Mustafa Dənizli Ağabala Ramazanovu cəzalandırdı

19:03 | 06.12.2013
 “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Mustafa Dənizli komandanın futbolçusu Ağabala Ramazanovu cəzalandırıb. Lent.az-ın əldə etdiyi məlumata görə, 20 yaşlı hücumçu əsas komandadan kənarlaşdırılaraq, əvəzedici heyətə göndərilib.Buna gənc forvardın Topaz Premyer Liqasının XV turunda AZAL-la oyun zamanı intizamsızlığı səbəb olub. Ramazanov 1:1 hesablı heç-heçə ilə nəticələnən matçın 86-cı dəqiqəsində aqressiv hərəkəti səbəbindən birbaşa qırmızı vərəqə alıb. “Xəzər Lənkəran” mərkəzi stadionunda keçirilmiş həmin oyunda Dənizli rəsmən baş məşqçi olmasa da, matçı tribunadan izləyib. Türkiyəli mütəxəssis bu futbolçunun adını dekabrın 4-də “Neftçala” ilə Azərbaycan Kubokunun 1/8 final matçında nəinki start heyətə, heç “18-liy”ə belə daxil etməyib. Halbuki çempionat matçındakı cəza kuboka şamil edilmir.Ramazanovun əvəzedici heyətə göndərilməsinə dair xəbəri “Xəzər Lənkəran”ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu da Lent.az-a açıqlamasında təsdiqləyib. Cəbrayıloğlu bildirib ki, gənc hücumçu AFFA İntizam Komitəsinin kəsdiyi 2 oyunluq cəza səbəbindən “İnter” və “Rəvan”la XVI və XVII tur matçını buraxmalı olacaq. Bu səbəbdən, futbolçunun oyun praktikasını itirməmək üçün əvəzedici heyətdə çıxış etməsi məqsədəuyğun sayılıb. Mətbuat katibi bildirib ki, Ramazanovun “Neftçala” ilə ölkə kuboku matçında oynamaması baş məşqçinin qərarıdır.Qeyd edək ki, Ağabala Ramazanov “Xəzər Lənkəran”ın sabiq və tanınmış hücumçusu Zaur Ramazanovun qardaşıdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM