NATO-nun "gizli əlləri": sirrli "Stay Behind" şəbəkəsi - DOSYE

11:00 | 13.08.2015
NATO-nun

NATO-nun "gizli əlləri": sirrli "Stay Behind" şəbəkəsi - DOSYE

Şahin Qocayev

(I yazı)

Qlobal anlamda dünyanın yenidən şəkilləndirilməsi, dünya ölkələrinin strateji beyin mərkəzlərinə infiltrasiya, ələ keçirmə, ölkələr daxilində paralel dövlətlər yaratmaq və s. kimi əməliyyatlar bir mərkəzə xidmət etsə də, çoxşaxəli şəbəkələr vasitəsilə gerçəkləşdirilir. Yenidən şəkilləndirilmə imperiyaların dağılması və ya yenidən qurulması fonunda, yəni böyük müharibələrə aparan yolda baş verir. Dünya təhlükəsizlik sisteminin dağılması vəziyyətində biz bunu açıq-aşkar müşahidə etməkdəyik.

II Dünya müharibəsi və ondan sonrakı dövr ərzində "geridə qalanlar” (Stay-behind), yəni mümkün bir müharibə zamanı düşmən arxasında qalaraq təxribat və casusluq aparan şəbəkələr formalaşdırıldı. Formalaşdırılan Stay-behind şəbəkələri nədir? Qoruyucu qalxan yoxsa ölkələr daxilində paralel dövlətlər?

Hazırda Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) daxil olan ölkələrdə sol təşkilatlanmalara qarşı istifadə edilən qeyri-qanuni, silahlı `Stay-behind` şəbəkələri, bir ölkənin başqa bir ölkə tərəfindən işğal edilmə təhlükəsinə qarşı yerləşdikləri ölkə daxilində gizli təşkilatlanmalar yaradaraq fəaliyyət göstərməkdədir. Silahlı və təlim görmüş könüllü ehtiyatın yaradılması, təbliğat, təxribat, əhali arasında müqavimət hissi gücləndirmək, baş verəcək hər hansı bir qəfil hücum zamanı hərbi əməliyyatlara dəstək, qaçırma, mühüm şəxslərin ortadan qaldırılması və üsyana dəstək onun fəaliyyətlərinin əsas istiqamətini təşkil edirdi.

Əgər ehtimal edilən düşmən işğalı reallaşardısa, aparılan hazırlıqlar yerli müqavimətin təşkili üçün istifadə edilməli və düşmən xətləri arxasında casus fəaliyyəti aparılmalı idi. Stay-behind şəbəkələri kiçik miqyaslı əməliyyatlarla yanaşı, bütün ölkəni əhatə edən əməliyyatlar da planlaşdırıb.

Bir çox mənbələr Stay-behind şəbəkələrinin Soyuq Müharibə dövründə, SSRİ-nin işğal təhlükəsinə qarşı yaradıldığını bildirir. Lakin araşdırmalar göstərir ki, hələ II Dünya müharibəsi zamanı `Stay-behind` əməliyyatları əhəmiyyətli bir şəkildə tətbiq edilib. Belə ki, II Dünya müharibəsi zamanı bir çox ölkələrdə bu şəbəkələrin qurulması üçün planlaşdırmalar aparılıb. Xüsusilə Böyük Britaniyada `Auxiliary Units` və Üçüncü Reyxdə `Werwolf` kimi təşkilatlanmalar bu planların qüvvəyə çıxarılmasında mühüm rol oynayıb.

`Auxiliary Units` olaraq tanınan və polkovnik Kolin Gubbinsin rəhbərlik etdiyi bu təşkilat 10 may 1940-cı ildə Birləşmiş Krallığın baş naziri Uinston Çörçil tərəfindən Britaniya Müqaviməti Təşkilatının bir hissəsi kimi yaradıldıb. "GHQ Home Forces”a cavab olaraq, yerli "Home Guard”ın çərçivəsində təşkil edilib. Məlumata görə, təşkilat yalnız 1944-cü ildə buraxılıb. Üzvlərindən bir neçəsi sonradan Xüsusi Hava Qüvvələrinə qatılaraq, 1944-cü ilin sonlarında Fransada fəaliyyət göstərib. Bununla belə, Britaniya adalarına Üçüncü Reyx tərəfindən gözlənilən müdaxiləyə qarşı yaradılan bu təşkilat, daha sonra partizan müharibəsi mövzusunda daha da professional olan Xüsusi Əməliyyatlar İdarəsinə yol açdı.

Uinston Çörçil tərəfindən müqavimət hərəkatına yardım, Berlin-Roma-Tokio oxu tərəfindən işğal olunan Avropada düşmən ərazisində keçirilən təxribat əməliyyatlarını həyata keçirmək və hərəkat fəaliyyətini koordinasiya etmək üçün 1940-cı ildə Xüsusi Əməliyyatlar İdarəsi (SOE) yaradıldı. Təsadüfi deyil ki, daha sonra yenidən komplektləşdirilən Stay-behind şəbəkələri daxilində keçmiş SOE əməkdaşlarının təcrübə və iştirakından da istifadə edilib. Müharibə başa çatdıqdan sonra SOE-nin fəaliyyəti dayandırılsa da, təşkilat Avropanın müxtəlif ölkələrində müqavimət şəbəkəsinin yaradılmasında məsuliyyət daşıyaraq, 50-ci illərin əvvəllərində yeni yaradılan təşkilatların nüvəsi kimi başqa adlar altında bərpa edilib.

23 avqust 1939-cu ildə Üçüncü Reyx və SSRİ arasında bağlanan Molotov-Ribbentrop paktında Finlandiya üzərində rus maraqlarının tanınması İsveçi gözlənilən Sovet işğalına qarşı hərəkətə keçməyə məcbur etdi. İlkin olaraq Finlandiyaya hücum edən Sovet qüvvələrinə qarşı mübarizə aparmaq üçün 5-ci (xizək) batalyondan İsveç qvardiyası yaradıldı. Lakin, 22 iyun 1941-cı ildə Üçüncü Reyxin gözlənilmədən SSRİ-yə hücum etməsi, müttəfiq qüvvələrin yerlərini tezliklə dəyişməsinə səbəb oldu.

Təsadüfi deyil ki, 1940-cı illərin əvvəllərində Berlin-Roma-Tokio oxu tərəfindən işğal edilən SSRİ ərazilərində partizanlar Stay-behind qüvvələri ilə birgə fəaliyyət göstərirdilər.
 

Con M. Kolins "Hərbi Coğrafiya” adlı kitabında bildirir: "Pripyat bataqlığı qısa bir müddət sonra Mərkəzi Alman Orduları Alayı və Şimal Ordu Alayları arasında böyük bir uçurum yaratdı... İyun 1941-ci ildə, böyük hərbi birləşmələr üçün qarşılıqlı dəstək əməliyyatları aparmaq qeyri-mümkün idi. Yan keçidlərlə fəaliyyətlər belə geniş bataqlıq sahələrində təhlükəli olduğunu sübut etdi və üstünlük gətirmədi. Çünki Sovet Stay-behind qüvvələri və partizanları maddi-texniki bölmələrin üzərinə atıldı və qısa bir müddət ərzində alman öncü əsgərləri yox edildi”.

Stay-behind qüvvələrinin Sovet-Fin müharibəsi zamanı partizan qüvvələrlə birgə itirakı və Finlandiyada xüsusi əməliyyatlar keçirməsi məlumdur. Effekli təsirlə qısa bir müddət ərzində almanlar üzərində əhəmiyyətli qələbələri təmin edən bu bölmələr Finlandiyada da bir çox əməliyyatlar aparıb.

Henry A. Gill "Üç Bayraq Altında Əsgər: Xüsusi Qüvvələrinin kapitanı Larry A. Törn əməliyatı”adlı kitabında bildirir: "...Törni təxminən 1942-ci ilin iyulundan dekabr ayına qədər piyada kəşfiyyat tağım rəhbəri olaraq hərəkətə keçdi. Bu müddət ərzində, həm Finlandiya, həm də Sovet qoşunları I Dünya Müharibəsindəki kimi statik müdafiəyə oxşar səngər müharibəsinə keçdi... Finlər tezliklə arxa sahələrdə fəaliyyət göstərən Sovet qüvvələri tərəfindən ciddi əngəlləndi və təcavüzə məruz qaldılar. Bu birliklərin bəziləri Sovetlər geri çəkilərkən Stay-behind və ya partizan birlikləri kimi fəaliyyətdə qalmışdılar. Digərləri isə finlərə qarşı kəşfiyyat əməliyyatları aparmaq üçün xətləri keçən Sovet xizək patrulları idi. Nəhayət Fin xətlərinin arxasında təxribat əməliyyatları aparmaq üçün paraşutçu xüsusi Sovet bölmələri vardı”.

Britaniyanın nasist işğalına qarşı SSRİ ilə məcburi olaraq birgə mübarizə aparması almanlar tərəfindən ələ keçirilən ərazilərdə (istər Avropada, istərsə də SSRİ-də), o cümlədən elə Böyük Britaniyanın özündə Stay-behind şəbəkələrinin yaradılmasına gətirib çıxardı. İlk öncə Üçüncü Reyxə qarşı istifadə edilən bu casus, partizan qüvvələri ( II Dünya Müharibəsi başa çatdıqdan sonra casuslar şəbəkəsi Şərqi Avropada nasistlər tərəfindən buraxıldı və Gehlen Təşkilatı tərəfindən idarə edildi) sonralar, daha da təkminləşdirilərək SSRİ-nin işğal təhlükəsinə qarşı çevrildi.

Hərbləşdirilən Stay-behind şəbəkələri gizli bir şəkildə (yəni fəaliyyətdə olduğu ölkə parlamentinin icazəsi olmadan) Soyuq Müharibə zamanı Avropada NATO-nun (NATO-ya daxil olmayan İsveçrədə P-26) antikommunist fəaliyyətinə dəstək, Varşava Paktı ölkələrinin işğalına qarşı və ya həmin ölkələrdə olan kommunist partiyalarının hərbi yolu ilə deyil, siyasi bir yolla demokratik şəkildə seçilməsi vəziyyətində aktiv hərbi əməliyyatların keçirilməsi üçün daha da formalaşdırıldı.

Martin Pakarta görə, artıq məaliyyələşən və silahlanan bu şəbəkələr "gizli müqavimət göstərmək, sui-qəsdçilik, siyasi təxribat və dezinformasiya üzrə” təlim gördülər. Beləliklə, II Dünya Müharibəsi zamanı yalnız görünüşdə müttəfiq olan bu geosiyasi qüvvələr arasındakı "birlik” tezliklə dağıldı. Bir vaxtlar Biritaniya ilə birgə istifadə olunan Stay-behind qüvvələri daha sonra elə SSRİ-nin özünə tuşlandı.

II Dünya müharibəsi zamanı düşmən arxasında fəaliyyəti ilə güclü təsir yaradan Stay-behind, Soyuq Müharibə zamanı SSRİ-nin işğal təhlükəsinə qarşı daha da komplektləşdirildi. Şəbəkələrin yenidən komplektləşdirilməsi ideası nasist tərəfdarı olan və ya faşist hökümətlərinin qurulduğu ölkələrə (Norveç, Fransa ve İtalya) qarşı II Dünya Müharibəsi zamanı fəaliyyət göstərən İqtisadi Müharibə Naziriliyi təşkilatı (The Minister of Economic Warfare) və SOE-nin britaniyalı keçmiş əməkdaşları tərəfindən irəli sürülüb. İngilis ideası dərhal ABŞ tərəfindən məmuniyyətlə qarşılandı və eyni zamanda məxfiliyi qorumaq üçün ənənəvi hərbi təşkilatlardan kənar tutularaq, yəni NATO əmri xaricində saxlamaq üçün (təbii ki bu vəziyyət formalaşdırılan şəbəkələrin ilk illərinə aiddir-Q.Ş) qərar qəbul edildi. Beləliklə, Stay-Behind şəbəkəsi yenidən doğuldu.

Şəbəkənin SSRİ-ə qarşı çevrilməsi üçün bəhanə Stalinin Şərqi Avropa rəsmilərinin iclasında çıxış etdiyi bəyanat oldu.

"... hərbi üstünlük altında olan sülh düşərgəsi müvəqqətidir və yalnız 4-5 il davam edəcək. O vaxta qədər kommunist orduya Qərbi Avropanı kapitalistlərdən azad etmək və bir sosializm sahəsinə çevirmək üçün zaman lazımdır”.
(Stalin. Şərqi Avropa rəsmiləri ilə iclasından)

Nəticədə geniş bir şəbəkə halına çatdırılan bu qüvvələr yerləşdikləri hər bir ölkənin təhlükəsizlik xidmətlərindən geniş dəstək aldı. Qüvvələrin üzvləri əsasən mülki əhali daxilindən seçilərək xüsusi professionallıqla yetişdirilirdi. Hətta cəlb edilən şəxslər arasında II Dünya Müharibəsi zamanı anti-kommunist düşüncəli keçmiş faşist döyüşçülər də vardı.
Ümumiyyətlə yenidən komplektləşdirilən Stay-behind şəbəkələri iki istiqamətdə, ABŞ və Qərbi Avropa Birliyi (Treaty of Brussels) təhlükəsizlik qüvvələri arasında sistemləşdirilib. Soyuq müharibənin başlanğıcı, 1940-cı illərin sonlarında Qərbi Avropa Birliyi SSRİ işğalı ehtimalı ilə III Dünya Müharibəsinin başlayacağına inanırdı. Belə ki, yuxarıda göstərildiyi kimi, 1948-ci ildə Qərbi Avropa Birliyinə dair Gizli Komitə (CCWU) gizli anti-kommunist mübarizəni əlaqələndirmək üçün keçmiş faşistlərdən bir neçə təcrübəli əməkdaşları Avropanın gizli xidmətlərinə qəbul etdi.

24 oktyabr 1990-cı ildə İtaliya baş naziri Giulio Andreottini hədəfləyən Qladio skandalında özəl televiziya kanalı RTL-nin Qladionun keçmiş üzvləri haqqında hesabatı Alman ictimaiyyətini şoka saldı. Belə ki, hesabata görə, onlar ilk öncə Waffen-SS-in (Waffen-SS Üçüncü Reyxdə SS-in sonradan yaradılan iki hərbi qolundan bir idi- Q.Ş) ardınca alman Stay-behind şəbəkəsinin üzvləri olub. Hətta, Almaniya sərhədləri daxilində təxribatçı fəaliyyətlər planlaşdırılırdı.

"Almaniyada gizli bölmələr yaratmaq və gizli orduya [Stay behind birlikləri] malik olmaq üçün təlim keçmiş kişilərdə mükəmməl potensial var. Effektiv müqavimət ola bilər və təşkil edilməlidir”

Amerikan personalı Ümumi Strateji Konsepsiyaları başlıqlı sənəd (Conceptos Estratégicos Generales) 28 mart, 1949-cu il.



1949-cu ildə NATO-nun yaradılmasından sonra, CCWU NATO-a inteqrasiya edildi və 1951-ci ildə Gizli Planlaşdırma Komitəsi (CPC) adı altında fəaliyyət göstərməyə başladı. Təşkilata NATO-dan Fransanın rəsmi olaraq çıxmasından sonra (Fransız Stay-behind şəbəkəsi dağıdılmasından sonra təqib edilməyib) Belçikanın Mons şəhərinə köçürülən Avropa komandanlığı qərərgahı- SHAPE (Avropa Müttəfiq Qüvvələrinin Ali Qərargahları) tərəfindən nəzarət edilməli idi.

Avropada CPC ilə yanaşı ikinci bir idarəedici mərkəz də formalaşdırıldı. Belə ki, 1957-ci ildə Avropa Ali Müttəfiq Qüvvələr Komandirliyinin (SACEUR) əmriylə birbaşa SHAPE-ə cavab olaraq CİA və Mİ-6-nın himayəsi ilə kod adı `Qladio` olan Müttəfiqlərin Koordinasiya Komitəsi (ACC) yaradılıb. Bu hərbi struktur Qərbi Avropada gizli Stay-behind şəbəkləri üzərində nəzarəti amerikalılara verdi. Çünki Avropa Ali Müttəfiq Qüvvələr Komandirliyi ənənəvi olaraq Pentaqona məlumat bildirən Amerikan mərkəz idi.

Belçika, Hollandiya, Lüksemburq və Pireney yarımadasına britaniyalılar, qalan hissələrə isə amerikalılar nəzarət etməli idi. Ümumi Komitənin sədrliyi üzv olan ölkələr arasında "dəyişirdi”. ACC-nin vəzifəsi isə şəbəkələrin qabiliyyətini gücləndirmək, Britaniya və ABŞ-da bazaları təşkil etmək idi. Müharibə dövründə ACC Stay-behind əməliyyatlarını SHAPE ilə əməkdaşlıq çərçivəsində aparmağı planlaşdırırdı.

CİA-nın sabiq başçısı Vilyam Kolbiyə görə, bu "hərtərəfli proqram” idi. ACC həm NATO ölkələri, həm də neytral ölkələrdə fəaliyyət göstəririb. Bütün bunlara baxmayaraq, NATO Qərbi Avropada yerləşən qoşunlarının nüvə silahından istifadə etmədən, birbaşa müharibə ilə SSRİ-nin hücumunu dəf edə bilməyəcəklərindən yaxşı xəbərdar idi.

Təbii ki, bu kimi fəaliyyətlər ABŞ təhlükəsizlik orqanlarında da davam etdirilirdi. Fevral 1948-ci il Praqa zərbəsindən sonra, getdikcə istiləşən vəziyyətdə CİA şefi Allen Dulles hazırlıqlarını sistemləşdirməyə başladı. İyunun 18-də ABŞ Təhlükəsizlik Şurası Xüsusi Layihələr İdarəsidə gizli proqram yaratmaq üçün NSC 10/2 qətnaməsini qəbul etdi. Bu məxfi sənəd yalnız 50 il sonra açıqlandı.

Direktiv şəbəkə əməliyyatlarının planlaşdırılmasını, CİA İnzibati Bürosunun səlahiyyətləri çərçivəsində icra edilməsi üçün əlavə edir və yalnız müharibə dövründə dövlət ordu qərargahı ilə koordinasiyalı hərəkətini nəzərdə tuturdu. Büronun rəhbəri ABŞ Dövlət Katibliyi tərəfindən təyin olunmalı, öz növbəsində CİA direktoru tərəfindən tanınmalı və Milli Təhlükəsizlik Şurası tərəfindən vəzifəyə təsdiq edilməli idi. İlk öncə tam muxtariyyəti təmin edilən Büro birbaşa olaraq CİA-ya tabe edilmədi və leqal maliyyə resurslarından faydalana bildi.

Büro ilə CİA direktoru, ABŞ dövlət katibi və Müdafiə katibi arasında fikir ayrılığı yarandığı halda mübahisə yalnız Milli Təhlükəsizlik Şurası tərəfindən həll olunmalı idi. Lazımi olan bütün məlumatların ötürülməsi, onun məxfiliyini və varlığını qorumaq üçün Büro tərəfindən hər müvafiq orqana tanınmış əlaqələndirici zabiti təyin edilirdi.

Təşkilatın daxili şəbəkəsi, gizli memorandumu Büronun baş direktoru və CİA direktoru tərəfindən hazırlanıb və beş funksional qrupa bölünürdü:

- Psixoloji müharibə qrupu (Press, radio, şayiələr və s.)

- Siyasi müharibə qrupu (kommunist ölkələrdə müqavimət hərəkatlarına yardım, mühacirətdə olanlara yardım, azad ölkələrdə antikommunist hərəkatlara yardım, qaçanları təşviq və təhrik etmək)

- İqtisadi müharibə qrupu (əngəllər və maneələrə qarşı material və təchizatlar əldə etmək, bazar manipulyasiyası, qara bazar, valyutalar üzrə spekulyasiya, saxta pul və s.)

- Birbaşa profilaktik fəaliyyət qrupu (partizanlara yardım, təxribat, əkstəxribat, məhv etmək, infiltrasiya, ikili agentlər, Stay-behind)

- `Müxtəlif` qruplar.

Nəticədə ABŞ-la, Böyük Britaniya və onun müttəfiqləri arasında Vashinqtona öz ərazilərində hərəkət etmək icazəsi verən üçtərəfli razılaşmalar imzalandı. 1949-cu ildə müqavilələrin ilk hissəsi Belçika, Hollandiya, Lüksemburq, Fransa və Birləşmiş Krallığın çoxtərəfli sistemlərinə birləşdirildi.

NSC 10/2 qətnaməsi tərəfindən yaradılan Siyasəti Koordinasiya Ofisi (Office of Policy Coordination) isə 1951-ci ildə CİA idarəsinə birləşdirilərək onun fəaliyyət göstərən xidməti servislərindən birinə çevrildi. Düşmənin uğurlu işğal prosesinə qarşı CİA yaxşı silahlanmış mütəşəkkil müqavimət şəbəkələri qurmaq istəyirdi.

II Dünya müharibəsi təcrübəsindən yararlanan, düşmən ərazisində agentlərin təsadüfi paraşüt və infiltrasiya üsullarından istifadə edən OPC, işğaldan sonra tərəfdarlarının silahlandırılmasını istəmirdi. Almaniyanın işğal təhlükəsi ilə Böyük Britaniyada yerləşən yardımçı bölmələrin mümkün müdaxiləsindən sonra, müqavimət və təxribat imkanları olan "riskli” ölkələrin fəaliyyətə keçməsinə qərar verildi.

OPC direktoru Frank Visnerin rəhbərliyi altında keçirilən əməliyyatda, Üçüncü Reyxin keçmiş təhlükəsizlik qüvvələrinin bəzi veteranlarını öz ətrafında toplayan qrumlar arasında qarşıdurmalar ortaya çıxdı. O, birtaniyalılar tərəfindən verilən ideadan sonra, tezliklə Qərbi Avropada Stay-behind şəbəkəsinin yaradılması və Şərqi Avropada müqavimət şəbəkələrinin təşkil edilməsi üçün ABŞ Müdafiə Nazirliyi tərəfindən təlimatlandırıldı.

Visnerin məlumatına görə, Avropada qeyri-kommunist ittifaqlarının yaradılması (1947-1950), 1953-cü ildə İran prezidenti Məhəmməd Musəddiqin, Qvatemala prezidenti Jacobo Arbenzin (1954) aşırılmasını həyata keçirib. Çox da uğurlu olmayan əməliyyatlar isə Albaniya, Ukrayna, Polşa və Koreya ərazilərində aparılıb. Göründüyü kimi, OPC-nin caynaqları Avropa xaricində, hətta SSRİ-daxilində də hərəkət edib. 1958-ci ildə Riçard M. Bissell, Frank G. Visneri əvəz edib. Daha sonralar rəhbər şəxs kürsüsünə Riçard M. Helms, Desmond Frizgerald, Tomas H. Karamessines və Villiam E. Kolbi əyləşib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM