsində daha bir sosial məsuliyyət tədbiri həyata keçirib. Şirkət bu dəfə
müxtəlif tibb məntəqələrində və karantin mərkəzlərində koronavirusla mübarizədə
həyatlarını riskə ataraq fədakarlıqla öz vəzifə borclarını yerinə yetirən tibb
işçilərimizə rabitə dəstəyi göstərib.
Belə ki, "Azercell” öz abunəçiləri ilə
digər iki operatorun abunəçiləri arasında heç bir fərq qoymadan yüksək
məsuliyyətli iş başında olan 600-dən çox tibb işçisinin hər birinin balansına
50 AZN həcmində məbləğ yükləyib. Yüklənilən hədiyyə məbləği müasir mobil
rabitənin təmin etdiyi bütün xidmətlər (şəbəkədaxili/şəbəkəxarici/ölkəxarici
zənglər, SMS, mobil internet) üçün istifadə oluna bilər.Qeyd edək ki, tibb
işçilərinin siyahısı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən təqdim olunub.
Xatırladaq ki, mobil operator ölkəmizdə
koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə
tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə
Dəstək Fonduna 2 milyon manat vəsait ayırıb. Şirkət, həmçinin İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyinin "Qaynar xətt”inə (1542) pulsuz zəngləri təmin
edən ilk mobil operator olmaqla yanaşı, hazırda Azərbaycanla nəqliyyat əlaqələri
məhdudlaşdırılmış ölkələrdə olan və rouminq xidmətindən istifadə edən
abunəçilərin balansına 50 manat məbləğində pul vəsaiti də yükləyib. Bundan
əlavə, Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə birlikdə 5 728 aztəminatlı
ailəyə sovqat verilib. Bu layihə dövlətin koronavirus infeksiyasının
yayılmasının qarşısının alınması və onunla mübarizə sahəsində sosial izolyasiya
tədbirlərinə dəstək məqsədi daşıyıb.
Bunlarla yanaşı, "Azercell” istifadəçiləri
üçün "Mobil Ödəmə” xidməti vasitəsilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna
ianə etmək imkanı yaradıb.
Mobil operator 65 yaşdan yuxarı
olan abunəçilərinə "Azercell”in müştəri xidmətlərindən evlərini tərk etmədən
yararlanmaq imkanı təklif edib. Ödənişli mobil müştəri xidmətləri bu
kateqoriyaya aid olan insanlara ödənişsiz formada göstəriləcək. Belə ki, zəruri
hallarla bağlı yaranan problemlərin (sim-kart dəyişikliyi kimi servislər) həlli
vətəndaşların evlərinə gedilməklə təmin olunacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !