Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 2 Fevral Gənclər Günü münasibətilə 2016-cı ildə fəaliyyəti ilə fərqlənmiş, uğur qazanmış gəncləri mükafatlandırıb.
Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, "İlin gənc aktyoru” nominasiyasında mükafata tamaşaçılara Baladadaş kimi yaxşı tanış olan Əmrah Dadaşov layiq görülüb. Əmrah Dadaşov ötən il Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında səhnələşdirilmiş "Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasında baş qəhrəmanı – Baladadaş obrazını canlandırmaqla böyük səhnəyə gəlib, tamaşaçıların rəğbət və sevgisini qazanıb. "Özümü çox xoşbəxt hiss edirəm. Düşünürəm ki, bu mükafat təkcə mənə yox, mənim simamda həm də teatrımızın gənclərinə, bizə bu işdə dəstək olan insanlara verilib. Sənətdə ilk addımımı Baladadaş obrazı ilə atdım. Musiqili Teatrın direktoru Əliqismət Lalayevə təşəkkür edirəm ki, hələ tələbə ikən bu obrazı mənə etibar etməklə böyük etimad göstərdi. Sözün həqiqi mənasında Baladadaş rolu mənim həyatımda dönüş nöqtəsi olmaqla yanaşı, həm də çox düşərli oldu. Bu mükafata məhz Baladadaş obrazının ifasına görə layiq görülmüşəm. Fürsətdən istifadə edib bizə daim diqqət göstərən Mədəniyyət və Turizm Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Teatr Xadimləri İttifaqına minnətdarlığımı bildirirəm. Calışacağam ki, bundan sonra uğurlarım daha da çox olsun”, - deyə Əmrah Dadaşov bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !