Azərbaycan Dövlət Musiqili Teatrının İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında iştirakı uğurla yekunlaşıb.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Musiqili Teatr dünyanın təqribən 20 ölkəsinin təmsil olunduğu bu nüfuzlu festivalda dahi Üzeyir Hacıbəylinin məşhur "Ər və arvad” iki hissəli musiqili komediyasını təqdim edib. Tamaşanın nümayişi anşlaqa səbəb olub. Səhnə əsəri festival iştirakçıları və Təbrizli tamaşaçılar tərəfindən maraq və rəğbətlə qarşılanıb. Məhz bu böyük maraq və sevginin nəticəsi olaraq Təbrizli tamaşaçıların xahişi ilə "Ər və arvad” tamaşası ikinci dəfə nümayiş olunub. Yaradıcı heyətin ruh yüksəkliyi ilə oynadığı səhnə əsəri yüzlərlə Təbriz sakininin böyük çoşqusuna səbəb olub. "Kollektivimizin üç üzvü bu möhtəşəm festivalın mükafatını qazandı. Azərbaycan Respublikasının Əməkdar artistləri Nahidə Orucova "Ən yaxşı qadın rolunun ifaçısı”, Ələkbər Əliyev və Əkbər Əlizadə isə "Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib oldular. Mükafatlar təqdim olunarkən bütün zal ayağa qalxıb onları alqışlayırdı. Bunun özü bizə olan böyük sevginin göstəricisi idi. Sevinirəm ki, Musiqili Teatr 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında ölkəmizi layiqincə təmsil etdi, beynəlxalq arenada daha bir uğura imza atdı”, - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev söyləyib.
Qeyd edək ki, 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında nümayiş olunan "Ər və arvad” tamaşasının quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Tamaşada rolları Əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa ediblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !