Keçmiş "OMON”un Qazax bölməsinin komandiri, Qobustan qapalı həbsxanasında cəza çəkən ömürlük məhkum Elçin Əmiraslanovun səhhəti pisləşib. Bu barədə məlumatı Abzas Media-ya onun qardaşı İlqar Əmiraslanov verib.
Əmiraslanov deyir ki, qardaşı həm epilepsiyadan, həm də Hepatit C virusundan əziyyət çəkir. Son günlərdə ardıcıl olaraq epilepsiya tutmaları keçirsə də, tibb məntəqəsinə yerləşdirilmir.
"Epilepsiya xəstəsidir, bir tərəfi iflic olub. Müalicə olunmayanda halı pisləşir. Son 10 gündür vəziyyəti ağırlaşıb. Hər gün epilepsiyası tutur, iynə vurub özünə gətirirlər. Müraciət edirik ki, Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürsünlər, amma həbsxana rəhbərliyi buraxmır, adının üstündən xətt çəkib, imkan vermirlər. Uzun illərdir hər il müalicə olunurdu, 6-7 ildir xəstəxanaya buraxmırlar. İçəridə də müalicəyə şərait yoxdur".
İlqar Əmiraslanov deyir ki, qardaşının səhhəti günü-gündən pisləşir. Bildirir ki, Elçin Əmiraslanov tibb müəssisəsinə köçürülmək üçün Qobustan qapalı həbsxanasının rəhbərliyinə müraciət etsə də, icazə verilməyib.
"Bu gün özü ilə danışdım, deyir ki, əllərində qaralma gedir, bir hissəsi işləmir, başında ağrılar başlayıb. 27 ildir Qobustan həbsxanasında saxlanılır. Orada bunu Hepatit C xəstəliyinə yoluxdurublar. Dərman alıb həbsxanada müalicə etdirirdik, ancaq həbsxanada olmur bu, tibb müəssisəsinə köçürülməlidir. Özü də müraciət edir, biz də müraciət edirik, tibb müəssisəsinə buraxmırlar”.
Ədliyyə Nazirliyinin mətbuat xidməti zənglərimizə cavab verməyib.
Elçin Əmiraslanov OMON-un, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) üzvü olub. 1997-ci ildə "Vətənə xəyanət”də ittiham olunaraq ölüm cəzasına məhkum edilib. Daha sonra ölüm hökmü ləğv edilib və ömürlük həbslə əvəzlənib. O, 27 ildir ki, həbsdədir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !