2023-cü ildə dispanser nəzarətində olan
narkomanların sayı 36 min 659 nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 1562
nəfər və ya 4,5% çoxdur. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında deyilir.
Ötən il narkoman qadınların sayı 230 nəfər artaraq 802 nəfər ə çatıb.
Sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, narkotiklə mübarizə
sahəsində görülən işlər metodoloji cəhətdən düz qurulmayıb.
"Narkomanların sayının artmasına səbəb narkotiklərin yayılmasına qarşı aparılan işin düzgün qurulmamasıdır. Onlar elə
bilirlər ki, qadağa qoymaq ilə bunun qarşısını almaq olar. Günü-gündən
mürəkkəbləşən cəmiyyətdə qadağa qoymaqla problemləri həll etmək olmaz. Gərək
həm qadağa qoyasan, həm də insanların özünü elə hazırlayasan ki, özləri bu
işlərlə mübarizə aparmağa həvəsli olsunlar”, - sosioloq deyib.
Qəşəmoğlunun sözlərinə görə, narkomaniyanın qarşısını almaq üçün
məhəllələr üzrə sosial iş xidməti qurulmalıdır.
"Bunların qarşsını almaq üçün təəssüf ki, lazım olan tədbirlər
görülmür. Azərbaycanda hər məhəllə üzrə sosial iş xidməti olmalıdır. Burada
sosial işçilər işləməlidir. Narkomaniyanın qabağını polislə almaq mümkün deyil.
İndiki vaxtda heç kimi nəyisə edib-etməməyə məcbur etmək olmur. Gərək insanı
elə formalaşdırasan ki, o özü bunu
etməməyə çalışa. Ona görə də, məhəllələr
üzrə sahə polisi olduğu kimi sosial iş xidməti də olmalıdır. Narkobizneslə
məşğul olanların sosial-psixoloji, sosial-iqtisadi portretini öyrənmək lazımdır
ki, onlar buna niyə məcburdur? Bu olmadıqda nəyin ki, narkomaniya digər
məsələlər də artacaq” , - Qəşəmoğlu vurğulayıb.
Psixoloq Zeynəb
Əyyubova bildirib ki, narkomaniyanın artması bir neçə - psixoloji, sosial, iqtisadi
səbəblərdən və mədəni faktorlardan qaynaqlana bilər.
"
İnsanlar gündəlik həyatda yaşadıqları stress və təzyiqləri aradan qaldırmaq, psixoloji
problemlər yaşayan insanlar rahatlamaq və özlərini daha yaxşı hiss etmək üçün
narkotiklərdən istifadə edə bilərlər. Çətin ailə mühiti, münasibət problemləri, sosial dəstək və
əlaqələrin zəif olması insanların narkotik maddələrə yönəldə bilər. Gənclər
arasında narkotik maddələrə meyllərin artmasının səbəbi dostların təsiri ola
bilər. Eyni
zamanda işsizlik, maddi çətinliklər yaşayan insanlar reallıqdan qaçmağın yolunu
narkotik maddələrə müraciət etməkdə tapırlar. Həmçinin narkomaniyanın vüsət almasının
bir digər səbəbi narkotik
maddələrin asan əldə edilməsidir”, - psixoloq deyib.
Psixoloqun
sözlərinə görə, narkotik istifadəsinin qarşısını almaq üçün maarifləndirmə
aparmaq, psixoloji, sosial dəstək göstərmək lazımdır.
"Məktəblərdə
və universitetlərdə narkotik maddələrin zərərləri barədə məlumatlandırma
proqramları təşkil etmək, media vasitəsilə geniş maarifləndirmə kampaniyaları
aparmaq, psixoloji problemləri olan insanlara yardım etmək üçün psixoloq və
psixiatr xidmətlərinin əlçatanlığını artırmaq, stress idarəsi və sağlıq
psixologiyası üzrə təlimlər keçirmək, ailələrə və cəmiyyətə sosial dəstək
proqramları təklif etmək lazımdır. Həmçinin narkomaniyanın qarşısının
alınmasında sosial işçilər, məsləhətçilər aktiv rol oynayır”, - Əyyubova söyləyib.
Onun
sözlərinə görə, narkotik maddələrin qanunsuz ticarətinə və istifadəsinə qarşı
ciddi qanunvericilik tədbirləri görmək, polis və təhlükəsizlik orqanlarının bu
sahədə fəaliyyətini gücləndirmək vacibdir.
Psixoloq
həmçinin narkomaniya ilə mübarizə aparan insanlar üçün reabilitasiya və müalicə
proqramlarının genişləndirilməsi, reabilitasiya mərkəzlərinin sayının
artırılması və onların effektivliyinin yüksəldilməsinin zəruriliyini vurğulayıb.
Narkotizmlə
Mübarizə İctimai birliyinin icraçı direktoru Kənan Qubadzadənin sözlərinə görə,
bəzi insanlar maddi imkanlarının çox , əhatə dairəsinin pis olmasından dolayı
bu cür vərdişlərə qurşanırlar.
"Narkotikə qurşanmada hər hansı maraq və istəkdən söhbət gedə bilməz. Heç kim istəməz ki, sağalmaz xəstəliyin aludəçiliyi olsun. Narkotiki əlçatan edən insanların arasında olan yararsız narkokuriyerlərdi, onlar cəmiyyəti korlamaq üçün bu cür addımlar atırlar. Narkotikə aludəçilik insanların iradəsinin zəifliyindən irəli gəlir ki, bu da istər gənclərin, istər qadınların, istərsə də digər kateqoriyadan olan insanların bu cür pis vərdişlərə düşməsinə səbəb olur. Narkomaniya ilə mübarizə qalibsiz müharibədi. Nə qədər mübarizə tədbirləri aparılsa da, əsrlər boyu ona qalib gəlmək mümkün olmayıb. Yalnız rəqəmlərin qalxmasının və bununla bağlı tədbirlər gücləndirilir”, - icraçı direktor qeyd edib.
Qubadzadə bildirib ki, Azərbaycanda narkomaniya ilə mübarizədə tədbirlər çox şaxəli inkişaf edir.
"Ölkədə narkomaniya çox ciddi mübarizə aparılan bir sahədir.Bütün cinayət məsuliyyətli tədbirlərə qarşı operativ reaksiya verilir.
Hüquq-mühafizə orqanlarının ayıq sayıqlığı nəticəsində hər il mübarizə tədbirləri daha da güclənir, sürətlənir, ötən illərlə müqayisədə daha geniş maştabda aparılır. Quru sərhədlərin bağlı olması daha operativ və qısa bir arealda problemlərin həllinin aparılması üçün mütərəqqi addımdır”, - o əlavə edib.
Daha öncə deputat Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı
narkoloji müalicələr istiqamətində özəl sektorun beynəlxalq təşkilatlardan
qrant alması üçün şərait yaradılmasını təklif edib.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva martın 5-də Milli Məclisdə qurumun 2023-cü il hesabatını təqdim edərkən ölkədə narkomaniyaya düçar olan şəxslərin müalicəsi üçün müasir üsullardan istifadə edilməsinin lazım olduğunu vurğulayıb.
İctimaiyyətin diqqətini narkomaniya
ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən hər il iyunun 26-sı Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq
Mübarizə Günü kimi qeyd olunur.
İstiqamət:6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !