Mühacir tarixi barədə kitab nəşr olunub

17:02 | 17.04.2020
Mühacir tarixi barədə kitab nəşr olunub

Mühacir tarixi barədə kitab nəşr olunub

"Qafqazın azadlığı və müstəqilliyi uğrunda. Prometey hərəkatı - iştirakçıların, müşahidəçilərin və rəqiblərin gizli sənəd və materiallarında” («За свободу и независимость Кавказа. Прометеевское движение в секретных документах и материалах участников, наблюдателей и противников») adlı toplu  Bakıda "JekoPrint” nəşriyyatı tərəfindən çap olunmuşdur. Toplunun tərtibçiləri, eləcə də ön sözün, tərcümələrin və qeydlərin müəllifləri tanınmış gürcü tarixçisi G. Mamulia və Azərbaycan siyasi mühacirət tarixinin öyrənilməsinin  öncülü olan həmyerlimiz R. Abutalıbovdur.

Oxuculara təqdim olunan topluda Polşa, Fransa və Gürcüstanın arxivlərində aşkarlanmış  sənəd və materiallar yer almışdır. Bu sənədlərdə, Polşa dövlətinin başçısı, marşal Jozef Pilsudski təşəbbüsü ilə yaradılmış Prometey hərəkatında Qafqazın mühacir anti-bolşevik təşkilatlarının fəaliyyətinin müxtəlif aspektləri öz əksini tapmışdır.

Məlum olduğu kimi, Prometey hərəkatında təbliğat işləri və kəşfiyyat əməliyyatları ilə yanaşı olaraq, Qafqaz dövlətlərinin gələcək siyasi elitasının formalaşdırılmasına böyük önəm verilirdi. Eyni zamanda, 1918-1921-ci illərdə buraxılmış faciəvi səhvlərin müəyyənləşdirilməsi və öyrənilməsi istiqamətində ciddi analitik tədqiqatlar aparılırdı.

Məhz bu istiqamətdəki səylər 1934-cü ilin iyulunda Qafqaz Konfederasiya Paktının - Qafqazın bolşevik Rusiyasının işğalından azad edilməsindən sonra vahid Qafqaz dövlətinin yaradılması haqqında bəyannamənin imzalanmasına imkan verdi. Yaradılmış Ümumqafqaz qurumları -  1926-1935-ci illərdə Qafqaz İstiqlal Komitəsi (QİK) və 1935-1940-cı illərdə Qafqaz Konfederasiya Şurası (QKŞ), mahiyyət etibarı ilə, mühacirətdəki Qafqaz hökumətinin analoqu oldu.Bu baxımdan, Qafqaz prometeylərinin fəaliyyətinin əsas nəticəsi, Qafqaz xalqlarının həqiqi müstəqilliyinin başlıca və yeganə rəhni olan - Qafqazın birliyinin onlar tərəfindən dərk olunması idi.

Toplu mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti