Naxçıvanda "Arkoz Holdinq"ə məxsus fabrik və zavodlarda çalışan yüzlərlə fəhlə dünəndən etibarən tətilə başlayıb.
Bu haqda "Gündəlik Naxçıvan”a tətilə qoşulan fəhlələr məlumat verib.
Fəhlələr üç aydır maaşlarının verilməməsinə etiraz edirlər.
Onlar bildirirlər ki, problemlə bağlı rəhbərliyə dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.
"Əvvəl də maaşlarımız gecikib. Ancaq ilk dəfədir ki, 3 aydır maaşlarımızı ala bilmirik. Dəfələrlə rəhbərliyə şikayət etsək də, əhəmiyyət verən olmayıb. Nəhayət son çarə olaraq bütün işçilər sözü bir yerə qoyaraq işləməkdən imtina etdik. Maaşlarımız verilmədikcə işləməyəcəyik”.
Digər tətilçi Şahin Qurbanov deyir ki, tətili dayandırmaq üçün rəhbərlik onlara təzyiq edib, hədələyir:
"Bizi işdən çıxarmaqla, həbslə hədələyirlər. Öldürsələr də, maaşımızı almayınca işə çıxmayacağıq. Qabaqdan bayram gəlir, borc boğaza yığışıb. Uşaqların üzünə baxa bilmirik. Özləri milyonları talayıb, rahat evlərində oturublar. Biz bayrama bir kilo düyünü necə alacağımızın dərdini çəkirik”.
Fəhlələrin kütləvi tətil etməsini "Arkoz Holdinq”dən də təsdiq ediblər. Holdinqin adının çəkilməsini istəməyən əməkdaşı bildirib ki, rəhbərlik problemin tezliklə həll olunmasına çalışır:
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan "Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək "Arkoz Holdinq” olub. "Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda "Gəmiqaya Holdinq”in İdarə Heyətinin sədri olub.
Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm "Gəmiqaya”, həm də "Arkoz” adlı onlarla şirkət mövcuddur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !