Moldovanın xalq artisti Azərbaycan hökumətindən üzr istədi

09:29 | 09.02.2014
Moldovanın xalq artisti Azərbaycan hökumətindən üzr istədi

Moldovanın xalq artisti Azərbaycan hökumətindən üzr istədi

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək “Dövlət sərhədi haqqında" qanununu pozmuş və buna görə də adı Xarici İşlər Nazirliyi (XİN) tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Moldova Respublikasının vətəndaşı Konstantin Moskoviç adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasının rəhbərliyinə yazılı şəkildə müraciət edib.
 
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Moldovanın xalq artisti Konstantin Moskoviç məktubunda 2009-cu ildə festival çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyini, bu səfərin məqsədyönlü xarakter daşımadığını və ona görə dərin təəssüf hissi keçirdiyini qeyd edərək, Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar vətəndaş mövqeyinin Moldova Respublikasının rəsmi mövqeyi ilə üst-üstə düşdüyünü bildirib və bu məktubla Azərbaycan Respublikasının qanunlarını bir daha pozmayacağı barəsində öhdəlik götürərək, adının bu siyahıdan çıxarılmasını xahiş etmişdir.
 
Nazirlik adı çəkilən şəxsin yazılı müraciətinə müvafiq qaydada baxılacağını bildirib.
 
Qeyd edək ki, Moldovanın xalq artisti Konstantin Moskoviç “Qarabağın azad olunmasına həsr edilmiş bayram tədbirləri”ndə iştirak etmək üçün Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edib. Bundan əvvəl Türkiyənin tanınmış jurnalistlərindən Nagəhan Alçının analoji müraciəti müsbət cavablandırılıb.
APA
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM