Azərbaycanda piydaların və sürücülərin yol hərəkəti qaydalarının tənzimlənməsi ilə bağlı qanun - "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunu mövcuddur. Amma həmin qanuna nə dərəcədə riayət olunur? Bu qanun təkmildirmi? Kimi günahkar, kimi günahsız hesab edir bu qanun?Paytaxt küçələrində tez-tez belə mənzərənin şahidi olmaq mümkündür: Hər hansı xidmətlə
(bu qida ilə də bağlı ola bilər, poçt daşınması ilə da, kuryer xidməti ilə də və s. - red.) məşğul olan şirkətin moped sürən əməkdaşı yol polisi tərəfindən saxlanılıb və küçənin ortasında mübahisə düşüb. Polis mopedi cərimə meydançasına aparmağı, sürücü isə mühərrikin həcmini əsas gətirərək ona belə bir cərimənin tətbiq olunmasının yolverilməz olduğunu əsaslandırmağa çalışır.Bu kimi faktlara dəfələrlə rast gəlmək mümkündür. Bəs qanun nə deyir? Onun tətbiqi necə həyata keçirilir? Praktika necədir? Məsələ ilə bağlı qida xidməti həyata keçirən mərkəzlərdən birində olub qarşılaşdıqları problemlə bağlı mövqelərini öyrənməyə çalışdıq.Adının çəkilməsini istəməyən mərkəz rəhbəri
ANN.Az-a açıqlamasında bildirib ki, qanuna görə, iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsi olan mopedlərə nömrə nişanı və sürücülük vəsiqəsi vacib deyil: “Nəqliyyat vasitəsinin texniki pasportu olmalıdır. Sürücünün "A" kateqoriyalı sürücülük vəsiqəsi də olmalıdr. Bunlar təmin olunarsa, heç bir problem olmamalıdır. Onlar olmadığı təqdirdə, təbii ki, polis saxlamalı və qanununun tələbləri yerinə yetirilməlidir. Amma bizim əməkdaşlar dəfələrlə qanunsuzluqlarla üzləşiblər. Bizim əməkdaşlardan sürücülük vəsiqəsi və mopedlərə nomrə tələb ediblər. Evuakatorlar mopedləri cərimə meydanına aparanda məcbur olub 180 manat cərimə ödəməli oluruq". Şirkət rəhbəri bu kimi halların çox tez-tez baş verdiyini bildirib.O, həmçinin qeyd edib ki, onlar vətəndaşlara sadəcə mopedlərlə deyil, böyük tutumu olan nəqliyyat vasitələri ilə də xidmət edirlər. Ona görə də işə qəbul etdikləri şəxslərdən sürücülük vəsiqələri tələb edirlər: "İşçilər bu məsələdə maraqlı olmalıdır. İşə düzəlmək istəyirlərsə, özlərinə sürücülük vəsiqəsi almalıdırlar. Çünki hər dəfə polis saxlayanda cəriməsinin ödənməsi və s. əlavə problemlər ortaya çıxır".“Sürücülərin Maariflənməsinə Yardım” İctimai Birliyinin sədri Fazil Məmmədov
ANN.Az-a açıqlamasında mövcud problemlə bağlı qanunvericuilikdə ciddi boşluğun olduğunu bildirib: “Qanunda bu məsələ ilə bağlı ciddi boşluqlar var. Piyadalar və sürücülərin olduğunu nəzərə alsaq, piyadalar özləri hər hansı yol hərəkəti qanunu pozduqda cərimələnir. Yol nişanını sındırdıqda, yeraltı keçiddən istifadə etməyəndə və s. Amma moped sürənlərlə bağlı hər hansı hüquqi tənzimlənmə yoxdur. Buna görə də onların iştirakı ilə bədbəxt hadislələr baş verir. Düşünürəm ki, bu məsələ parlamentin müzakirəsinə çıxarılmalı və müvafiq qanun qəbul olunmalıdır”.F.Məmmədov həmçinin qeyd edib ki, qanunvericilikdə boşluğun olması və onların məsuliyyətə cəlb olunmaması, onların qanunları pozmasına və qarşı tərəfi də bədbəxt etməsinə səbəb olur: “Necə olur ki, piyada yeraltı keçiddən istifadə etməyəndə 20 manat cərimələnir, amma moped sürənlər qanunu pozur, sürücülük vəsiqəsi olmadığına görə hər hansı cərimə məsuliyyətinə cəlb olunmurlar? Nəinki moped, velosiped və ya skuterlərlə bağlı da məsələ həmin qanuna salınmalıdır. Bəzən qırmızı işıqda dayanırsan, maşınların arasından keçib qırmızı işığa məhəl qoymurlar. Nəticədə qəzalar baş verir və qarşı tərəfin həbsə düşməsi ilə nəticələnir. Düzdür, moped sürən də bədbəxt olur. Amma qanunun hazırkı müddəalarına görə, günahı olmayan qarşı tərəf həbsə düşməli olur. Buna görə də, mütləq şəkildə qanundakı həmin boşluq doldurulmalıdır”.
ANN.Az mövzu ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən də münasibət öyrənməyə çalışıb. Amma nə mətbuat xidməti, nə də ictimaiyyətlə əlaqlər şöbəsinin əmkdaşları telefon zənglərinə cavab verməyib. Onların da mövqeyini işıqlandırmağa çalışacayıq.
SeymurANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !