Dünya çempionatının keçirildiyi Braziliyada daha bir qalmaqal baş verib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Nigeriya millisinin futbolçuları komandanın dünənki məşqinə çıxmaqdan imtina ediblər.
Buna Nigeriya Futbol Federasiyasının (NFF) 1/8 finala çıxan millinin futbolçularına vəd etdiyi mükafatı hələ də verməməsi səbəb olub.
Məlumata görə, nigeriyalı oyunçular komandanın bu gün axşama nəzərdə tutulan məşqinə də çıxmayacaqları haqda federasiyanı xəbərdarlıq ediblər.
Rusiyanın İTAR-TASS agentilinin yaydığı xəbərə görə isə bu hədədən sonra NFF-nin rəsmisi futbolçuların mükafat məsələsini təcili həll etmək məqsədilə Nigariyaya qayıdıb.
Nigeriya millisinin oyunçularının DÇ-nin gedişatı zamanı belə bir tələb irəli sürməsi həm də hələ dörd il öncə, DÇ-2010-dən sonra yaşanan hadisə ilə əlaqədardır. Federasiya qrupda iştiraka görə mükafat vəd etsə də, Nigeriya pley-off-a çıxmadığı üçün pullar ödənilməmişdi. İddia edilir ki, nigeriyalı oyunçular oxşar hadisənin bu dəfə də təkrarlanacağından ehtiyat edirlər. Onlar mükafatlarının qısa bir zamanda ödənilməyəcəyi halda həm məşqlərə, həm də iyunun 30-da Fransaya qarşı keçiriləcək DÇ-2014-ün 1/8 final oyununa çıxmayacaqlarını bəyan ediblər.
Xatırladaq ki, bundan əvvəl Afrikanın başqa bir təmsilçisi Qana millisinin oyunçuları da onlara vəd olunan mükafatın verilmədiyini əsas gətirərək Portuqaliya ilə qrup oyunundan imtina edəcəklərini bildirmişdilər. Bundan sonra Qana hökuməti təcili sürətdə Braziliyada olan futbolçulara üç milyon dollar göndərmişdi. Yalnız pullarını aldıqdan sonra qanalı oyunçular Portuqaliya ilə matça çıxıblar.
ANN.Az