Azərbaycan Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edilib.
Nazirlikdən SalamNews-a verilən məlumata görə, müraciətdə bildirilir ki, vətəndaşlardan daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla bağlı müəyyən olunmuş qaydalar aşağıdakı kimidir:
Müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan hərbi vəzifəlilər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə (SQ TTM) müraciət edə bilərlər.
Silahlı Qüvvələrin ehtiyacları nəzərə alınmaqla hərbi vəzifəlilər yalnız müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kurslarına qəbul edilirlər.
Müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunu bildirmiş şəxs (şəxslər) SQ TTM-in komandanlığına ərizə ilə müraciət etməlidir. Namizəd tərtib edilmiş sənədlərlə (şəxsi işi ilə) birlikdə yaradılmış peşə-psixoloji seçim komissiyasına təqdim olunur. Namizədin fiziki hazırlığı, ümumi bilik səviyyəsi, məntiqi mühakimə, qərar qəbuletmə, düşünmə qabiliyyəti, peşə maraqları, ixtisas hazırlığı, ünsiyyət qurmaq bacarığı, fərdi-psixoloji və digər keyfiyyətləri öyrənilir. Komissiya tərəfindən peşəkar yararlılığı müsbət qiymətləndirilən namizədin adı namizədlər siyahısına daxil edilir və növbəti qəbul zamanı o, kursa göndərilir.
Kursa təqdim olunan namizəd Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasında tibbi müayinədən keçərək onun xidmətə yararlılıq dərəcəsi müəyyən edilir. Yararlı hesab edilən namizədlər SQ TTM-də təşkil olunan qəbul imtahanlarında iştirak edir. İmtahanları müvəffəqiyyətlə vermiş namizədlər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursuna qəbul edilirlər.
"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul şərtləri:
SQ TTM-də təşkil olunan "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ən azı ümumi orta təhsilli, 28 yaşınadək vətəndaşlar qəbul olunurlar.
"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na namizədlərlə onların kursu bitirdikdən sonra 3 il müddətinə könüllü qaydada əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma imzalanır.
"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq istəyən namizədlər 20 sentyabr 2017-ci il tarixdən 3 oktyabr 2017-ci il tarixədək ərizə ilə SQ TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət etməlidirlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !