"Üç tarix” kinoalmanaxı çərçivəsində çəkilmiş daha bir qısametrajlı film beynəlxalq uğura imza atdı
"Nar” mobil operatorunun və "İçərişəhər” dövlət tarix-memarlıq qoruğu idarəsinin dəstəyi ilə 2013-cü ildə yaradılmış "Üç tarix” adlı kinoalmanax çərçivəsində çəkilən "Tanrıya məktub” filmi dünyanın ən nüfuzlu qısametrajlı film və ssenari festivallarından olan 12-ci "DC Shorts” festivalının müsabiqə proqramına daxil edildi. 10 sentyabr 2015-ci ildə Vaşinqton şəhərində start götürmüş kinofestivalda 24 ölkənin istehsalı olan 125 qısametrajlı film nümayiş etdirildi. Gənc azərbaycanlı rejissor Mariya İbrahimovanın qısametrajlı filmi ABŞ-ın bu mötəbər film festivalının proqramına daxil edilməklə, daha geniş tamaşaçı auditoriyasının diqqətini cəlb edərək böyük uğura imza atdı.
Festivalda nümayiş etdirilən "Tanrıya məktub” filmi kino həvəskarları arasında keçirilmiş səsvermə nəticəsində təqdim olunan "Tamaşaçıların rəğbəti” (AUDIENCE WINNERS) mükafatına layiq görüldü. Film tamaşaçıların böyük marağına səbəb oldu, kino zalında boş yerlər qalmadığı üçün filmi seyr etmək istəyənlər hətta pilləkənlərdə də oturmağa razı olurdular.
Ölkə mədəniyyətinin təbliği istiqamətində fəaliyyəti ilə tanınan "Nar” Azərbaycanın kinomotoqrafiya sənətinin inkişafı missiyasına öz töhfəsini vermiş və bu istiqamətdə bir çox layihəyə imza atmışdır. Milli-mənəvi dəyərlərə böyük önəm verən "Nar” əsrlərin xatirəsini özündə yaşadan qədim Bakının təkrarolunmaz ənənələrini qorumaq və yaşatmaq məqsədi daşıyan bu layihəyə də öz dəstəyini əsirgəməmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !