Yenilənmiş Nar mərkəzləri Nar Bağı konsepsiyasına uyğun olacaq
Hər zaman müştərilərinin qayğısına qalan və abunəçilərinə müstəsna dəyər, sadəlik və faydalı yenilik vəd edən "Nar” yeni "Nar Bağı” kreativ platformasına uyğun olaraq yenilənmiş mağazasını media nümayəndələrinə təqdim etdi. M.Cəfərov ünvanında yerləşən Nar mərkəzinin açılışında iştirak edən qonaqlar yeni mağaza və operatorun məhsulları ilə tanış olmaq imkanını əldə etdilər.
Açılış mərasimində çıxış edən Azerfon şirkətinin Satış üzrə direktoru Samir Məmmədov qonaqları salamlayaraq, Nar rabitə operatorunun nailiyyətləri və yeni dizayn konsepsiyası haqqında danışdı: "Son 2 ildə biz şəbəkəmizi təkmilləşdirdik, müştəri xidmətlərimizi yaxşılaşdırdıq, innovasiyalar təqdim etdik və yeni biznes istiqamətlərinin təməlini qoyduq. Bir müddət əvvəl isə yeni vizual görünüşümüzü təqdim edərək yeni mərhələyə qədəm qoyduq. Gördüyünüz yeni "Nar” mərkəzi dostcasına söhbətləşmək, harmoniyaya qovuşmaq və sevdiklərimizlə əlaqə yaratmaq üçün mükəmməl bir məkandır. Burada hər bir kəs özünü rahat, isti və işıqlı bir mühitdə hiss edir. Biz hər kəsi Nar Bağına dəvət edirik.”
Qeyd edək ki, yeni "Nar” mərkəzində qonaqlara müxtəlif imkanlar təklif olunur. Bu fürsətləri üç istiqamət üzrə fərqləndirmək olar:
1. Abunəçilərin gözlənilən TV və İnternet kampaniyaları, yeniliklər barədə məlumat alacaqları, "Nar Home” təcrübəsi yaşayacaqları və özlərini evlərindəki kimi hiss edə biləcəkləri Tanışlıq zonası;
2. Abunəçilərin "Nar dünyasına” bağlanmaq üçün lazım olan ən son məhsullar, telefonlar və kompüterlərlə tanış ola biləcəkləri Əlaqələndirmə zonası;
3. "Nar” əməkdaşlarından hər cür dəstək ala biləcəkləri İşgüzar zona.
Yeni formatda işə başlayan ilk "Nar” mərkəzi Bakı ş., M. Cəfərov küç. 3005 ünvanda fəaliyyət göstərir.
Bizi sosial şəbəkələrdə izləyin !