Avrasiya İttifaqına qoşulan ölkələrdən Belarus və Qazaxıstanı çıxmaq şərti il digərlərinin də iqtisadi vəziyyəti yaxşı deyil. Ermənistan və Qırğızıstanda iqtisadi problemlər mövcuddur və bu iki dövlətin Avrasiya İttifaqında hansı güclə iştirak edəcəyi şübhələrə yol açır. Ümumiyyətlə, götürdükdə Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin iqtisadi göstəriciləri çox da yüksək deyil. Bəs bu təşkilat iqtisadi cəhətdən nəyə qadir olacaq?
Mövzunu Modern.az saytına politoloq Zərdüşt Əlizadə şərh edib. O bildirib ki, hər şey təşkilatın aparıcı dövləti olan Rusiyanın iqtisadiyyatından asılıdır. Ekspert hesab edir ki, Avrasiya İttifaqına üzv ölkələr Rusiya iqtisadiyyatına baxıb öz problemlərini proqnozlaşdırmalıdırlar.
"Gələn il Rusiya iqtisadiyyatının çökməsi gözlənilir. Bu, Avrasiya İttifaqının digər dövlətlərinə də təsirsiz ötüşməyəcək. Avrasiya İttifaqında Ermənistan, Qırğızıstan kimi kasıb ölkələr var. Ermənistan, Qırğızıstan ümid edir ki, Rusiya onların maliyyə yardımı edəcək, büdcələrinə vəsaitlər ötürəcək. Bu ümidlərin doğrulub-doğrulmayacağı Rusiyadan asılıdır. Lakin Rusiya iqtisadiyyatının yaxşılığa doğru dəyişilməsi gözlənilmir”,-deyə Zərdüşt Əlizadə söyləyib.
Politoloq Avropa ilə də münasibətləri normal olan Qazaxıstanın və Belarusun hansı zərurətdən Avrasiya İttifaqına üzv olmasını isə belə əsaslandırıb:
"Qazaxıstan həm iqtisadi, həm də təhlükəsizlik baxımından Rusiya ilə sıx bağlıdır. Rusiya Ukraynanın başına gətirdiyi oyunu istədiyi vaxt Qazaxıstan üçün də edə bilər. Bunu nəzərə alaraq, müdrik Nursultan Nazarbayev Rusiya ilə mehriban münasibətlər qurmağa çalışır. O, bunu öz xalqının və vətəni üçün edir. Qazaxıstan Avropa ölkələri, Çin və başqa dövlətlərlə də münasibətlərini qoruyub saxlayır. Lakin Nazarbayev bilir ki, bu gün Qazaxıstan üçün əsas təhlükə Rusiyadandır. Belarus prezidenti Aleksandr Lukaşenko da Rusiya təhlükəsini hesablayaraq, Avrasiya İttifaqına qoşulmağı qərara alıb. Lukaşenko və Nazarbayev Rusiyadan gələn ziyanı neytrallaşdırmaq istəyirlər”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !