İsmayıllı Regional Mədəniyyət
idarəsini rəisi Elnur
Hüseynov , məsləhətçisi Şamo Nuğayev və rəis
müavini Azər Abbasovun idarənin işçilərdən rüşvət alması və onları qanunsuz sıxışdırması
barədə redaksiyamıza daxıl olan məktubu çap etməyimizdən az ötmüş həmin məmurların
digər qanun pozuntuları ilə bağlı bizə daha bir məktub daxil oldu.
İdarənin adının çəkilməsini istəməyən
keçmiş əməkdaşının imzası ilə daxil olan məktubda bildirilir ki, idarənin rəisi Elnur Hüseynovun özü və onun təyinatında böyük
rolu olan Mədəniyyət nazirliyinin Aparat rəhbərinin müavini Namiq Qulamova İsmayıllı rayonun
Talıstan kəndində villa tikdirir. Həmin villanın tikilməsi üçün lazım olan pullar isə əsasən İsmayıllı Regional Mədəniyyət
İdarəsinin tabeçiliyində olan 5 rayonun (İsmayıllı, Ağsu, Şamaxı, Qəbələ,
Qobustan) mədəniyyət müəssisələrindən qeyri-qanuni şəkildə mənimsənilir. Bu barədə
hətta Qobustan rayon Təklə kənd musiqi məktəbində təsərrüfat işlərinə cavabdeh
olan Fəyaz İmamverdiyev mədəniyyət naziri Əbülfəz Qarayevə ünvanladığı şikayət ərizəsində
bildirib.
Redaksiyamıza daxil olan məktubda qeyd olunur
ki, həmin şəxsin ərizə yazmasını və idarə
rəisinin adının hallandırılmasını Regional Mədəniyyət idarəsinin məsləhətçisi
Şamo Nuğayev təşkil edib. Buna səbəb isə, Şamo Nuğayevin adı çəkilən musiqi məktəbinin direktorunu işdən
kənarlaşdırmaq istəyi olub. Sonda şikayətçinin ərizəsini naməlum səbəbdən geri götürməsi bu istəyin
reallaşmasını əngəlləyib.
Şamo Nuğayevin belə bir istəkdə olması növbəti fotofaktda aydın görünür. Belə ki, Nuğayev
diqqətinizə təqdim etdiyimz e-mail yazışmasında Qobustan rayon Mədəniyyət Mərkəzinin
direktoru Daşqın Ağayevin işdən çıxarılması ilə bağlı kiməsə məsləhət verir və Ağayevin tənbeh olunması tələbini yazdırmağa çalışır.
Sonda Şamo Nuğayev buna nail olur və Daşqın Ağayev
vəzifəsindən kənarlaşdırılır.
Amma Nuğayevin ürəyi bununla soyumur. O, buna bənzər
bir plan hazırlayaraq Şamaxı rayon Heydər
Əliyev Mərkəzinin böyük elmi işçisi Məhəmməd
Əliyevin işdən qovulmasına səylər göstərir.
Belə ki, o, apardığı "yoxlama” əsasənda idarənin rəsi Elnur Hüseynova məlumat
ünvanlayır. Amma Nuğayevin cəhdi boşa
çıxır və Məhəmməd Əliyev vəzifsindən kənarlaşdırılmır.
Redaksiyamıza daxil olan məktubun müəllifi iddia edir ki, Şamo Nuğayev ona rüşvət
verməyən işçilərin kənarlaşdırılması
kimi əyri işlərlə məşğul olub. Hətta onun haqqında İsmayıllı Rayon İcra
Hakimiyyətinə də bir neçə nəfər şəxs müraciət edib.
Şamo Nuğayevin həmin şikayətçilərin ərizəsinə
verdiyi izahatdan bəlli olur ki, ərizəni
imzalayan 3 nəfərdən Şamo Nuğayevin pul alıb. Amma əhatəsində olan adamların
Nuğayevin xeyrinə izahat verməsi onu cəzadan qurtarıb.
Şamo Nuğayevin rüşvət alma, yaxud pul tələb etməsi
haqqında daha bir neçə faktlar da gətirilir.
Belə ki, İsmayıllı Regional Mədəniyyət İdarəsinin digər iki işçiləri bildirir ki, Nuğayev onlardan birindən 200
manat, digərindən 500 manat alıb. Aşağıda
təqdim etdiyimiz fotolardan da bu açıq bilinir.
Əldə etdiyimiz məlumata görə Şamo Nuğayev bu işlərdə
İsmayıllı rayon Mərkəzi Poçtunun işçisi olan atası Rəhman Nuğayevin ərizə
yazmaq peşəkarlığından istifadə edir. Şamo Nuğayevə qarşı atılan addım ona sərf
etmədiyi təqdirdə atası Rəhman Nuğayev həmin an işə qarışır. Qarşı tərəf
haqqında müxtəlif dövlət qurumlarına qarayaxma ərizəsi yazır. Onların şəxsi işlərinə
ləkə salacağı ilə hədələyir. Bu cür qarayaxma ərizələrinə görə Rəhman Nuğayev
haqqında İsmayıllı rayon Məhkəməsində proses gedir. Rəhman Nuğayev haqqında bu
tipli bir səs yazısı da var. Həmin səs yazısında bir xanım ağlayaraq Rəhman
Nuğayevə yalvarır ki, onu həbs etdirməsin.
Həmin xanım hazırda İsmayıllı Regional Mədəniyyət İdarəsində çalışır. Həmin şəxsin
qadın olmasını nəzərə alaraq səs yazısını verməməyə qərara aldıq.
Rəhman Nuğayevin növbəti belə bir şər, böthan
kompaniyası ondan şikayətçi olan vətəndaş haqqındadır. Şikayətçi vətəndaşı Gəncə hadisələri ilə təhdid
edir. Əgər vətəndaş onunla bağlı şikayətindən əl çəkməsə onu və qardaşını Gəncə
hadisəsi ilə əlaqələndirməklə barələrində müxtəlif qurumlara şikayət göndərəcəyini deyir. Həmin səs yazısını təqdim edirik:
Göndərilən səs yazının birində Şamo Nuğayev deyir
ki, atam Rəhman Nuğayev idarəmizin rəisi Elnur Hüseynovun üzünə söyüb. Həmin səs
yazısını təqdim edirik:
Növbəti məlumat İsmayıllı Regional Mədəniyyət idarəsinin
rəis müavini Azər Abbasov haqqındadır.
Bu barədə redaksiyamıza daxil olan məktubda
bildirilir ki, kend.info saytının baş redaktoru Elçin İsmayıllı Azər
Abbasovdan qanunsuz olaraq 1000 manat
aldığına görə həbs olunub. Bunu "İnstitute for Peace and Democray” təşkilatı
bildirir. Lakin Elçin İsmayıllı məhkəmədə
dindirilərkən qeyd edib ki, Azər Abbasovu uzun illərdi tanıyır və yaxın münasibətləri
olub. Həmin 1000 manat pulu A.Azərə borc verib.
Elçin İsmayıllının sözlərinə görə, bu məsələ ilə
bağlı Azər Abbasovun məhkəməyə təqdim
etdiyi səs yazısı montaj edilib və pulun borc verilməsi barədə fikirlər kəsilib.
Savash.org saytında "İsmayıllı mədəniyyət və turizm idarəsindən prezidentə şikayət - ŞOK TƏFƏRRÜAT” və Dosye.org saytında "İsmayıllıda biabırçılıq: Əbulfəz Qarayev nədən susur?” başlıqları altında yazılan məqalədə Azər Abbasovun İsmayıllı Mədəniyyət və Turizm şöbəsinin müdiri olduğu dönəmdə şəhid Təyyar Mahmudovun adına külli miqdarda pul mənimsədiyi və şəhidin həyat yoldaşının dövlət qurumlarına olan şikəyindən sonra Azər Abbasovun əməlindən peşman olduğundan töhmət aldığı qeyd edilir.
Qeyd edək
ki, adı çəkilən şəhidimiz Təyyar Mahmudov İsmayıllı rayon Sulut kənd
kitabxanasında müdir işləyib. 1993-cü ildə
Qarabağ müharibəsi zamanı könüllü orduya yollanıb və itkin düşüb. 2001-ci ildə İsmayıllı rayon Məhkəməsinin qərarı
ilə itkin düşmüş elan edilərək ölmüş hesab edilib və Təyyar Mahmudova Şəhid adı verilib.
Bakunews.az
saytı Azər Abbasovun şöbə müdiri işlədiyi dönəmdə öz işçisi ilə eşq məcaraları
yaşadığını və Gürcüstandan xarici
avtomobillərin ölkəmizə gətirilərək satışı ilə məğşul olduğunu yazır.
Teref.az
saytı yazır ki, Azər Abbasov şöbə müdiri işləyərkən İsmayıllının mədəniyyət və
turizm obyektlərindən qanunsuz pul yığırmış. Hətta şöbə müdiri turist-gəzinti marşrutları boyunca da özünə əsil ticarət şəbəkəsi
yaradıbmış. Belə ki, marşrut üzərində yerləşən xırda ticarət obyektlərində
turistlərə yerli suvenirlər, xatirə hədiyyələri və s satışı həyata keçirilir.
Əldə olunan gəlirlərin isə, böyük bir hissəsini bu ticarətlə məşğul
olanlar Azər Abbasova verməli olurlar.
Redaksiyamıza daxil olan məktubda qeyd edir ki, bu cür neqativ işlə məşğul
olan şəxslər barəsində İsmayıllı rayon Prokurorluğuna şikayət edilsə də hüquq mühafizə orqanları onları araşdırmır. Azər Abbasovla yaxın
dostluq əlaqələrinin olması səbəbindən rayon prokurorluğu əməkdaşı şikayətçinin ziyanına qərar çıxardır və təqdim
etdiyi faktları əsassız hesab edir. "İsmayıllı
rayon prokurorluğunun çıxardığı nəticədən
Baş Prokurorluğa şikayət etmişəm və şikayətimi qeydiyyata aldırmışam. Amma Azər Abbasov və Şamo Nuğayev məni əsassız
olaraq məhkəməyə verib. Mən ölkə
prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyevadan köməklik istəyirəm.
Xahiş edirəm müvafiq qurumlara bizim işimizə düzgün baxılmasına göstəriş verilsin”,
- deyə məktubda bildirilir.
Məsələ ilə bağlı İsmaıyıllı Regional Mədəniyyət İdarəsi ilə əlaqə
saxladıq. Yazıda adı çəkilənlərin hamısının adından cavab verəcəyini bildirən, idarənin məsləhətçisi Şamo Nuğayev dedi ki, barələrində deyilənlərin hamısı cəfəngiyyatdır.
Zaur Qənbərov
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !