"Su hövzələrində bioloji resursların artırılması istiqamətində son 10 ildə 5 milyarda yaxın balıq, o cümlədən nərə cinsli və qızıl balıq körpələri yetişdirilərək su hövzələrinə buraxılıb".
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov "Azərbaycan qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi - balanslaşdırılmış davamlı ekoloji inkişaf strategiyası" adlı məqaləsində bildirib.
Nazir xatırladıb ki, müasir Xıllı Nərə Balıqartırma zavodunda süni yetişdirilən 5 000-dən artıq müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlardan ibarət təmir-törədici fond yaradılıb: "Artıq burada Azərbaycanda ilk dəfə olaraq süni yetişdirilmiş ana balığı öldürmədən cərrahi əməliyyat vasitəsilə alınmış kürüdən balıq körpələri yetişdirilib. Bununla da dənizdəki ana balıq qıtlığından asılılıq getdikcə azalır".
O qeyd edib ki, meşəsalma və meşəbərpa tədbirlərinin ilbəil intensivləşdirilməsi hesabına son on ildə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçib və ölkə ərazisi üzrə 11,4 faizdən 11,8 faizədək artıb: "Son 10 il ərzində 103 min ha sahədə meşəbərpa işləri aparılıb və yeni meşələr salınıb, 100 milyon ağac əkilib. Yaşıllıqların artırılması sahəsində son 10 il ərzində meşə fonduna daxil olmayan ərazilərdə ETSN və digər təşkilatlar tərəfindən 20,5 milyon müxtəlif növ ağac və kol əkilib".
H.Bağırov vurğulayıb ki, hazırda ölkədə ümumi sahəsi 893 min ha olan xüsusi mühafizə edilən təbiət əraziləri, eləcə də 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir: "Qızılağac Dənizkənarı Milli Parkının və "Zaqatala-Balakən Biosfer Rezervatının" formalaşdırılması istiqamətində iş gedir və bu prosesin yekunlaşması ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin təxminən 13 faizini təşkil edəcək".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !