COVID-19 pandemiyası və neftin qiymətinin
ucuzlaşması ilə bağlı yaranmış yeni sosial-iqtisadi reallıqlar şəraitində Moody's
Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın bank sektoru ilə bağlı təhlillər
aparıb. Sektordakı vəziyyət, perspektivlər, mümkün risklər qiymətləndirilib. Bu
təhlillər çərçivəsində ölkənin bank sektorunda əhəmiyyətli mövqeyə malik Azərbaycan
Beynəlxalq Bankının bəzi reytinqlərinə də yenidən baxılıb.
Agentlik Bankın kredit ödəmə qabiliyyəti reytinqini
(Baseline Credit Assessment), eləcə də yerli və xarici valyutada uzunmüddətli
depozit reytinqini stabil qiymətləndirib. Yerli və xarici valyutada depozitlər
üzrə həm uzunmüddətli, həm də qısamüddətli Qarşı Tərəfin Risk Reytinqi (CRRs) və
Qarşı Tərəfin Risk Qiymətləndirməsi (CR) isə NP səviyyəsində qərarlaşıb.
Moodys Azərbaycan Beynəlxalq Bankının kapitalının
adekvatlığı əmsalının 2019-cu ilin sonuna 33,1% səviyyəsində olduğunu diqqətə çatdırır. Müəyyən edilmiş
normadan təxminən üç dəfə yüksək olan bu göstəricinin bank üçün kifayət qədər
güclü təhlükəsizlik mövqeyi yaratdığı bildirilir. Hesab edilir ki, Azərbaycan
Beynəlxalq Bankının maliyyə vəziyyəti, kapital mövqeyi hər hansı neqativ təsirlərə
qarşı onun dayanıqlığını təmin edəcək.
Agentlik ekspertlərinin rəyinə görə, Azərbaycan Beynəlxalq
Bankına qoyulmuş depozitlərə dövlət dəstəyi bundan sonra da davam etdiriləcək. Bu,
həm də bankın irimiqyaslı və aparıcı bank olması, sistem əhəmiyyəti daşıması ilə
bağlıdır.
Moodys-in rəyində o da göstərilir ki, indiki şəraitdə
Azərbaycan Beynəlxalq Bankının idarə olunması vəziyyəti, bankda tətbiq edilən
korporativ idarəetmə qaydaları ilə bağlı agentliyin hər hansı narahatlığı
yoxdur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !