"Müalicəm üçün evimi satmağı düşünürdüm" - Mehman Hüseynov təşəkkür etdi

16:11 | 03.06.2020
Xərçəng xəstəliyindən əziyyət çəkən Mehman Hüseynov ona dəstək olan insanlara təşəkkür edib.

Yeniavaz.com xəbər verir ki, hazırda İsveçrədə müalicə olunan məşhur bloqer Mehman Hüseynov bu barədə "facebook”da yazıb və səhhəti barədə məlumat verib.

Həmin yazını təqdim edirik:

"Dostlar hər birinizə təşəkkürlər ki, məni xilas etməyə çalışırsınız. Çox möhtəşəmsiniz hər birinizin qarşısında baş əyirəm.
Mən artıq öyrəşmişəm çətinliklərə, həyat məni hər dəfə sınağa çəkir. 7 il ölkədən çıxışıma qadağa qoyulmuşdu, polis bölmələri, döyülmə, 2017-də həbs edirlər, həbsdə olduğum vaxtı anamı itirmişəm, sonra yenə həbsimi uzatmaq istədilər, həbsdən çıxdım yenə döyüldüm və nəhayət bir gün həkim gəlib deyir ki, bala, sən xərçəngsən. Həyatım tələb edir ki, mübarizə aparım. Əminəm ki bu şişidə məhv edəcəyəm.

Bu xərçəng hardan çıxdı, bilmirəm. Amma bu şişi Azərbaycan səhiyyəsi ortaya çıxarda bilmədi. Ayağımda damarlar çıxmışdı, bizim klinikalara gedib müayinə olunurdum, həkimlər deyirdi narahat olma, ayağındakı damarlar adi varikozdur. Amma damarlar niyə çıxıb, səbəbi nə olub onu demirdilər. Yeni il ərəfəsi döyüləndən sonra isə heç bir xəstəxana mənə yaxın durmadı. Məni siyasi baxışlarıma görə yaxın buraxmırdılar. Ona görə məcbur oldum getdim Tiflisdə müayinə olundum. Oradakı həkimlər bildiriblər ki, ayağındakı damarlar elə-belə əmələ gəlməyib. Səbəb isə odur ki, damar gəlir qarnımın aşağı hissəsində yox olur. Müayinə edib bildiriblər ki, qarnımın aşağı hissəsində şiş var. Şübhələnirik ki, onkoloji ola bilər, olmaya da bilər. Biopsiya edib, cavablar çıxdıqda gürcü həkimləri bildiriblər ki. biz dəqiqləşdirə bilmirik bu nə şişdi. Biz sizə məsləhət görərdik ki avropda müayinə edəsiniz, çünki orada dəqiq sizə deyəcəklər.

Bakıya qayıdıb seçkilərdə iştirak edib sonradan İsveçrəyə gedəsi oldum müayinə üçün. Ölkədən çıxan kimi COVID-19-a görə ölkəyə giriş çıxış bağlanıb. İsveçrədə 2 ay ərzində həkimlər müayinə edib və yekun qərarı təqdim edib bildiriblər ki, onkoloji şişdi və burada vaxt itirmək olmaz, təcili müdaxilə lazımdır. Lakin o məbləğ nağd əlimizdə olmadı. Mənə burda təklif elədilər ki, gedib İsveçrə hökümətinə müraciət edib, mühacir kimi burada qalsam, məni hər şeylə təmin edəcəklər və üstəlik bu müalicəm, əməliyyatım pulsuz başa gələcək. Yalnız mühacir olduğum halda bu əməliyyat pulsuz oluna bilər. Siz indi yəqin düşünərsiniz ki, mənim başım çatışmır, dəliyəm, amma elə düşünün. Düşünün ki məndə çatışmır.

Mən qəti bu qərarı rədd etdim və heç bir avropa ölkəsinə müraciət etməkdən söz gedə bilməz. Bu təklifdən imtina etdim. Mənim öz ölkəm var - Azərbaycan, öz xalqım var. Həyatımın bir hissəsini korrupsiyaya əli batmış məmurlarla mübarizəyə həsr etmişəm. Çalışmışam xalqa xidmət edim, ölkədə baş verənləri çəkib göstərim. O boyda çətinliklərdən keçib əziyyət görüb sonra durub ölkədən imtina edib mühacirliyə gedən deyiləm. Ölkə hamımızındır, ölkədə problemlər var, deməli bizlər hamımız ölkəmizə sahib çıxmalıyıq. Mənim qərarım qətidir, heç bir mühacirətdən söhbət gedə bilməz. Qayıdıram ölkəm. Mən bundan sonra ayağa qalxsam əgər öz ölkəmdə mübarizəni aparacağam. Sağlamlığım imkan verməsə belə yenə də öz ölkəmdə yaşayacağam, çalışdığım qədər xalqa xidmət etməyə davam edəcəyəm”.

Mehman Hüseynov həmçinin bildirib ki, müalicəsi üçün əvvəlcə evini satmaq istəyib, lakin yolların bağlı olması bu prosesə mane olub: "Lakin çıxılmaz vəziyyəti nəzərə alaraq, qardaşım təklif elədi ki petisiya edək Azərbaycan xalqına muraciət edək və ianə toplayaq. Buna da mən yox cavabı vermişdim. Mən xalqın sosial vəziyyətini  nəzərə alıb dedim ki, buna da razı deyiləm. Həm də istəməmişdim bu məsələ haqqında yazıb sizləri narahat edim. Ən pis halda düşünürdüm ki, mənin Azərbaycanda evim var, onu satıb bir təhər özümü müalicə edərəm. Amma bunun üçün ölkəyə qayıtmaq lazım idi. Nəzərə alsaq ki, ölkəyə giriş çıxış bağlıdır və mənim onkoloji şişə müdaxilə olunub, bu halda vaxt itirmək olmazdı. Həkimlər də bizə təcili olaraq radioterapiya elətdirib, əməliyyat götürmək istəyirlər, çünki getdikcə vəziyyətim pisləşir. Ona görə çıxılmaz vəziyyətdə, qardaşım Azərbaycan xalqına muraciət etdi. Və yəqin düz edib. Xalq məni çətin vəziyyətdə qoymadı. Mən də öz qərarımı düzgün etdiyim üçün çox rahatam. Demək ki, bu xalq üçün, bu ölkə üçün min əziyyətlərdən keçməyə dəyər. Çox sağolun ki bu vəziyyətimi nəzərə alıb dəstək oldunuz. Hamınızı sevirəm. Sağlamlığınızı qoruyun”.
www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM