Dünyanın 26 ölkəsini təmsil edən 116 mütəxəssis BMT-yə müraciət edərək avtonom silah sistemlərinin işlənib hazırlanması və istifadəsinin qadağan olunmasını istəyib.
anews.az lent.az-a istinadən xəbər verir ki, müraciət müəllifləri arasında "SpaceX” və "Tesla” şirkətlərinin yaradıcısı İlon Mask və süni intellekt üzrə tədqiqatlar aparan "DeepMind” şirkətinin təsisçisi Mustafa Süleyman da var.
Mütəxəssislər xəbərdarlıq edir ki, insanın iştirakı olmadan savaş apara biləcək robot texnologiyasının inkişafı üzrə ölkələrin mümkün yarışı dünya tarixində bu sahədə üçüncü inqilaba səbəb ola bilər (Birinci inqilab barıtın, ikinci inqilab isə nüvə silahının icad olunması sayılır). "Yeni silah tipi terrorçular və diktatorlar tərəfindən dinc əhaliyə qarşı istifadə oluna bilər. Bundan başqa, hakerlərin də bu silah sistemlərinə müdaxilə edərək onlardan yolverilməz məqsədlər üçün istifadə etməsi mümkündür”, - deyə müraciətdə bildirilir.
Qeyd edək ki, məktub Melburnda süni intellekt məsələləri üzrə beynəlxalq konfransın açılışı ərəfəsində BMT-yə göndərilib. "The Guardian” yazır ki, avtonom letal silahlar artıq mövcuddur. Belə ki, "Samsung”un işləyib hazırladığı yeni SGR-A1 növbətçi-robotu atəş açmaq barədə müstəqil qərar verməyə qadirdir. Qatil robotlar barədə işlər ABŞ və Rusiyada da aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !