“Məmur və insan olaraq deyərdim ki, gənclər Suriyaya getməsinlər. Çünki onların orada həlak olması bizi üzür”.Bunu APA-ya açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. O bildirib ki, Suriyaya gedib həlak olan gənclər həyatlarını məhv edirlər: “Onlara şəhid statusunun verilməsi hər iki baxımdan alınmır. Şəhid statusu ya vətən, ya da din uğrunda öləndə verilir. Onlar Vətən uğrunda həlak olmurlar, çünki Suriyanın bizə heç bir aidiyyəti yoxdur. Dini tərəfdən də ona görə uyğun gəlmir ki, hər iki tərəf müsəlmandır. Oradakılar ya muzdla, ya da başqa fikirlə birləşib bir-birinə güllə atırlar. Bu narahatedici məqamdır”. İ.Babayev qeyd edib ki, Azərbaycan dini baxımdan həmişə çox tolerant olan ölkə olub: “Burada dindarlar üçün şərait var. İnsan normal şəkildə öz dini ibadətini həyata keçirir və eyni zamanda cəmiyyətin fəal üzvüdür. Yaranan təriqətlər bu ənənələri pozur. Gənclərin dini baxımdan radikallaşmasına, ifrata varmasına xidmət edir. Mən düşünürəm ki, aidiyyəti orqanlar hüquqi müstəvidə bununla məşğul olmalıdırlar. Onların gənclərin Azərbaycandan çıxıb o ölkəyə getdikləri xətlərin qarşısını almalıdırlar. Ümumiyyətlə, cəmiyyətin əsas vəzifəsi bu istiqamətdə maarifləndirici işləri gücləndirməkdir”. Nazir müavini əlavə edib ki, bu gün Suriyada gedib başqa ölkələrin siyasətinə xidmət etmək, onların maraqlarının qurbanı olmaq heç də yaxşı bir iş deyil: “Mən buna çox təəssüf edirəm. Azərbaycanın Qarabağ problemi var. Əgər bu gün canını qurban verməyə hazır olan oğullarımız varsa, onlar Azərbaycanda olmalı və hər an Ali Baş Komandanın əmrini gözləməlidirlər. Onlar burada lazımdırlar. Orada gedən gərginlik, vətəndaş qarşıdurması tamam başqa siyasətdir. Biz onun tərəfdarıyıq ki, Suriyada olan bütün problemlər dinc yolla həll olunsun. Gənclərimiz bu aldadıcı ideyalara qulaq asmasınlar”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !