Müsavat Rüstəm İbrahimbəyovun şərtini məqbul saymır

12:18 | 16.11.2013
Müsavat Rüstəm İbrahimbəyovun şərtini məqbul saymır

Müsavat Rüstəm İbrahimbəyovun şərtini məqbul saymır

Arif Hacılı: “Bu yolla Milli Şuranın səmərəli fəaliyyətinə nail olmaq mümkün olmayacaq”
Müsavat Partiyası Rüstəm İbrahimbəyovun Milli Şura sədrliyindən istefası ilə bağlı irəli sürdüyü şərti qəbul etmir.
 
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya açıqlamasında deyib ki, yaxın keçmişdə məhz əsas siyasi qüvvələrin razılaşmaları əsasında qəbul edilmiş qərarlar həm Milli Şuranın yaranması, həm də prezident seçkiləri kampaniyası dövründə Milli Şuraya daxil olan qüvvələrin birgə fəaliyyət göstərməsi ilə nəticələnib.
 
A. Hacılı bildirib ki, Milli Şura Azərbaycanda fəaliyyət göstərən aparıcı siyasi partiyaların, ictimai birliklərin və ayrı-ayrı şəxslərin assosiativ birliyidir: “Ancaq bu qurumu yaradan tərəflər var. Hesab edirəm ki, Milli Şurada həmsədrlik institutunun yaradılması tipli məsələlər Milli Şuranın sessiyasından əvvəl tərəflərin razılaşdırılması ilə həll olunmalıdır. Bir daha deyirəm ki, hansısa müsbət nəticələrə nail edilibsə, bu, məhz qərarların bu şəkildə qəbul edilməsi proseduru nəticəsində mümkün olub. Yalnız bu yolla qəbul edilmiş qərarlar Milli Şuranın sonrakı fəaliyyətinin səmərəliliyini təmin edə bilər. Digər yollar, mətbuat vasitəsilə təzyiq və bu prosesdə həlledici rol oynayan siyasi qüvvələrin fikirlərini, mövqelərini nəzərə almamaq cəhdləri nəticə etibarilə konstruktiv yol deyil. Bu yolla Milli Şuranı səmərəli fəaliyyətinə nail olmaq mümkün olmayacaq. Düşünürəm ki, bu məsələlərlə bağlı təzyiq xarakterli, emosional çıxışlar edən həmkarlarımız prosesləri daha dərindən təhlil edərək soyuqqanlı qərarlar qəbul edə biləcəklər”. 
 
Qeyd edək ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın sessiyasında belə qərara gəlsələr ki, həmsədrlik institutu özünü doğrultmur, istefaya gedər və Cəmil Həsənli Milli Şuranın sədri olar. Onun sözlərinə görə, həmsədrlik institutunu ona görə təklif edib ki, Cəmil Həsənli Azərbaycanda, o da xaricdə Milli Şuranı birgə idarə etsinlər. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM