Naxçıvan Ordusu hərbi texnikasını üzə çıxardı

09:10 | 19.10.2017
Naxçıvan Ordusu hərbi texnikasını üzə çıxardı

Naxçıvan Ordusu hərbi texnikasını üzə çıxardı

Raket, artileriya kompleksləri, toplar, döyüş maşınları, hərbi aviasiya və ...

Naxçıvanda hərbi parad keçirilib. Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, parad ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibəti ilə baş tutub. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə iştirak ediblər. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev tədbirə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verib.

Hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun, birləşmə və hissələrinin 2 min nəfərə yaxın şəxsi heyəti, 160-dan çox hərbi texnika və silah sistemləri, o cümlədən 10-dan artıq döyüş vertolyotu və təyyarəsi iştirak edib. Hərbi paradı minlərlə muxtar respublika sakini izləyib. Əlahiddə Ümumqoşun Ordunun mexanikləşdirilmiş, motoatıcı, xüsusi təyinatlı, kəşfiyyat, dağ atıcı, tank, reaktiv artilleriya, hava hücumundan müdafiə və rabitə bölmələrinin, Daxili Qoşunların "Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki-müdafiə alayının şəxsi heyəti nizami addımlarla tribunanın önündən keçiblər.
Sonra hərbi texnikanın keçidi olub.

Əlahiddə Ümumqoşun Ordunun bayrağının ardınca üzərində tank əleyhinə idarə olunan "SPAYK” raket kompleksləri quraşdırılmış "Qred Vul” avtomobilləri, "Ştorm-3” Sofa maşını, "Kobra” yüngül zirehli transportyoru, iriçaplı pulemyot quraşdırılmış "Sandkat” avtomobilləri meydana daxil olub. Azərbaycanda istehsal olunan və beynəlxalq sərgilərdə böyük maraqla qarşılanan "Marauder” zirehli döyüş maşınları, "Orbiter-3B” pilotsuz uçuş aparatları tribuna önündən keçib. Sonra dağlıq ərazidə aparılan döyüşlərdə yüksək manevrliliyi ilə seçilən "Lançer” reaktiv artilleriya kompleksi, "Sani” minaatanları, avtomobillər üzərində quraşdırılmış müxtəlif markalı artilleriya qurğuları, tank əleyhinə "D-44” topu və "MT-12” topları, atəş dəqiqliyi və effektivliyinə malik "D-30” haubitsası, "D-20” və "M-46” top haubitsası, atəş uzaqlığı 35 kilometrə qədər olan "Qiasint-B” topları nümayiş olunub.

Hərbi paradda "BM-21 Qrad”, "Qrad-LAR”, "Sakarya”, "Qasırğa” yaylım atəşli reaktiv sistemləri, "Smerc” döyüş maşını, idarəetmə məsafəsi və məhvetmə imkanı artırılmış "OSA”, "S-125” zenit raket kompleksləri, zirehli transportyor "BTR-82A”, piyadaların döyüş maşınları 2 və 3, özüyeriyən tank əleyhinə "Xrizantema” kompleksi, müasir aşkaretmə, izləmə və atəşaparma cihazları ilə təchiz olunmuş "T-72 M1” və "T-90C” tankları, eləcə də "T-90C” tankı üzərində quraşdırılmış "TOS-1A” reaktiv sistemi və özüyeriyən artilleriya qurğusu "Qvozdika” keçidi davam etdirib. Əlahiddə Ümumqoşun Ordunun silahlanmasında olan silah və texnika kolonunu "ZQ-23-2” zenit qurğularının keçidi tamamlayıb.

"Mİ-17-1V” hərbi vertolyotu Azərbaycan bayrağını dalğalandırıb, "SU-25” döyüş təyyarələri, "Mİ-17-1V” və "Mİ-35M” vertolyotları müxtəlif döyüş düzülüşündə səmanı fəth ediblər. Bununla da hərbi parad başa çatıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM