Natəvan Əliyeva: “Mənim missiyam paltar dizayneri olmaqdır” – MÜSAHİBƏ

16:21 | 16.03.2016
Natəvan Əliyeva: “Mənim missiyam paltar dizayneri olmaqdır” – MÜSAHİBƏ

Natəvan Əliyeva: “Mənim missiyam paltar dizayneri olmaqdır” – MÜSAHİBƏ


Rüstəm Qasımov

Rəssam, dizayner, qalereyaçı Natəvan Əliyeva ilə müsahibə

- Natəvan, necə olur ki, bir insanda bu qədər qabiliyyət olur? Siz ən çox özünüzü nə hesab edirsiz? 

- Yəqin ki, hərtərəfli insanam (gülür). Əlbəttə, mən rəssam, qalereyaçı və geyim dizayneriyəm, ancaq məncə, mənim missiyam paltar dizayneri olmaqdır. Bu peşəni uşaq vaxtdan sevirəm. Paltarları tikməklə, toxumaqla mən dərk eləməyə başladım ki, paltar dizaynı çox maraqlı sahədir və getdikcə buna daha çox aludə oldum. Bununla yanaşı, mən rəssamlıqla məşğul olur, müxtəlif müsabiqələrdə iştirak edirdim. Məncə, tale özü məni bu yola istiqamətləndirdi. Özümdəki inkişafı və müəyyən uğurları gördükdən sonra isə başa düşdüm ki, bu mənim missiyamdır
 


- Bunu necə dərk etdiniz? 

- Mən trendləri hiss edirdim, rəng qammasını yaxşı anlayırdm və hələ onda geyimlərin əsas dizaynlarını fərqləndirə bilirdim. 

- Bəs ailəniz modelyer olmaq qərarınıza necə yanaşdı? 

- Əvvəlcə biraz ehtiyatla yanaşdılar (gülür). Valideynlərim düşünürdülər ki, bu sadəcə bir məşğuliyyətdir və zamanla keçəcək, ancaq tərsinə oldu. Birinci təhsilimi Rəssamlıq Akademiyasında "moda” fakültəsində aldım. Bakalavrı və magistraturanı bitirəndən sonra isə, Moskvaya getdim, Rusiya Dövlət Dizayn və texnologiya universitetinin "ayaqqabı və aksessuar dizaynı” fakültəsinə daxil oldum. Mənim qarşımda paltar və ya aksessuar kimi iki seçim vardı. Birinci istiqaməti artıq bildiyimi nəzərə alıb, başqa bir sahəni seçmək qərarına gəldim. Yeri gəlmişkən, deyim ki, etdiyim seçimə görə heç vaxt peşmançılıq keçirməmişəm, modelyer və paltar dizayneri olmaqla mən heç vaxt özümü hansısa çərçivələrlə məhdudlaşdırmamışam, əksinə, dizayn sənətinin hüdudlarını dərk eləməyə çalışmışam. 

- Universitet təhsili zamanı nələr öyrəndiniz? 

- Proqram çox gərgin idi. Biz öyrənir, çantalar, ayaqqabılar, müxtəlif aksessuarlar və s. tikirdik. Təhsil zamanı mən müxtəlif nümayişlərdə dəfələrlə iştirak etmişəm, lazım olan təcrübəni yığmışam və eksperiment etməkdən qorxmamışam. 
 


- Natəvan, məşhur Vyaçeslav Zaysevin məktəbinə necə düşdüyünüz barədə danışardınız?

- Universiteti bitirdikdən sonra qarşımda iki seçim vardı, ya Londondakı Sent-Martins universitetinə daxil olmaq, ya da əfsanəvi modelyer Vyaçeslav Zaysevin məktəbində oxumaq. Mən Sent-Martinsə müraciət etdim. Həm də hər ehtimala qarşı Zaysevin məktəbinə sənədlərimi göndərdim. Sonra adını çəkdiyim universitetin nümayəndələri məndən müsahibə götürdülər, onlar işlərimi çox bəyəndilər və dərhal 2-ci kursdan dərslərə başlamağı təklif etdilər. Eyni zamanda Zaysev məktəbi də mənim namizədliyimi qəbul etdi. Dürüst desəm, valideynlərim qorxurdular ki, geri qayıtmaram, ona görə də mənim Londona getməyimə isti yanaşmırdılar (gülür). Ancaq tam əminliklə bilirdim ki, Zaysevin məktəbində oxumaq mənim taleyimdir. 

- Deməli, siz Londona gedəsi olmadınız. Moskvadakı təhsilinizin sizə göstərdiyi təsirdən danışardınız? 

- Deyim ki, korifeylə ünsiyyətdə olmağın özü bir məktəbdir! Bizim tariximizdə tanınmış şəxsiyyətlər üçün paltarlar tikən bu adam özündə çox vacib keyfiyyətlər daşıyır, o artıq dizayn sənəti üzrə gəzən ensiklopediyadır. Vyaçeslav Mixayloviç Pyer Karden və digər məşhur modelyerlərlə yaxından dostluq edirdi. Ona görə də bu adamla ünsiyyətdə olmağın özü böyük şeydir. Sizin sualınıza gəldikdə isə deyim ki, Zaysevin məktəbində oxumaq mənim üçüncü gözümü açdı. Ola bilsin, bu gülməli səslənir, ancaq Moskvada aldığım biliyi başqa sözlərlə ifadə etməyim çətindir. Zaysevin məktəbində təhsil cəmi bir il çəkdi, ancaq keyfiyyətinə və hərtərəfliliyinə görə, bunu 10 illik təhsillə müqayisə eləmək olar. Aldığım biliklərin sayəsində mən öz peşəmə başqa gözlə baxmağa başladım. 

Yeri gəlmişkən, deyim ki, böyük modelyerdən aldığım dərsləri mən öz 3 aylıq moda tədrisi məktəbimdə də keçirəm. Əlbəttə, mən məktəbimdəki təhsili bir ilə qədər artırmaq istərdim, ancaq hər şeyin öz zamanı var. Zaysevin məktəbinin üstünlüyü ondaydı ki, hər həftə bizə məşhur rusiyalı dizaynerlər, modelyer və kutyurlar gəlirdilər, master-klasslar təşkil edirdilər. Təsəvvürünüzə gətirin, onların arasında bir vaxtlar Zaysevin məktəbində oxuyanlar da vardı. Hər bir dizayner öz yolunu göstərir, ideya və kəşflərindən, uğurlarının sirrlərindən bəhs edirdilər. Belə insanlarla ünsiyyət, istənilən kitabdan daha üstündür. Əlbəttə, nəzəriyyə vacibdir, ancaq dizayner üçün praktika əvəzsizdir. Boş yerə demirlər ki, nəzəri bilikləri təcrübədə həyata keçirə bilməyəcəksənsə, onun nə mənası var?! Yuxarıda dediyim master-klassların sayəsində mən bir çox tanınmış dizaynerlə tanış oldum, onlar arasında indiyədək dostluq elədiklərim var. Məhz bunun sayəsində mən lazım olan təcrübəni qazandım və öz profilimin sərhədlərini genişləndirdim. Ona görə də master-klassların keçirilməsi mənim moda məktəbimdə əsas prinsiplərdən biridir. Qeyd edim ki, mən Zaysev məktəbini müvəffəqiyyətlə bitirən yeganə azərbaycanlı qızam, bu tədrisin sayəsində mən  çox güclü kolleksiya təqdim edə bildim (gülür). Məni hətta Soçidəki moda həftəsinə dəvət etdilər, bundan sonra mənim karyeram yüksəlişə keçdi.
 


- Azərbaycana qayıtdıqdan sonra nəylə məşğul olurdunuz? 

- Gördüyüm ilk iş özümün feşn-studiyamı açmaq oldu, burada paltarlar və dizayn işləri tikilirdi. Taleyin ironiyasından mən öz yaradıcılığımdan da qopmalı oldum, turizmdən tutmuş, siğortaya qədər müxtəlif sferalarda işlədim. Sonra isə yenidən dizayn işinə qayıtdım, brend-menecer oldum. Bu yola çıxandan sonra isə qərara gəldim ki, şəxsi qalereyamı, ocağımı, öz dünyamı, hücrəmi ortaya çıxarım. Mən onu transformer qalereyası adlandırıram, axı orda nə keçirdiyimizdən asılı olaraq, məkan transformasiyaya uğrayır. Burada hər cür tematikada sərgilər, master-klasslar və kurslar keçirilir.

- Sərgi salonunuzun dizayneri elə siz özünüzsünüz? 

- Bəli! "Natəvan” dizayn qalereyası da mənə məxsusdur. Burada mən özümü interyer dizayneri kimi də yoxlamışam. 
 


- Qalereya sizə öz müəllif layihələrinizi gerçəkləşdirməyə imkan verirmi, onun açılışından sonra yaradıcılığınızda nələrsə dəyişibmi? 

- Birmənalı! Mən özümü tapdım. Dərs keçmək xoşuma gəlir, istəyənlərə öz təcrübəmi bölüşmək, öyrənmək, inkişaf etmək ürəyimcədir. Elə insanlar var, biliklərini paylaşmağı sevmirlər. Mənsə tamam başqa kateqoriyaya aid olan mütəxəssislərdənəm, o insanlardan ki, yeni informasiyanın başqasını əvəz etmək üçün olduğunu hesab edirlər. Səndə olan informasiyanı mütləq bölüşmək lazımdır ki, yeni biliklər üçün yer aça biləsən. Bu bizdə özünü təsdiqə və inkişafa töhvə verir. 

- Siz dəfələrlə qeyd etmisiniz ki, öz işlərinizdə milli motivlərdən yararlanırsınız. Sizcə belə sintez avropalılar üçün niyə maraqlıdır? 

- Avropa publikası elə biliklidir ki, onları təəccübləndirmək olduqca çətindir. Gəlin tarixə nəzər salaq. Məsələn, İngiltərənin, Fransanın nə qədər müstəmləkələrinin çoxluğunu nəzərə alsaq, aydın olur ki, avropalılar hər zaman Şərqə cəlb edən nələrsə olub. Heç kimə sirr deyil ki, gözəllik Avropaya Şərqdən gəlib. Boş yerə demirlər ki, Şərq incə işdir. Ona görə də elə bugünkü gün də avropalıları Asiya, Şimali Afrika özünə cəlb edir. 

Biz öz milli geyimizin tarixini bilməliyik, ona görə ki, avropalılara heç vaxt görmədikləri maraqlı bir şey təqdim edək. Avropalılara bəsit şey göstərə bilməzsən. Uşaqlıqdan milli geyimlərimizi sevdiyimdən, illər keçdikdən, dizayn üzrə oxumağa başladıqdan sonra, mən daim milli Azərbaycan koloritindəki geyimlərə uyğun kolleksiyalar yaratmağa başladım. Nəsə maraqlı, orijinal şeylər yaratmaq üçün mən milli motivlərdən yararlanmaq istəyirdim. Yaş artdıqca mən dərk eləməyə başladım ki, nə yenilik varsa, unudulan köhnədir. Bizdən tələb olunan zəngin irsdən yararlanmaqdır. 
 


- Siz məhz buna görə, köhnə paltarların kolleksiyasıyla da məşğul olursunuz? 

- Bəli, bu mənə işimdə kömək edir. Mən təkcə paltarların, bəzəklərin və aksessuarların kolleksiyası ilə deyil, həmçinin bərpası ilə də məşğul oluram. Kostyumlardan başqa, mən köhnə bəzəklərin, aksessuarların, mis qabların kolleksiyası ilə də məşğul olram. Ancaq bu gün əsas üstünlüyü aksessuarlara verirəm, xüsusilə daraq sumkalarına, bəzəklərə, sikkələrə və s. 

- Azərbaycan cəmiyyətində paltar dizaynına tələb nə qədər böyükdür? O, yeniliklərə, dəyişikliklərə hazırdırmı? 

- İndi artıq bəli. Əvvəllərsə çox ağrılı qarşılayırdılar, hətta süngüylə. Bizim cəmiyyətimiz inkişaf edir və bu çox sevindirici haldır. İnsanlar dəbli geyinməyi, müxtəlif obrazlarda olmağı, dizayner işləri, ekskuliziv geyimlər geyməyi xoşlayırlar. Bizim həmvətənlərimiz arasında elələri də var ki, istəyirlər bir geyimdən sadəcə onların özündə olsun (gülür). Bizdə getdikcə daha tez-tez moda nümayişləri keçirilir. Bu doğrudan da pozitiv dəyişiklik, irəliyə addımdır. Dizaynerlərdən ekskuliziv paltarlar alan mağaza və butiklər açılır. Vacib olan prosesin başlamasıdır! 
 


- Bəs modadan başqa hansı məşğuliyyətləriniz olur? 

- Mütaliəni sevirəm. Məsələn, bizim bir çox suallarımıza cavabların  olduğu fəlsəfə və psixologiyaya dair kitabları. Bu həm də mənim bugünü tədris fəaliyyətimlə də uyğun gəlir. Axı hər bir pedaqoq ilk növbədə yaxşı psixoloq olmalıdır, bu ona tələbələrlə lazım olan səviyyədə ünsiyyət qurmağa, qarşılıqlı anlayışa, biliklərin lazımi qaydada ötürülməsinə imkan verir. Psixologiyanı bilmək tədris prosesinə çox yaxşı təkan verir, hər bir tələbəyə xüsusi yanaşa bilirsən. 
 


- Belə çıxır ki, bugün siz tamamilə tədrisə aludə olmusunuz? 

- Bəli! Bu proses çox xoşuma gəlir. Baxmayaraq ki, bu gün mənim tədris kursum cəmi 3 ay çəkir, amma gələcəkdə müddəti artımağı, diplomalar təqdim etməyi, peşəkar səviyyəyə yüksəlməyi və s. düşünürəm. Ümumi layihələr gerçəkləşdirmək istəyənlər olsa, mən buna şad olaram. Məncə, gələcəkdə həmfikirlərim çoxalacaq və iş daha da inkişaf edəcək. Axı hər bir uğurlu dizayner özünün ixtisaslaşmış məktəbini açmaq istəyir ki, biliklərini tələbələrlə bölüşsün. 

Yeri gəlmişkən, bu gün belə kurslar ancaq bizdədir ki, insanlara moda-dizaynı öyrədilir. Ola bilsin ki, bu müsahibə də öyrənmək istəyən çoxları üçün stimul olacaq. Çox tez-tez insanlara öz ideyalarım barədə danışmışam, elələri olub bu ideyalardan öz yaradıcılıqlarında yaralanıb və bu ideyaları özününkü adlandırıb. Ancaq bu məni narahat etmir, əksinə sevindiri ki, bu üsulla olsa belə mən həmkarlarıma ilham verə bilirəm. Məhz bunun sayəsində də mənə yeni-yeni ideyalar gəlir, daha maraqlı və orijinalları (gülür). 
 
 

- Gələcək barədə planlarınız... 

- İşləmək, işləmək və yenə işləmək. 

- Natəvan maraqlı müsahibəyə görə sizə təşəkkür edirik. Biz sizə yeni layihələr, yaradıcı uğurlar və tükənməz ilham arzulayırıq. 

- Təşəkkür!

(Fotoların müəllifi Mir-Sadıq Hüseynovdur)
 
 






www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM